Polkovnik generalı devirdi - FOTOLAR, VİDEO

Ölkədə xaos və dərəbəylik başlayıb

Bu günlərdə Fransanın keçmiş müstəmləkəsi olmuş Burkino Fasoda inqilab baş verdi. 17 milyon əhalisi olan ölkə ayağa qalxdı. Gündə 1 dollardan da az qazancı olan insanlar ölkənin altını üstünə çevirdilər. Qarışıqlığa formal səbəb sabiq prezident Kompaorenin 2015-ci ildə keçiriləcək prezident seçkisində təkrar namizəd olması üçün qanun layihəsini parlamentə təqdim etməsi olub.

27 il hakimiyyətdə olan prezident Blez Kompaore devrildi. Paytaxt Vaqaduquda başlayan hadisələr ordunun hakimiyyəti ələ alması ilə nəticələndi.

Ordunun Baş qərargah rəisi Honore Traore verdiyi açıqlamada 1 illik müvəqqəti hökumətin yaradılacağını, qanunlarda ciddi dəyişikliklər ediləcəyini bəyan edib.

Bu gün səhər saatlarında isə başqa bir hərbçi ölkədə yaranmış hakimiyyət boşluğunu aradan qaldırmaq üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Polkovnik Yakuba Zinda yerli milli TV-yə göndərdiyi müraciətdə belə deyib. Bununla da ölkədə faktiki ikihakimiyyətlilik yaranıb.

Polkovnik bildirib ki, biz ölkədəki bütün siyasi partiyalarla, vətəndaş cəmiyyətləri ilə əl-ələ verərək demokratiyaya ağrısız keçidi təmin edəcəyik: “Bu gündən etibarən dövlət başçısı kimi bütün məsuliyyət mənim üzərimdədir”.

Musavat.com-un məlumatına görə, “Al Jazeera” bildirir ki, polkovnikin bu bəyanatı Ordunun Baş qərargah rəisi Honore Traore verdiyi açıqlamadan bir neçə saat sonra meydana çıxıb.

General polkovnikin təşəbbüsünü qəbul edir, ya yox? Hələ ki, bəlli deyil.

Prezident Kompaore istefa verəndə demişdi ki, ölkədə 90 gün ərzində seçki keçirilməlidir. Ancaq polkovnik bildirib ki, bu məsələyə sonra baxılacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Amerika Burkino Fasonu demokratik prezident seçkiləri keçirməyə çağırır.

Ekspertlər hesab edirlər ki, Burkino Fasoda baş vermiş inqilab tezliklə digər Afrika ölkələrinə də sıçrayacaq.

Fransa diplomatları bildiriblər ki, 63 yaşlı sabiq prezident ölkənin cənubundakı Po şəhərinə tərəf hərəkət edib. Həmin şəhər isə Qanaya yaxındır. Prezident Fransadan hər hansı kömək istəməyib.

Burkino Fasoda Fransanın və ABŞ-ın çevik hərbi birləşmələri var. Onlar Qərbi Afrikada islamçılara qarşı mübarizədə iştirak edirlər.

BBC-nin məlumatına görə, hazırda paytaxt Vaqaduquda yenidən mitinqlər başlayıb. Ölkə əhalisinin yarıdan çoxu 25 yaşından aşağı olduğundan, gənclər mitinqlərdə xüsusi fəallıq göstərirlər. İndi isə tələb odur ki, Ordunun Baş qərargah rəisi Honore Traore dərhal istefa verməlidir. Çünki o, prezidentin ən yaxın adamlarından biri olub. Hələ ki, mitinqlər davam edir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar