Azərbaycanda benzin ABŞ-dan baha satılır

Vüqar Bayramov: «Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir»

Son günlərin ən ciddi müzakirələrindən biri enerji daşıyıcılarının və benzinin qiymətlərinin qalxması barədə məlumatlardır. Artıq hökumət bu istiqamətdə addımlar atmaqda israrlıdır. Maraqlıdır, neft ixracatçısı olan ölkədə benzinin qiymətinin yüksəldilməsinin iqtisadi əsası varmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov mətbuata yaydığı açıqlamaya görə, neft ölkələrində benzinin qiymətinin yüksəlməsi əksər məqamlarda bazarın diqtəsi ilə baş vermir: «Bunun səbəbi sadədir: neft ölkələrində benzinin qiymətini heç də Nyu-York birjasında alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya dəyəri müəyyənləşdirilir.

İkincisi, benzin strateji məhsul olduğu üçün sənaye və aqrar sektorda xərclərin artması ilə yanaşı, digər istehlak məhsullarında da psixoloji qiymət artımlarına səbəb olur.

Nəhayət, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu dəyişikliyin fiskal təsirləri olduqca zəifdir. Bu səbəbdən yeni qiymət artımlarının iqtisadi bazası yoxdur».

V.Bayramov bildirir ki, Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir: «Benzinin pərakəndə qiymətində regionda yalnız Rusiyaya “uduzuruq”: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununa belə, ölkəmizdə müqayisə edilən bilen benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif edilən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, yenə bizdən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.

İkincisi, Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarda bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir.

Bundan əlavə, benzinin istehal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil».

İqtisadçıya görə, benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, indiki tariflər ilə yanacaq ucuz qiymətə satılmır: «Veneseulada benzinin 1 litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa da belə, Səduyyə Ərəbistanın da benzinin qiymətinin 16, Birləşmiş Ərəb Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün nəzərə almalıyıq».

V.Bayramov deyir ki, Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. «Çünki, benzinin qiymətinin müqayisəsi ilə yanaşı, benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri 2,15 dollara satılan Italiyada benzinin əhalinin illik gəlirində payı cəmi 1.65 faizdir. Və ya Fransa üçün uygun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərlərinin 2 faizindən aşağıdırsa o zaman bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki, bu göstərici Azərbaycan üçün 3,72 faizdir. Nəhayət, əgər Azərbaycan «Avro 2» standartlarına uyğun benzin təklif edirsə inkişaf etmiş ölkələr «Avro 5» standartlarına uyğun benzin satılır. Bu halda, hətta mövud keyfiyyətlər də qiymətlərin inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir.

Deməli, bu gün benzinin qiymətinin artırılması deyil, onun keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır».(Bizim Yol)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar