ABŞ-a QARŞI DAYANA BİLƏCƏK REAL GÜC LAZIMDIR! - "Rusiyanın şansı yoxdur, Çin bacara bilər..."

Böyük Britaniyanın ”The Guardian” qəzeti Rusiya ətrafında yaranmış durum, ABŞ-ın dünya ağalığı ilə bağlı maraqlı məqalə dərc edib. “Dünyaya ABŞ-a qarşı dayana biləcək real güc lazımdır” adlı məqalədə müəllif Şeyms Miln dünyanın müxtəlif bölgələrindəki münaqişələrə, genişmiqyaslı müharibələrə görə ABŞ-ı ittiham edir. Bu qənaətə gəlir ki, ABŞ-a qarşı dayana biləcək real güc lazımdır, lakin Rusiyanın belə bir şansı yoxdur. Amma Çin bu işi görə bilər. AzPolitika.info maraqlı təhlili məqalənin tərcüməsini təqdim edir.

“Terrorizmlə müharibə”nin mutant balası olan "İslam Dövləti" adlanan quruluşa qarşı mübarizə aparmaqla ABŞ İraq və Suriyaya növbəti müdaxilə həyata keçirir. Ukraynada Rusiyanın böyük köməyi sayəsində üsyançı müqavimət qüvvələri ilə Qərbin müdafiə etdiyi Kiyev hökuməti arasındakı müharibədə minlərlə həyata son qoyulub. Uzaq Şərqdə isə Çinlə ABŞ-ın yaxın müttəfiqi Yaponiya arasında gərginlik yaşanılır.

Nəhayət 13 illik fəlakətli işğaldan sonra Əfqanıstandakı hərbi əməliyyatlar sona çatdı. Lakin çox qəribədir ki, Əl-Qaidənin öz təsirini bütün dünyaya yaymasına baxmayaraq, Əfqanıstandakı koalisiya güclərinin hökumətləri oradakı missiyanın uğurlu olmasını bəyan edirlər. Bu illər ərzində Əfqanıstanda on milərlə dinc sakin həlak olub, amma ölkənin bir hissəsi yenə də taliblərin nəzarəti altındadır. Əfqanıstanda keçirilən seçkilər isə dələduzluğu və insanların qorxu şəraitində yaşayışını pərdələməklə məşğuldur. Hal-hazırda Yaxın Şərq müqayisəyə gəlməz böhran içərisindədir. Bunun belə olmasının əsas səbəbi ABŞ və digər Qərb ölkələrinin həmin bölgəyə daimi müdaxilə etmələridir. Qərb regionda “Ərəb baharı"na qədər də diktatorları dəstəkləyirdi və elə indi də onları dəstəkləyir. Əgər Yaxın Şərq burulğanı yeni dünya nizamı və ABŞ-ın hökmranlığından doğursa, Ukraynadakı hadisələr təkqütblü dünyaya qarşı çıxmaq istəyən Rusiyanın fəaliyyətlərindən irəli gəlib. NATO-nun illər ərzindəki irəliləyişinin yekunu kimi Amerika və Avropa “şahinlərinin” Ukraynanı Qərb düşərgəsinə tərəf çəkmələrinə qarşı Rusiyanın Krımı işğal etməsi və rusdilli Donbasdakı üsyan dərin böhrana səbəb oldu. Bunu nə qədər Kremlin təblğatı adlandırsalar da, əslində Ukraynada ABŞ və Avropa Birliyinin müdafiəsi nəticəsində, lap elə korrupsioner olmuş olsa da, hər halda seçilmiş prezidenti devirdilər. İndi Qərb ultra sağ qrupların da iştirak etdiyi hərbi əməliyyatları müdafiə edir. Eyni zamanda Rusiya ABŞ və Avropanın geniş sanksiyaları altındadır.

Bu yaxınlarda Soçidə keçirilən ”Valday” diskusiya klubunda Rusiya prezidenti Vladimir Putin heç vaxt olmadığı kimi ABŞ-ın müasir dünyadakı rolunu bərk tənqid atəşinə tutdu. Putinin fikrinə görə, ABŞ soyuq müharibədən sonra beynəlxalq hüquqa əhəmiyyət vermədən “birtərəfli diktat” və “qanunsuz müdaxilələrlə” dünyanı idarə etməyə cəhd göstərir. Nəticədə isə münaqişələr, qeyri-stabillik və İŞİD kimi qruplaşmaların baş qaldırmasının şahidi oluruq. Dünyadakı xeyli ölkə bu sözlərlə razılaşar. ”Valday” klubundakı çıxışında Putin xarici jurnalistlərə və alimlərə üzünü tutaraq bəyan edib ki, təkqütblü dünya “diktaturanın insanlar və ölkələr üzərində hökmranlıq”vasitəsinə çevrilib. Onun sözlərinə görə, yaranacaq çox qütblü dünya da böyük ehtimalla stabil olmayacaq. Putinin fikrinə görə, vəziyyətdən yeganə çıxış yolu yalnız qarşılıqlı hörmət və əməkdaşlıq əsasına dayanan beynəlxalq institutların yaradılmasıdır. Faktiki olaraq söhbət yeni qaydaların yaradılması ilə “qlobal anarxiyaya” yol açan qaydasızlıq arasında secim edilməsindən gedir. Sesiyada mən Putindən soruşdum ki, Rusiyanın Ukraynadakı hərəkətləri qaydaların dağılmasına onların reaksiyasıyla yanaşı, dünyanın qaydalarsız necə olacağına dair bir nümunənin də Moskva tərəfindən nümayış etdirilməsi deyilmi? Putinin cavabı belə oldu ki, bu belə deyil və Kosovo presedenti Krıma öz müqəddəratını təyin etmək hüququ verir. Ancaq Rusiyanın öz qoşunlarından istifadə etməklə Ukrayna hərbi birləşmələrinin qarşısını alması sualına gələndə isə Putin faktiki Moskvanın hərəkətlərinin ABŞ və onların müttəfiqlərinin son on il ərzindəki qanunsuz müdaxilələrinin, bombardmanlarının və gizli əməliyyatları ilə müqayisəyə gəlməz masştabda olduğunu da hər halda etiraf etmiş oldu.

Lakin hər necə olmasına baxmayaraq, Qərb düşərgəsinin Putinin dünya qaydalarının yeni sisteminin yaradılması çağırışına reaksiya verəcəyi ehtimalı xeyli azdır. Əslində isə ABŞ hətta soyuq müharibə dönəmində də qayda-qanunlara hörmətlə yanaşmırdı və gücü çatdığı məkanlara müdaxilə edirdi. Amma onlar gücə hörmətlə yanaşırdılar. Sovet İttifaqının dağılmasından sonra bu məhdudiyyət itib getdi. Yalnız Əfqanıstan, İraqdakı uğursuz müharibə və Qərbin Gürcüstan, Suriya və Ukraynaya müdaxiləsinə qarşı Rusiyanın təpki göstərməsi Amerikanın dayanmaq bilməz qüdrətinə müəyyən bir hədd gətirdi. Bu faktor Çinin yüksəlməsi ilə birlikdə dünyanın digər hissəsinə siyasi müstəqilliklərini müəyyən qədər genişləndirmək imkanı verdi. Əsasən bu Latın Amerikası ölkələrinə aiddir. Putinin oliqarxik milliyətçiliyi dünya ölkələrinə qətiyyən cazibədar görünməsə də, amma Rusiyanın Qərbin böyük üstün gücünə qarşı çıxmasını beynəlxalaq arenada alqışlayanlar da az deyil. Ona görə də Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası Rusiyanın Krıma müdaxiləsini qınayan BMT qətnaməsinin qəbul olunmasında bitərəf mövqe tutdular.

Moskvanın Amerikan hərbi qüdrətini cilovlaya bilmək imkanı xeyli məhduddur. Rusiya iqtisadiyyatı hədsiz dərəcədə neft və qazdan asılıdır. Onun investisiyası çatışmır və hələ üstəlik sanksiyalarla da qarşılaşıb. Qərbin qlobal masştabdakı gücünü məhdudlaşdırmağın öhdəsindən ehtimal ki, yalnız Çin gələ bilər. Ancaq yaxın zamalarda bu baş verməyəcək. Belə bir şaiyyə gəzir ki, Vladimir Putin ABŞ-ın vitse prezidenti Co Baydenə bildirib ki, Rusiyanın dünya liderliyi uğrunda mübarizə aparmağa yetərli qüvvəsi və imkanı yoxdur, ancaq buna baxmayaraq Moskvanın köməyi kimin dünya lideri olacağını müəyyənləşdirə bilər. Obama daima qeyd edir ki, ABŞ əvəzedilməz ölkədir və əminliklə söyləmək olar ki, onun yerini əvəzləyəcək istənilən güc daha radikal və daha çox təcavüzkarlığa meyl göstərən olacaq.

Amerikan elitası 1991-ci il SSRİ-nin dağılmasından sonra dünyada qazandıqları üstünlükləri və yaranmış vəziyyətin maksimal olaraq daha uzun müddətə sürməsini arzulayır. Çox qütblü dünyanın bütün yaxşı tərəflərinə baxmayaraq, geniş masştablı müharibələr də daxil olmaqla, təhlükəli münaqişələr böyük ehtimalla artacaq. Əgər bu münaqişələrin bizi tamamilə öz ağuşuna almasını istəmiriksə, Qərb qoşunlarının İraq və Əfqanıstandan çıxarılmasına böyük təkan verən ictimai təzyiq dalğasının gücü yaxın illərdə daha da böyüməlidir.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar