“RƏSUL QULİYEV HEYDƏR ƏLİYEVLƏ OYUN OYNAMAQ İSTƏYİRDİ..." - Müsahibə (II HİSSƏ)

“Elçibəyi gecə yatanda öldürüb eyvandan atmaq planını quranlar olub”

Müsahibəyə çox çətinliklə razı salmaq mümkün oldu. “Mən heç nə və heç kim haqqında fikirlər söyləmək istəmirəm. Vaxtımı kitab oxumağa həsr etmişəm. Xahiş edirəm, məni işimdən ayırmayın. Bilmirəm, belə bir zamanda danışdıqlarım kimə lazımdır?!”. O, danışmamaqda israrlı idi, mən isə danışdırmaqda. Uzun sözün qısası, müsahibəmiz alındı. Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyevdir. Onun müsahibənin ikinci hissəsini təqdim edirik.

(Müsahibənin 1-ci hissəsinə aşağıda bax)

- Növbəti sualıma ola bilsin ki, bir neçə dəfə bəzi mətbu orqanlarda cavab vermisiz. “Əlincə” Cəmiyyətinin sədr müavini olduğunuz dövrə qayıtmaq istəyirəm. O dövrü necə xatırlayırsıniz?..

- “Əlincə” Cəmiyyəti bir tarixdir. Bu cəmiyyət Naxçıvanın çox ağır günündə yaranıb. Əvvəllər ətraflı danışdığıma görə təkrara yol vermək istəmirəm. O zamanlar burda Naxçıvandan raykom katibləri, akademiklər vardı. Ancaq bu cəmiyyət yarananda heç də naxçıvanlıların hamısı qabağa durmadılar. Ona görə də Heydər Əliyevlə birinci görüşdə (1992-ci il, iyulun 16-da) dedim: “Heydər Əliyeviç, hesab elədik ki, naxçıvanlılığın ləzzətini görənlər qabağa durarlar. Ancaq qabağa gəlmədilər”. Heydər Əliyev mənim bu sözümü tutaraq dedi: “Sən düz deyirsən, naxçıvanlılığın ən çox ləzzətini görənlər qabağa gəlməli idi”. Bu o demək idi ki, sən də naxçıvanlılığın ləzzətini görmüsən. Doğrudan da, məni Leninqrada oxumağa qardaşı Cəlal Əliyev göndərmişdi.

- Heydər Əliyev görün nə qədər hazırcavab insan imiş. Maraqlıdır, hansı yaddaqalan xatirələrinizi bölüşə bilərsiniz?

- Bilirsiniz, söhbət hazırcavablıqdan düşdüsə, Heydər Əliyevin Ziya Bünyadovla bir söhbətini həmişə xatırlayıram. Ziya müəllim söhbət zamanı keçmişdən yadında saxladığı hansısa bir narazılığını türklər demiş “söz konusu” etmək istədi. Bu zaman Heydər Əliyev belə cavab verdi: “Ziya, sən ki mənim dövrümdə akademik oldun”. Ziya müəllim təsdiq etdi. “Sən ki mənim dövrümdə institut direktoru oldun”. Ziya müəllim yenə təsdiq etdi. “Sən ki mənim dövrümdə dövlət mükafatı laureatı oldun. Mən istəməsəydim bunları sən ala bilərdin?!”. Ziya müəllim başını aşağı salıb “Siz düz deyirsiniz”, - cavabını verdi. Heydər Əliyev sözünə davam edərək dedi: “Mən səni də, dövləti də qorumalı idim”. Bu şəxsiyyətin hər bir adamın qabağında deməyə sözü var idi. Heydər Əliyevin hesabına raykom katibi olanların hərəsi bir tərəfə qaçdı. 300 min adamın Ermənistandan, 600 mindən artıq adamın Dağlıq Qarabağdan tökülüb Bakıya gəlməsi ilə bağlı həyəcan təbili çalıb deyirdim: “Neyləyək, 300 min adamın da Naxçıvandan qaçıb gəlmələrini gözləyək?! Bax, “Əlincə” Cəmiyyəti bu əsasda yarandı.

- Siz həm də Azərbaycan Xalq Cəbhəsinin o vaxt rəhbərlik etdiyi milli-azadlıq hərəkatında iştirak etmisiz. Elçibəylə görüşləriniz tez-tez olurdu?

- Xalq Cəbhəsi Azərbaycan tarixinin çox fəxarətli və qürurlu səhifəsidir. Universitetdə Xalq Cəbhəsinin üzvü, fakültədə isə yaradıcısı və sədri olmuşam. Bunu universitetdəki AXC fəallarının hamısı bilir. Murtuz Ələsgərovla orda tanış olmuşam. O, məclisin üzvü idi. Murtuz müəllim dəfələrlə fakültədə mühazirə oxuyub. Əbülfəz Elçibəyə gəlincə, onu deyə bilərəm ki, böyük qardaşımla Elçibəyin yaxın münasibəti vardı. “Əlincə” Cəmiyyətini yaradanda Elçibəyin evinə getdik. Mən Elçibəyin bibisi oğlu ilə yaxın idim. Münasibətimiz belə olub. Əvvəla, Elçibəy böyük türkçü idi. Azərbaycan tarixində qalan şəxsiyyətdir. Amma Elçibəy dövlət adamı, dövlət idarə edən adam deyildi. Ona görə də ətrafına onun qıçına balta vuranları yığdı. Elçibəyi gecə yatanda öldürüb eyvandan atmaq planını quranlar olub. Ətrafına yığdığı adamların hamısının gözü Elçibəyin yerində idi. Bunları nöqtə-vergülünə qədər bilirəm.

- Maraqlı məqama toxundunuz. Belə başa düşdüm ki, Elçibəyin ətrafında xəyanətkarlar da olub. Mənə çox maraqlıdır. Bu gün heç bir vəzifə sahibi deyilsiniz. Amma yenə də Heydər Əliyevçi olduğunuzu söyləyirsiniz. Bir şəxsə bu dərəcədə vurğun olmaq olarmı?

- Bilirsiniz, daban yalayanların millətə dəxli yoxdur. Əli Nağıyevin Azərbaycan sevgisi qanan adamların hamısına bəllidir. Bunu əməlimlə sübut etmişəm. Güllə qabağına gedib “Heydər Əliyev gəlməsə, Azərbaycan yoxdur” deyəndə və buna nail olanda bunu sübut etmişəm. Hesab edirəm ki, bundan sonra ən azı iki dəfə də İlham Əliyev seçilməli və Azərbaycana rəhbər olmalıdır. Bu gün Azərbaycanın problemlərini İlham Əliyevdən düzgün görən və təhlil edərək ən lazımlı qərarları qəbul edə bilən şəxsiyyət yalnız onu görürəm. Bizi narahat edən məsələ İlham Əliyevin təyin etdiyi bəzi məmurların yaratdığı problemlərdir, bu da xalq arasında narazılıq yaradır. Bunlardır bizi narahat edən. O yerə iddialı olanların səviyyəsi İlham Əliyevlə müqayisə olunmayacaq dərəcədə aşağıdır. Yaltaq, daban yalayan adamlar sabah İlham Əliyev olmasa, görün onun haqqında nələr deyəcəklər? Bir haşiyə çıxım. Bu gün “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülü alqışlayıram. Mütəllibov dedi və durdu. Bir dəfə sağa-sola çəkmədi. Amma Mütəllibov deyənlərin çoxu neçə sifətə girdilər. Hətta, bir çoxları bu gün də özlərini müxtəlif vəzifələrə dürtürlər. Bu gün məni öldürə bilərlər, amma Heydər Əliyev xəttindən döndərə bilməzlər. Çünki bu yol Azərbaycanın gözəl gələcəyinə aparır. İstənilən adama sübut edə bilərəm ki, Heydər Əliyev gəldi və bu milləti, bu xalqı ölümdən qurtardı. Heydər Əliyev gəlməsəydi, Azərbaycan yox idi.

(Növbəti sualıma Əli müəllim cavab vermək istəmirdi. “Bu insan haqqında danışmaq istəmirəm. Nə sual verin, nə də cavab verim”. Söhbət Milli Məclisin keçmiş sədri Rəsul Quliyevlə bağlı sualdan gedir. Çox israr etdikdən sonra, Əli müəllim çətinliklə də olsa sualıma cavab verdi).

- Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul olunmasında sizin rolunuzun olduğu söylənilir. Ən dolğun cavabı sizdən eşitmək istəyirəm.

- Onun o qədər şərəfsiz səhifələri var ki, onları açıb onun üzünə çırpsam, bilmirəm necə olar. Mən özümü onun səviyyəsinə endirmək istəmirəm. Siz israr etdiyinizə görə cavab verəcəm. Bu adam Heydər Əliyevlə oyun oynamaq istəyirdi. Deyirdi: “Bilirsiniz nə var, bir partiya yaratsam, bəzi adamlar mənim partiyama gələcək. Onlar sizin partiyaya gəlmək istəmirlər, mənim partiyama qoşulmaq istəyirlər”. O adamlar Anar Rzayev, Rüstəm İbrahimbəyov və Yusif Səmədoğlu idi. Bunu Heydər Əliyev camaatın qarşısında dedi. Baxın, bu adamın beyni pozulub, bu adama informasiya verənlər də onun kimi nadürüstdür. Heydər Əliyev dedi ki, Rəsul ona belə söz deyib. Heydər Əliyev sonra mənə tapşırıq verib dedi: “Axı, sən kimsən ki, camaat sənin dalınca gəlsin. Onun yanına get və partiyaya üzv olması üçün ərizə al!”. Mən zəng etdim, o yenə oyun oynamağa başladı: “Mənim YAP-a ərizə verməyim ucuz olur, sən bir nəfər göndər məndən müsahibə götürsün. Orda deyəcəyəm ki, YAP-a tərəfdaram”. Heydər Əliyevə deyəndən sonra Eldar Sabiroğlunu göndərdim. Rəsul Eldar Sabiroğluna müsahibə verdi, ancaq onu Heydər Əliyev bəyənmədi.

- Müsahibələrinizin birində tanınmış jurnalist Eynulla Fətullayev haqqında da danışmısız. Maraqlıdır, 19 yaşlı bir gəncin hədsiz dərəcədə intellektual biliyini necə müəyyən etmişdiniz? Eyni zamanda, Eynullanın YAP-a üzv olması necə baş vermişdi?

- Eynullanı 19 yaşında partiyaya gətirmişəm. Universitetdə müəllim idim, qarşımda gənclər əyləşirdi. Tətbiqi-riyaziyyat fakültəsində oxuyan gənclər çox savadlı olurdular. Eynulla az sayda intellektual gənclərdən biridir. Eynulla Zərdüşt Əlizadənin partiyasında olub. Mən bu cür adamın bizim partiyaya gəlmək istədiyini görəndə, düşündüm ki, bunu həyata keçirmək lazımdır. Onu partiyaya gətirib gənclərlə işi ona tapşırdım. Nazir olandan sonra Eynullanı özümə köməkçi, sonra isə bir pillə qaldırıb müşavir təyin etdim. Eynulla özü də bilir, mən Prezident Aparatı səviyyəsində xahiş etdim ki, bunu yanımdan aparıb daha vacib yerlərdə istifadə etsinlər. Sadəcə, o adamlar Əli Nağıyev deyillər, mən nə edim?! Hamı istəyir ki, əlinin altında başı qırxıq adamlar olsun. Böyük vəzifəyə ləyaqətsiz adamı qoymaqdan böyük xəyanət yoxdur, bu həm də dövlətə, millətə xəyanətdir. Çünki o tip insanlar heç vaxt istəməyəcəklər ki, yanında səviyyəli adamlar olsun. Həmişə istəyəcəklər ki, başı qırxıqlar, aftafa daşıyanlar əlinin altında olsun. Mənim yanımdan gedəndə Eynullanın 25-26 yaşı var idi. Bütün bunlar Eynullanın ağlına, savadına görə idi. Eynulla elə intellektual adam idi ki, onu çağırıb 5-6 tezis verirdim, 3 saatdan sonra ya rus, ya da Azərbaycan dilində 10 səhifəlik yazı hazır olurdu.

- Eynullanın başqa ideologiyaya xidməti olan adamlar tərəfindən öyrədilməsi mümkün ola bilərdimi?

- O cür intellektual adamlar çoxunun diqqətini cəlb edir. Onun özü də siyasi baxışlardan asılı olmayaraq insanlarla ünsiyyət qurmağa həvəsli idi. Yadımdadır, Mütəllibovun vaxtında Az.TV-nin rəhbəri Məmməd Muradı bir dəfə bir məsələ ilə bağlı yanıma gətirmişdi. Mən Heydər Əliyevə də məruzə elədim. Nə isə lazım olmadı.

- Adətən, insanın kənardan müşahidə etmək qabiliyyəti daha güclü olur. Maraqlıdır, bir siyasətçi kimi bugünkü Azərbaycan müxalifətini kənardan müşahidə edib necə dəyərləndirirsiniz?

- Müxalifətsiz demokratiya olmaz. Müxalifət də müxalifət xətrinə müxalifət olmamalıdır. Biz də müxalifət idik. İkinci tərəfdən müxalifət işləməyi bacarmalıdır. Müxalifətdə çox şey çatışmır. Həm yaxşı işləyəni, həm də liderləri çatışmır. Ən əsası odur ki, xətləri, mövqeləri aydın deyil. Bugünkü müxalifətin belə olmasının səbəbi bu problemlərdir.

- YAP-ın qurucularındansınız. Bu gün YAP-ın nüfuzlu adamları sizinlə əlaqə saxlayıb hal-əhval tuturlarmı?

- Əlaqə saxlayanlar olur, amma əlaqə saxlamayanlar da var.

- Cavabınız qısa olsa da, maraqlı alındı. Onlarla görüşdüyünüz vaxtlar olurmu?

- Bir az mənə yad sual oldu. Heç kimin dalınca getmirəm, heç kəslə də görüşmürəm. Bilirəm, sözünü ora gətirmək istəyirsən ki, “mən niyə bu gün evdə oturmuşam”. Mən Heydər Əliyevin müavini olmuşam. Heydər Əliyevdən başqa, bu dövlətdə, bu məmləkətdə bir adam mənə tapşırıq verə bilməyib. Bu gün hesab edirəm ki, bir nəfər istəsə, məni çağırıb iş verə bilər. O istəməsə, heç kim iş verə bilməz. Bunu bilirəm. Bu mövzu ilə bağlı heç kimə müraciət edən deyiləm. İkincisi, sənin danışığından xoşum gəlməsəydi, bu müsahibə alınmayacaqdı. Gördüm ki, sağlam fikirləşən adamsan. Bunu səndə tutmasaydım, bu görüş alınmayacaqdı.

- Təşəkkür edirəm. Hazırda heç bir işlə məşğul deyilsiniz. Sadəcə, kitablarla vaxt keçirirsiniz, darıxmırsınız?

- Bəlkə də darıxıb ölməməyimin bir səbəbi də yaxşı məşğuliyyətlərimin olmasıdır. Sözsüz ki, darıxıram. Ona görə yox ki, vəzifədən getmişəm. Sizə bir hadisə danışım. 2000-ci ildə indiki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dedim ki, nazir vəzifəsindən gedib deputat olmaq istəyirəm. Hamı dəhşətə gəldi ki, belə adam olmayıb. O zaman Heydər Əliyev məni çağırıb dedi: “Siruz Təbrizinin nazirliyini ləğv edəcəyəm, ona görə ona dedim ki, sən deputat ol. Sənin nazirliyin lazımlıdır, özün də işləyirsən. Sən nazirlikdə qal, o da bizə lazımdır”. Bunu özümü tərifləmək xatirinə demirəm. Mehdiabadda əlillər üçün saldığım kəndin açılışında Heydər Əliyev çıxış edərək camaatın qarşısında dedi: “Bu işləri çox nazirlər görə bilər. Onlar görmür, amma Əli Nağıyev görür”. Heydər Əliyev dəfələrlə mənim işlərimi təqdir edib.

- Kitab oxumaqdan başqa daha hansı məşğuliyyətləriniz var?

- Musiqiyə qulaq asıram, üzməyi sevirəm. Hər gün 500 metr üzürəm. Ayda bir-iki dəfə Azərbaycanın rayonlarına gedirəm. Düşünürəm ki, xarab adamla oturub vaxtımı niyə boş yerə xərcləməliyəm?! Kimlə oturursan, 10 dəqiqədən sonra bazar söhbətinə keçir. Ona görə də bu cür maraqlı məşğuliyyətlərlə vaxtımı keçirirəm. İşə gəlincə, yəqin ki, bir iş tapıb məşğul olaram.

- İki övladınız var, Allah saxlasın. Bəs, ailə ilə necə vaxt keçirirsiniz?

- Ailəmlə də normal vaxt keçirirəm. Qızım Moskvada yaşayır. Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtardıqdan sonra aspiranturada təhsilini davam etdirib, müdafiə edib, elmlər namizədidir. Universitetin Beynəlxalq hüquq fakültəsində müəllimədir. Oğlum da oranı bitirib. Burda kiçik reklam biznesi ilə məşğuldur. Ailəmdə cəmiyyətə ziyan verən adam yoxdur. Bu, hər şeydən yaxşıdır.

- Müəyyən vəzifələrdə çalışdığınız vaxtlarda uşaqlarınızın təhsil və tərbiyəsinə vaxt ayıra bilirdinizmi?

- Çox az məşğul olurdum. O işlərlə əsasən həyat yoldaşım məşğul olub. 1992-ci ildən gecə-gündüzüm olmayıb. Hətta Xalq Cəbhəsi dövründə hərəkata çox vurğun idim. Orda da vaxtım çox gedirdi. Qızım 1991-ci ildə orta məktəbə gedəndə siyasi proseslərlə çox ciddi məşğul idim. 1992-ci ilə qədər uşaqlara vaxt ayıra bilirdim. 1992-ci ildən sonra isə vaxt olmadı. Səhər nazirliyə gəlib axşam 8-9-da çıxıb partiyaya gedirdim. Gecə saat 12-də evə gedirdim. Deputat olduğum müddətdə ildə 4 dəfə Strasburqa getməli olurdum. Bundan başqa, komitələrin iclası olurdu. Universitetdə kafedra müdiri idim. Həftədə bir dəfə kafedraya gedirdim. Hər gün 15-16 saat işləyirdim.

I HİSSƏ

“Artur Rəsizadənin yanında Misir Mərdanovla çox kəskin söhbətim olmuşdu”

Müsahibəyə çox çətinliklə razı salmaq mümkün oldu. “Mən heç nə və heç kim haqqında fikirlər söyləmək istəmirəm. Vaxtımı kitab oxumağa həsr etmişəm. Xahiş edirəm, məni işimdən ayırmayın. Bilmirəm, belə bir zamanda danışdıqlarım kimə lazımdır?!”. O, danışmamaqda israrlı idi, mən isə danışdırmaqda. Uzun sözün qısası, müsahibəmiz alındı. Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyevdir.

- Əli müəllim, 2004-cü ildə Milli Məclisdə təhsillə bağlı çıxış edərkən həyəcan təbili çalmışdınız. Maraqlıdır, 10 ildən sonra Azərbaycanın təhsil sistemində nə dəyişib?

- Bir var görkəm, bir də var məna.

Zahiri pak və gözəl,

batinində uyuyur şeytanlar.

Mən gözəllərdə gözəl ruh ararım

Ruhu düşgünləri çirkin sanarım.

Allah Cavidə rəhmət eləsin! Təbii ki, təhsildə görkəmlə çox şey dəyişib. Fikir verin, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Mənaca isə daha da pisləşib. Sübut: Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir. Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır. Çünki nazirdən başlamış tələbəyə qədər hamı bilir ki, 150 balla daxil olan tələbə ən azı texniki yönümlü fakültələrdə ali təhsil proqramını mənimsəyə bilməz. O fakültələrdəki ali riyaziyyat kursu birinci kursdan keçirilir. Deməli, nazirdən tələbəyə qədər bütün sistem saxtakarlıqla məşğuldur. 10 il bundan qabaq Milli Məclisin kürsüsündən Dağlıq Qarabağ məsələsini Azərbaycanın təhsil sistemi ilə müqayisə edərək dedim:

“Ay qardaşlar, təhsil yaman gündədir. Dağlıq Qarabağ Azərbaycan üçün nə dərcədə ağır problemdirsə, bu gün Azərbaycanın təhsili də elə bir vəziyyətdədir”. Sonra əlavə etmişdim: “Zəngəzur, Dərbənd, Borçalı və Dərələyəz getdi nə olduqsa, Dağlıq Qarabağ da gedəndə ondan olacağıq. Ancaq təhsil gedəndə millət naxır, sürü olur”.

Bu fikrimi Misir Mərdanov belə ifadə etdi: “Bu millətə bir Jirinovski sürü deyib, bir də Əli Nağiyev”. Təbii ki, bu nağıldır.

Hər kim nə miqdar isə, əhlin eylər ol miqdari söz.

Bəs bunlara nə deyirsən.

Sabir deyib:

Qurd isə, şaqal isə biyabanda olardı

Şəhr içrə bu heyvanlarına şükür xudaya.

Cavid isə deyib:

Ol kəs ki elmdən məhrum cəhl ilə fanatikdir

demə insan ol nadana ki bir heyvanı natiqdir.

Nə şərə aşina, nə ülfə danadır ol nabina

Ona bir yaxşı palanla bir əfsər layiqdir

Bəs, Hadi nə deyirdi:

Dağa dersəm eşidər sonra verər əks-səda

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Bunlar milləti millət eləyən kişilərdir. Bu gün kim deyə bilər ki, mən bunlardan uca kişiyəm və milləti onlardan çox sevirəm. Üstündən illər keçdi və Jirinovski Azərbaycana gəlib yuxarı başa keçdi. Hətta üz-gözündən də öpdülər. Nə isə. Təhsil millətin keyfiyyəti deməkdir.Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, o birisi də bomba atıb bütün nəsli qırır. Başqa birisi də avtobusu yolun əks istiqamətinə çıxararaq insanları ağuşuna alır. Daha nələr, nələr... Bəs bunlar cahillik deyilsə, nədir?! Nəsimi babamız deyir ki, həyat tərzi, heyvanın həyat tərzindən fərqli deyil. Deməli, təhsil insanlığın vacib faktorudur.

