İŞİD-ın sıralarında 16 min əcnəbi var - MKİ-nin hesablaması

Rusiyadan da 800 nəfərlik xüsusi dəstə İŞİD üçün vuruşur

“Agence France-Presse” Britaniyanın “The Guardian” qəzetinə istinadən bildirir ki, İŞİD təşkilatı öz sıralarına könüllüləri dəvət etmək üçün son dərəcə bacarıqla qurulmuş sistemə sahibdir. Beynəlxalq güclərin bütün cidd-cəhdinə baxmayaraq, onlar bu işi əla görürlər.

ABŞ-ın əlində olan hesablamalara görə, hər ay Suriya və İraqa İŞİD-ın sıralarına qoşulmaq üçün min nəfərdən çox əcnəbi gedir. Ekspertlər bildirirlər ki, bu təşkilata yeni qoşulanlar əvvəlkilərdən qəddarlığı ilə seçilir.

“The Guardian” yazır ki, əgər əvvəllər terrorçulara qoşulanlar daha çox humanitar yardım etmək eşqi ilə çöllərə düşürdülərsə, indi tamam başqa mənzərə ilə üzləşirik. İndiki radikallar elə düşünürlər ki, onlar gedib müqəddəs müharibədə döyüşsələr, şəhid olaraq əbədiyyətə qovuşacaqlar. İndi gedənlər nə vaxtsa geriyə dönəcəkləri barədə düşünmürlər də. Onların hədəfləri şəhid olmaqdır.

Qəzetin məlumatına görə, qeyri-müsəlman ölkəsi olan Rusiyadan gələn döyüşçülərin isə 800 nəfərlik öz qrupu var.

“Onlar idealist və fanatikdirlər. Necə ki, biz bir vaxt kommunizmə inanırdıq, onlar xilafətə inanırlar”, Beynəlxalq Sülh Naminə Karnegi Fondundan rusiyalı Aleksey Malaşenko deyib. O, həmçinin bildirib ki, ABŞ-ın hava zərbələri İŞİD-ə qoşulmaq istəyən könüllülərin qarşısını ala bilmədi.

Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) isə bildirib ki, hazırda İŞİD-ın sıralarında 16 minə yaxın əcnəbi döyüşçü var. Halbuki İŞİD sıralarında mart ayında cəmi 7 min nəfər əcnəbi vardı, iyulda isə onların sayı 12 mini ötdü. İndi isə hər ay azı min nəfər onlara qoşulur...

Maraqlıdır ki, İŞİD-ə qoşulan əcnəbilər əsasən Tunisdən gələnlərdir: 3 min nəfər. 2.500 nəfər isə Səudiyyə Ərəbistanından İŞİD-ə qoşulub. Maraqlıdır ki, Tunis kasıb, Səudiyyə isə çox varlı ərəb ölkəsidir.

Ekspertlər bildirirlər ki, İŞİD-in təbliğatında deyilir: “Ey müsəlmanlar, baxın, görün Qərb müsəlmanlara necə zülm edir”. Və bu kimi çağırışlar nəticəsiz qalmır. Elə 16 min nəfərə yaxın əcnəbinin bu qrupa qoşulması təbliğatın uğurundan xəbər verir.

Fransa araşdırıcıları isə müəyyən ediblər ki, artıq İŞİD-ın 3 min nəfər döyüşçüsü Liviyada hazır vəziyyətdədir.

Agentlik bildirir ki, İŞİD daha çox gəncləri öz əhatə dairəsinə almaq üçün təbliğat aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar