Azərbaycan NATO əməliyyatında

Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindəki (İSAF) fəaliyyətinin gələcəyi ilə bağlı açıqlama verib.

O, eunews.az-a müsahibəsində bildirib ki, ISAF-ın Əfqanıstandakı əməliyyatı bu ilin sonunda başa çatır. Azərbaycanın Əfqanıstanda olan qüvvələri transformasiya olunduqdan sonra NATO-nun Əfqanıstandakı post-2014 Qətiyyətli Dəstək (Resolute Support) əməliyyatında iştirak edəcək.

Yəni, Azərbaycan qüvvələri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatı bu ilin sonunda başa çatdıqdan sonra, növbəti ildən Qətiyyətli Dəstəkmissiyasının tərkibində Əfqanıstandakı mövcudluğunu davam etdirəcək.

Onun sözlərinə görə, bu missiyanın məqsədi birbaşa olaraq döyüş əməliyyatlarda iştirak etmək deyil, bu əməliyyatları həyata keçirəcək Əfqan qüvvələrinə təlim və məsləhət dəstəyi verməkdir. Bu əməliyyatda artıq 14 tərəfdaş dövlətin iştirakı təsdiqlənib.

Xəzər İbrahim söyləyib ki, NATO-nun Azərbaycan silahlı qüvvələrinin müasirləşdirilməsi proqramında iştirakı davam edir və genişlənir. Yeni layihələr var ki, biz onlara indi yiyələnirik, elələri də var ki, indi təklif olunurlar və biz onların bizim milli maraqlarımıza uyğunluğunu öyrənirik. Burada vacib məqamlardan biri odur ki, bəzi tərəfdaş ölkələr, onlara təklif olunan istənilən əməkdaşlıq proqramını normal qiymətləndirmə aparmadan qəbul edirlər. Bəlkə də onların belə bir qiymətləndirmə aparmağa ehtiyacları və ya çıxış yolları yoxdur. Azərbaycanın isə resurları da, maraqları da var. Müxtəlif dövlətlərlə hərbi və əlaqəli sahələrdə ikitərəfli əməkdaşlıqlarımız, müvafiq planlarımız və prioritetlərimiz var və biz onlara uyğun seçim etməliyik.

Diplomat NATO-nun Cənubi Qafqazda mövcudluğunun artmasının Azərbaycan üçün təsirindən də danışıb. O deyib ki, Cənubi Qafqaz ölkələrinin xarici siyasətini fərqləndirmək lazımdır. Gürcüstan üzv olmaq istəyir və bunu dəfələrlə deyib. Bu istiqamətdə konkret işlər görülür. Bunun hansı formada öz həllini tapması hələlik aydın deyil. Təbii ki, Gürcüstan üçün xüsusi paketin hazırlanması realdır. Bununla bağlı Uels sammitində təklif irəli sürüldü və bu, gözlənilən idi. Lakin üzvlüklə bağlı heç bir vəd verilmədi. Bu bir reallıqdır.

Onun sözlərinə görə, Ermənistan, bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu da tam başqa bir blokdur: "Azərbaycan heç bir bloka qoşulmur. Azərbaycan özünə güvənir və öz imkanlarını gücləndirir. Əgər hansısa dəyişiklik olsa, Gürcüstanın NATO ilə münasibətlərindən yenilik yaransa, bu Cənubi Qafqazın təhlükəsizlik konseptinə öz təsirini göstərə bilər. Lakin hazırda bu özü-özlüyündə dərin və geniş bir dəyişiklik vəd etmir."

O, Gürcüstanın - ərazi mübahisəsi olan bir ölkənin NATO-ya üzv olması nə qədər real-olub olmamasına da toxunub: "Bu baxımdan nə isə demək çətindir, çünki bu, NATO üzv dövlətlərinin qərarıdır və bu qərar siyasi xarakter də daşıya bilər. Prosedur baxımından hər şey çox bəsitdir. İstənilən dövlətin NATO-ya üzv olması üçün bütün üzv dövlətlər onun üzvlüyünə razılıq verməlidirlər. Bu qərara ərazi ilə bağlı mübahisənin təsir edib etməyəcəyini demək çətindir. Onu deyə bilərəm ki, son dövrlər Gürcüstanla bağlı müzakirələr onu göstərir ki, bu çox mürəkkəb məsələdir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar