MİKAYIL CABBAROVA VERDİYİ ƏMRİ GERİ OXUTDURDULAR- Nazirin islahat cəhdinin qarşısı alındı
Rayon təhsil şöbələrinin ləğvi və Regional Təhsil İdarələrinin yaradılması barədə qərarın təxirə salınmasının ilginc səbəbləri məlum oldu
2015-ci ilin yanvarın 1-dən Regional Təhsil İdarələrinin yaradılması barədə təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı əmrin təxirə salınmasının şok təfərrüatları ortaya çıxıb. Söhbət ölkədəki rayon təhsil şöbələrinin ləğvinin əvəzində müvafiq qurumların yaradılması barədə nazirin imzaladığı əmrdən gedir.
Qeyd edək ki, təhsil naziri ötən ay müəllimlərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə qərarın təxirə salınmasının səbəbi kimi maliyyələşmə probleminin olduğunu önə çəkmişdi. M. Cabbarov 16 oktyabr toplantısında bildirib ki, Milli Məclisə təqdim olunan gələn 2015-ci ilin dövlət büdcəsində Regional Təhsil idarələrinin yaradılması üçün müvafiq vəsait nəzərdə tutulmadığı üçün yeni sistemə keçid ertələnib. Odur ki, növbəti ildə də rayon təhsil şöbələri ənənəvi şəkildə fəaliyyətini davam etdirəcək. Hansı ki, cəmi bir ay öncə cənab Cabbarov təhsil şöbələrinə “yır-yığış” etməkdən ötrü 15 dekabra qədər vaxt vermişdi. Sözügedən məsələ gündəmə gələndən yerli şöbələrdə bir süstlük yaranmışdı və minlərlə təhsil işçisi işsiz qalacaqlarından dolayı dərin bədbinlik içindəydilər. Ancaq kimsə cəsarət edib işsizlik fəlakəti ilə bağlı perspektivə açıq etiraz etməyi xəyalına belə gətirmirdi. Həm də ümidlər sona qədər ölməmişdi və “şöbələr yəqin ki, tam ləğv olunmayacaq, heç olmasa 5-10 nəfərlik heyət saxlanılacaq” tipli gözləntilər də var idi. Ancaq təhsil naziri qəfil bəyan etdi ki, qərarın icrası təxirə salınır, özü də qeyri-müəyyən müddətə. Bu isə təhsil şöbələrində toy-bayram ovqatının yaranmasına səbəb olub.
Amma budur, qərarın icrası təxirə salındı. Təhsil nazirinin səbəb kimi maliyyələşməni göstərməsini bir sıra ekspertlər inandırıcı arqument saymır. Hesab olunur ki, maliyyə naziri Samir Şərifov prezident sərəncamı ilə icrası nəzərdə tutulan proqramı maliyyələşdirməkdən imtina edə bilməzdi. On illərdir fəaliyyət göstərən təhsil şöbələrinin yerinə qısa müddətdə Regional Təhsil Şöbələrinin yaradılmasının mümkün olmaması fikri də ciddi səbəb kimi qəbul edilmir. Bu barədə “Yeni Müsavat”ın əldə etdiyi bilgilər isə heyrətamizdir. Etibarlılığına heç bir şübhəmiz olmayan məlumatlı mənbənin bildirdiyinə görə, naziri əmrini geri oxutmağa rayon icra başçıları vadar edib! Konkretləşdirsək, hesab olunur ki, icra başçıları onların “təhsil bazarı”na ağır zərbə vurmağı planlaşdıran nazirin islahatlar istiqamətində çox ciddi bir addımı atmasına son anda imkan verməyib. Hətta rayon təhsil şöbəsinin müdirini təyin etməklə bu sektorun işinə müdaxilə edən icra hakimiyyəti başçıları sözsüz ki, məsələni sakit qarşılaya bilməzdi.
Xatırladaq ki, yeni sistemə keçidlə bağlı qərarın olduğu ərəfədə hətta hakimiyyətyönlü təhsil ekspertləri bu sərəncamın hökmən öz müsbət nəticəsini verəcəyini bildirirdilər. “Ona görə ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icra hakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur. Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdı və azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq”, - bunu sabiq deputat Şahlar Əsgərov demişdi. Hazırda 38 yaşı olan M.Cabbarovun ötən ilin aprelində təhsil naziri təyin olunmasına bir sıra müşahidəçilər fərqli yanaşırdı. Ancaq gənc nazirin təhsil sahəsindəki neqativlərə qarşı bir sıra hallarda cəsarətli mövqe nümayiş etdirməsi, “əvəzolunmaz” kadrları belə uzaqlaşdırıb yeni simaları təhsil sektoruna cəlb etməsi, həmçinin yerlərdə vətəndaşlarla açıq ünsiyyəti ilə diqqəti cəlb etməsi nazirə olan etimadın artmasına rəvac verdi. Onun təhsili icra başçılarının əsarətindən xilas layihəsi də pozitiv qarşılanırdı. Di gəl ki, proseslər əksinə cərəyan edir...
Görünən budur ki, indiki mərhələdə daş qayaya rast gəldi və “gənc islahatçı nazir” kimi tanınan, təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atmağı planlaşdıran M. Cabbarov rayon icra başçılarının müqaviməti nəticəsində müsbət addımını təxirə salmalı oldu. Ancaq nə vaxta kimi? Fakt budur ki, ortada prezident sərəncamı var və gec-tez məsələ həllini tapmalıdır.
Onu da qeyd edək ki, nazir keçdikdən sonra Təhsil Nazirliyinin Misir Mərdanovun dövrü itirdiyi bir çox mövqeləri geri alan, hətta ali məktəbləri də öz nəzarəti altına keçirməyə müvəffəq olan Mukayıl Cabbarov üçün bu, ilk ciddi uğursuzluq kimi qəbul edilə bilər. Hər halda nazirin Regional Təhsil İdarələrinin yaradılması barədə qərarnın icrasına imkan verilməməsi onun avtoritetinə müəyyən zərbə vuracaq. Eyni zamanda təhsil sahəsində son söz sahibinin heç də o olmadığını göstərmiş olacaq.
Rasim
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.