Nizami deyirdi:

Məna dalınca yürü, bilik başın tacıdır.

Bil ki, qanan bir düşman, qanmaz dostdan yaxşıdır.

Bu gün Azərbaycanda baş verən yol qəzaları, intihar halları, cinayət faktları - millətin təhsili yuxarı olsaydı, ən azı 50 faiz aşağı olardı. Bu cür halların baş verməsi birbaşa təhsillə bağlıdır. Yeni-yeni məktəblərin tikilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çox işlər görür. Amma gərək təhsil sahəsində çalışanlar da bu işləri davam etdirsinlər.

Yəni təhsil bəzəkli siniflərlə, kompüterlə, yaxşı stollarla əmələ gəlmir. Ən yaxın təcrübə: Azərbaycanda hamının tanıdığı və yaxın keçmişdə yaşamış elm, ədəbiyyat və mədəniyyətimizin ən görkəmli simaları şam işığında, dizlərinin üstündə yazıb- oxuyublar. Erməniyə qalib gəlmək üçün hansı ordu konsepsiyası varsa, təhsili təhsil etmək üçün ən azı o cür konsepsiya olmalıdır. Təhsil nazirinin bu gün “onu çıxarıb bunu qoyduq” deməsi ilə, nə qədər saxta diplom satılıb aşkar etməsi ilə - guya ki, qanuni verilən diplomların keyfiyyəti çoxmu yüksəkdir?- təhsil problemini həll etmək mümkün deyil. Təhsil olmasa nə ordu, nə də millət olar. Təhsilə elə-belə baxmaq olmaz. “Filankəsov gəldi təhsili düzəldəcək”. Bununla iş bitmir.

Mehriban xanımın 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri təyin olunmasını çox bəyəndim. Əla! Bu iş nöqtə-vergülünə qədər düz gedəcək və heç yerdə pozuntu olmayacaq. Mehriban xanıma prezidentdən başqa kimin haqqı çatar ki, nəsə bir tapşırıq versin. Deməli, təhsilə də birbaşa prezident başçılıq etməlidir. Ona görə də təhsil naziri birinci proqram qurmalıdır. Sonra gedib prezidentə təhsili yarımcan vəziyyətdən qurtarmaq üçün 1, 3, 5, hətta 10-cu tədbirin nədən ibarət olacağını da məruzə etməlidir. Bu işlər görülsə, 3 ildən sonra nə baş verəcək, 5 ildən sonra hansı nəticəni əldə edəcəyik? O zaman təhsili yarımcan vəziyyətdən normal Avropa təhsili səviyyəsinə yüksəltmək olar. Ən əsası prezidentdən razılıq almalıdır ki, prezidentdən başqa heç kim təhsil işinə müdaxilə edə bilməz. Bunun üçün ən azı 10 il vaxt lazım gələcək. Təbii ki, əgər təhsilə dediyim münasibət olarsa.

- 1994-cü ildə Milli Məclisdəki çıxışınızdan sonra Misir Mərdanovla sizin aranızda şəxsi konfliktlərin olduğu söylənilirdi. Bu, nə dərəcədə doğru idi?

- Bu, insanların təhsilə dayaz və ucuz münasibətidir. Misir Mərdanovu tənqid edə bilərəm. Çünki o tənqidə hər zaman yer verib. Bu gün isə lazım deyil. Əgər Misir Mərdanov qəbul etsə, deyərəm: “Misir Mərdanov mənim dostumdur”. Çünki mənim boynumda Misirin çox haqqı var. Hansı xahişi etmişəmsə, Misir “baş üstə” deyib. Allah mənə imkan versin ki, onun mənə elədiyi yaxşılıqlardan birinin qarşılığını edə bilim. Misirə şəxsi münasibətim belədir. Amma təhsil sisteminin Azərbaycana vurduğu zərbə ermənilərin Azərbaycana vurduğu zərbədən az deyil. Bunu qətiyyətlə deyirəm. Etirazım buna idi.

Əmək və əhalinin sosial müdafiəsi naziri idim. Hər il yarmarkalar keçirirdim. Bəzi bölgələrdə və Bakıda əmək birjaları yaratmışdım. Bunların vasitəsilə əmək bazarını təhlil edirdim. Araşdırırdım: Niyə azərbaycanlılar işsizdir, bunun səbəbi nədir axı?! Görürdüm ki, ciblər doludur, qırmızı diplomludur, amma qafası boşdur. Eyni zamanda, universitetdə kafedra müdiri idim. Kimlərin necə diplom aldığını da bilirdim. Həmin əmək yarmarkalarına xarici şirkətlər 700-800 dollar məvacibi olan iş yerləri çıxarırdılar. Azərbaycanlılar işə düzəlmək üçün müraciət edəndə bəlli olurdu ki, nə kompüteri, nə mühasibatı, nə də ingilis dilini bilirlər. Azərbaycanlıların işsizliyinin bir səbəbi də bu idi. Mənim də borcum idi hökumətə xəbər verim ki, “ay qardaş, ay bacı, belə olmaz”. Artur Rəsizadənin yanında bu məsələ ilə bağlı Misir Mərdanovla çox kəskin söhbətim olmuşdu. Mən bu sözü Milli Məclisin tribunasında da demişdim.

- Bu yaxınlarda Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Bakıya gəldi. Uzun illərin siyasətçisi kimi Jirinovskini necə xarakterizə edə bilərsiniz?

-Jirinovskini çoxdan tanıyıram. 1996-2000-ci illərdə Strasburqda deputat qrupunun tərkibində iştirak etmişəm. Orda Jirinovskiyə yaxınlaşıb demişdim: “Siz ki, şərqşünassınız, türkoloqsunuz. Necə ola bilər ki, siz bu problemləri bilməyəsiniz?! Hər zaman Azərbaycan haqqında tamamilə əks mövqedən çıxış edirsiniz”. Mənə belə cavab vermişdi: “Siz ki, mənə heç nə vermirsiniz”.

Mən də səhəri gün Veliçkonun kitablarını aparıb ona verdim. Strasburqda da ona kloun kimi baxırdılar. O çıxışa başlayan kimi yerlərdən səslər gəlirdi: “Kloun danışmağa başladı”. Bilirsiniz, Rusiyanın Azərbaycana münasibətini Putin müəyyən edir, Jirinovski yox.

- Dağlıq Qarabağ məsələsinin həllinin uzanmasında Rusiyanın rolunun olması sirr deyil. Maraqlıdır, bu məsələnin həll oluna bilməməsində başqa hansı detallar var?

- Yenə səmimi cavab verəcəm. Dağlıq Qarabağ məsələsinin həlli çox çətindir. Ədalət naminə demək lazımdır ki, bu gün prezident İlham Əliyev bu məsələnin çözülməsi üçün nə mümkündürsə, hamısını edir. Ancaq məsələ nə vaxt öz həllini tapacaq? Güman edirəm ki, bunu heç kim deyə bilməz. Bir tərəfdən də dünyada gedən proseslər, yaranan presedentlər Azərbaycanın xeyrinə işləmir. Hamı istəyir ki, Dağlıq Qarabağ məsələsi tez həll olunsun. Ancaq “Qarabağ bizimdir” deməklə Qarabağ bizim olmur. Məgər Qarabağ probleminin yaranmasında ən böyük günahkar olan Əbdürrəhman Vəzirov demirdi ki, Qarabağ bizim deyil?! Hanı Vəzirov? Eləcə də başqaları. Qarabağ məsələsini həll etmək üçün Azərbaycan prezidentinin gördüyü işlərdə ona real dəstək olmaq, vətəndaş qeyrəti göstərmək lazımdır.

- Heydər Əliyevlə uzun müddət bir yerdə çalışmısız. Onun Dağlıq Qarabağ məsələsinə münasibəti haqqında nə deyə bilərsiniz?

- Mənim Heydər Əliyevlə bu məsələ ilə əlaqədar bir saatdan artıq ikilikdə söhbətimiz olmuşdu. 1998-ci ildə, o vaxtkı gənclər və idman naziri Əbülfəz Qarayev Zuğulbadakı Gənclər Pansionatında nazirliyin yerli rəhbərləri ilə müşavirə çağırmışdı. Bir neçə dövlət qurumunun rəhbərini, o cümlədən məni də müşavirədə çıxış etmək üçün dəvət etmişdilər. Oradakı çıxışım zamanı Dağlıq Qarabağ məsələsinə toxunaraq demişdim: “Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar millətə yalan danışmaq lazım deyil. Millətə izah etmək lazımdır ki, məsələ çox çətindir. Bəlkə də 30 ildən sonra öz həllini tapa bilər”. Orada iştirak edən dövlət məmurlarından biri - adını çəkmək istəmirəm - məni Heydər Əliyevə sataraq demişdi: “Əli Nağıyev deyir ki, Heydər Əliyev Dağlıq Qarabağ məsələsini həll edə bilməyəcək”.

Həmin çıxışdan sonra Heydər Əliyev məni yanına çağırıb dedi: “Nə bəyanatlar verirsən?”. Nə baş verdiyini soruşdum. Dedi: “Nə demisən, gənclərin toplantısında?”. Cavab verdim ki, sizə yönəldilən ədalətsiz iddiaların qabağına keçmişəm. Gərək filankəs kimi - Allah rəhmətinə gedib deyə adını çəkmək istəmirəm - deyərdim ki, Heydər Əliyev Qarabağ məsələsini gələn il həll edəcək. Siz gələn il Qarabağ məsələsini həll edə biləcəksiniz?!”.

Bu sözdən sonra çox səmimi şəraitdə 1 saatdan artıq bu məsələ ilə əlaqədar söhbətimiz oldu. Mən bu məsələ ilə əlaqədar öz baxışlarımı söylədim. Ata Buşla Qorbaçovun Maltada gəmidəki görüşlərindən başlayaraq və bir-bir Krım, Dnestryanı, Abxaziya, Osetiya və Qarabağ haqqında öz qənaətlərimi məruzə elədim. Sonuna qədər qulaq asandan sonra çox detalları ilə bu məsələ barəsində öz fikirlərini mənə dedi. Hesab edirəm ki, İlham Əliyevin bu məsələ ilə bağlı bu gün yeritdiyi siyasət Heydər Əliyev siyasətinin davamıdır.

- Digər bir məqama toxunmaq istəyirəm. Siruz Təbrizlinin YAP-ın yaranması prosesində iştirakı ilə bağlı nə deyə bilərsiniz?

- Siruz Təbrizi ilə ilk dəfə yaş senzi mitinqlərində tanış olmuşam. Yaş senzi mitinqləri haqqında danışmayacam. Bunları növbəti söhbətimizə saxlayaq. Ancaq həmin 13 günlük mitinqlərin bir gününü Siruz Təbrizi aparıb. Siruz Təbrizini ora Nemət Pənahov dəvət etmişdi. Ondan sonra Siruz Təbrizi ilə heç bir əlaqəm olmadı. Yaş senzi mitinqlərindən sonra partiya yaratmaq ideyasını gündəliyə gətirib fəaliyyətə başlayanda (bu proseslə əlaqədar keçmiş müsahiəbələrimdə ətraflı danışmışam) 1991-ci il iyul ayının 21-də 2-ci dəfə Heydər Əliyevin yanına Naxçıvana gedəndə (1-ci dəfə iyul ayının 16-da getmişdik, görüşün mövzusu Heydər Əliyev partiyasının yaradılmsı idi) Heydər Əliyev mənə dedi ki, “Bakıya qayıdandan sonra Siruz Təbrizi ilə görüşərsən”. Siruz Təbrizi də bu məsələ ilə əlaqədar ayın 18-də mənim yanıma gəlmişdi. Biz bir-birimizdən asılı olmayaraq Heydər Əliyevə müraciət etmişdik. Mən Bakıya qayıdandan sonra iyul ayının 22-də Siruz Təbriziyə zəng edib görüşdüm və YAP-ın yaradılması üçün birgə fəaliyyətə başladıq. Siruz Təbrizinin YAP-ın yaradılmasındakı xidmətlərini qətiyyən unutmaq olmaz. Həmçinin, partiyaya YAP adının verilməsi Suriz Təbrizinin təklifidir.

- Bəs, Ziyafət Əsgərovun “Əlincə” Cəmiyyətində hər hansı fəaliyyəti olubmu?

- Ziyafət Əsgərovu universitetdən, Murtuz Ələsgərovun kafedrasından tanıyıram. O, Murtuz müəllimin kafedrasında müəllim işləyirdi. Onun naxçıvanlı olduğunu bilmirdim. 1990-cı ildə “Əlincə” Cəmiyyəti yarananda Murtuz müəllim naxçıvanlıların əksəriyyəti kimi cəmiyyətin iclaslarına gəlirdi. Ancaq Ziyafət Əsgərovun 1995-ci ildə Murtuz müəllimin kadrı kimi deputat seçilməsini bilirəm. O vaxtlar da Ziyafət Əsgərovun partiyada aktiv fəaliyyəti yox idi. Ola bilər, nə vaxtsa universitetdə partiyanın üzvlüyünə keçib. Amma mən Ziyafət Əsgərovu bu gün Azərbaycanı yüksək səviyyədə təmsil etməyə layiq bir ziyalı, bir hüquqşünas kimi bəyənirəm və dövlətdə tutduğu mövqeyini də müdafiə edirəm. Amma 1995-ci ilə qədər olan tarixdə Ziyafət Əsgərov yoxdur.

Namidə BİNGÖL

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar