Davudoğlunun erməni baş müşaviri Ərdoğanı tənqid etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlunun yeni təyin olunan baş müşaviri, milliyyətcə erməni olan Etyen Mahçupyan ölkə müxalifətini hədəfə alan açıqlamalar verib.

Modern.az saytının məlumatına görə baş müşavir “Axşam” qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin dünyəvilik ideyası ilə yaşayan siyasi çevrələri özlərini ölkənin əsl sahibi hesab edirlər. Türkiyə hökumətinin erməni rəsmisi hakim Ədalət və İnkişaf Partiyasının da (AKP) məsələnin bu yerə çatmasındakı rolundan danışaraq tənqid edib: “Rəcəb Tayyib Ərdoğanın dili, fikirləri onları bir az da qızışdırdı. Bu kəsim bir az da özünə qapandı. Belə bir məqamda onlar cəmiyyətə daha da yadlaşdılar. AKP özünün xaricindəki sosial təbəqə ilə əlaqə qurmayan bir partiya olduğu üçün onları öz başına buraxdı. Ərdoğanın üslubu dünyəvi kəsimin bəlli bir qrupu tərəfindən asanlıqla həzm edilə biləcək bir tərzdə deyil”.

Etyen Mahçupyanın qənaətinə görə, AKP bəzi məsələlərdə avtoritar addımlar atsa da, demokratik mövqeyini də ortaya qoyub: “AKP heç zaman nə demokrat olub, nə də avtoritar. AKP-yə opponentlik edənlər də demokrat olmalıdır. Hər iki tərəfdə demokratlar və avtoritarlar mövcuddur”.

Etyen Mahçupyan baş nazir Əhməd Davudoğlunun “Aqil İnsanlar” iclasında ona müşavirlik vəzifəsini təklif etməsini məmnunluqla qarşılayaraq bu posta təyin edilib. Yeni müşavir əvvəllər jurnalist kimi fəaliyyət göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar