Pərtlik gətirən təbrik

9 oktyabr seçkisi Azərbaycan və ABŞ arasında ciddi bir çat yaradıb və bu çat getdikcə böyüyəcək

Nəhayət, 9 oktyabr seçkisindən təxminən bir ay sonra intizarla gözlənilən məktub Amerika Birləşmiş Ştatlarından gəldi. Məktubun mətninə baxdıqda, onu birmənalı olaraq “təbrik məktubu” adlandırmaq mümkün deyil. Mətndə bir sıra zəruri ifadələr, o cümlədən “prezident seçilməyiniz münasibəti ilə” ifadəsi yoxdur. Bu barədə bir az sonra yazarıq.

İndilikdə ondan bəhs edək ki, 9 oktyabr seçkilərinin nəticələrini hər cür inzibati və qanunsuz vasitələrdən istifadə edərək öz xeyrinə həll etmiş iqtidar düşərgəsi ABŞ-dan gələcək “təbrik”i həyəcanla gözləyirdi.

Müxalifət düşərgəsi isə əksinə, ABŞ-ın ATƏT-in uzunmüddətli müşahidə missiyasının hesabatına istinad edərək 9 oktyabr seçkisini “beynəlxalq standartlardan uzaq” saymasından və təbrikin gecikməsindən məmnun idi.

Bununla belə, istər müxalifətçilərdə, istərsə də müstəqil politoloq və yazarlarda belə bir illüziya yox idi ki, “Obamadan gələn təbrik məktubu” yerli-dibli olmayacaq.

Hamı bilirdi ki, əvvəl-axır belə bir mətn gələcək. Çünki ABŞ-la Azərbaycan nə qədər olmasa da müttəfiq sayılırlar və birgə layihələrə malikdirlər. Heç ola bilməz ki, dünya hegemonu həmişəki kimi nəticələnən seçkilərə görə öz mənafeyinə zərbə vuran qərarlar qəbul etsin, Şərqin qapısı sayılan bir ölkəylə düşmənə çevrilsin.

Bu xüsusda ABŞ-ın gücü sadəcə gözlənilən “təbrik”i gecikdirməyə çatardı və onu da sona qədər etdi. Əlbəttə, bundan da artıq gecikə bilməzdi. Sanki hər seçkinin bir ay müzakirə, təbriketmə möhləti var, o müddəti aşandan sonra gələn təbrikin önəmi olmaz.

Xatırladaq ki, İlham Əliyevin birinci seçkisində ABŞ-dan təbrik elə seçki gecəsi gəlmişdi. O zaman dövlət katibinin müavini olan Riçard Armitac bu vacib işi məhz özü görmüş, zəng etmişdi.

Bu dəfə isə belə oldu və bu, güman ki, daha çox “üçüncü müddət” amili ilə bağlıdır. Çünki dünyanın harasında olur-olsun, fəaliyyətdə olan prezidentin dalbadal üçüncü dəfə dövlət başçısı postuna iddia etməsi və onu ənənəvi üsullarla yenidən götürməsi avtortarizm, diktatura əlaməti sayılır, üstəlik, geriyə qapıların bağlanması anlamına gəlir. Aydın olur ki, bu şəxs bir daha heç vaxt demokratik seçki keçirməyəcək və hakimiyyəti başqasına verməyəcək.

Bu və digər səbəbdən özünü dünyada “demokratiya və insan haqlarının himayədarı” sayan ABŞ İlham Əliyevin ünvanına təbrik məktubu göndərməyə tələsmədi.

Politoloq Hikmət Hacızadə bunu haqlı olaraq “diplomatik sanksiyanın bir növü” adlandırmışdı.

Ancaq sanksiya və təzyiq də bir yerə qədər ola bilər. Budur, gözlənilən məktub gəlib və mətndə oxuyuruq: “Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm”.

Əslində isə məktubun ilk cümləsi belə olmalıydı: “Yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm”.

Fərqi görürsünüzmü? Hələ bundan başqa məktubun mətnində aşağıdakı kimi cümlələr yer alıb: “Biz Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik”.

Bu, onu göstərir ki, Azərbaycana göndərilən məktub diqqətlə hazırlanıb və redaktə edilib.

Məktubu göndərən dairənin mesajı bundan ibarətdir ki, seçkilərin nə cür keçirildiyini bilirlər, hakimiyyətin nə dərəcədə legitim olduğundan xəbərdardırlar, amma əməkdaşlıq etməkdən başqa əlac yoxdur, əməkdaşlıq edəcəklər, fəqət Azərbaycan tərəfi özünü düzəltməlidir.

Bu, əlbəttə ki, Azərbaycanda demokratiyaya vurulmuş zərbənin yarasını sağaltmır. Prinsipcə, seçkidə zorla uduzdurulmuş qüvvələr buna qane ola bilməzlər, ancaq başqa variant da yoxdur.

Sadəcə, bu məktub Azərbaycan iqtidarının “budur, ABŞ, Obama da bizi təbrik etdi” deyə təntənə sərgiləməsinə əsas vermir. Saray başbilənləri özlərini üzdə belə göstərsələr də, mühəqqəq, bu cür “təbrik”ə görə pərtlik hissi yaşayıblar.

Ancaq bu məktub bir məqamı da üzə çıxardı ki, 9 oktyabr seçkisi Azərbaycan və ABŞ arasında ciddi bir çat yaradıb və bu çat getdikcə böyüyəcək.

Xalid KAZIMLI(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar