Azərbaycan və İran sərhədçiləri danışıq aparırlar- Sərhəd hələ də bağlıdır

Noyabrın 8-də Naxçıvanda Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində Azərbaycan və İran sərhədçiləri arasında görüş olub. Görüşdə son günlər İran tərəfinin Azərbaycanla sərhədləri bağlaması müzakirə olunub.

Naxçıvandakı mənbələrdən Turan-a bəlli olub ki, aparılan müzakirələr müsbət məcrada olub və sərhədçilər bu gün də müzakirələri davam etdirəcəklər. İran tərəfinin sərhədi yaxın günlərdə açacağı gözlənilir.

Görüşlə bağlı Azərbaycan və İran tərəfi rəsmi məlumat yaymayıb.

Noyabrın 5-də ə Naxçıvan Şərur rayonunun Dəmirçi kəndinin ərazisində Araz çayında sahilbərkitmə işləri aparan traktora İran ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Güllələr tarktora dəyib, sürücü atəşdən qoruna bilib.

Sərhədçilər hadisə yerinə baxış keçiriblər və İran tərəfinə məlumat verilib. Bundan sonra Azərbaycan Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıb.

Bu arada İran tərəfi sərhədin bağlanması haqqında öz versiyasını açıqlayıb. İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri isə Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanmasını təsdiq edib.

Məlumata görə Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq noyabrın 7-dən etibarən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb.

Seyid Məhəmməd Ayətullahi deyib ki, Azərbaycan noyabrın 6-dan Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açılması faktına görə sərhəd-keçid məntəqəsini bağlayıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb. Qeyd edək ki, insident zamanı insan tələfatı olmayıb.

Səfirlik nümayəndəsi əlavə edib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində belə hadisələr baş verdikdə, iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır: "Lakin İran tərəfininin istəyinə rəğmən Azərbaycan tərəfi müzakirələrdən boyun qaçırıb və Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb".

İran səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, iki gündən sonra Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədilə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

O, iki il öncə bir silahsız iranlı sərhədçinin Biləsuvar sərhəddində Azərbaycan sərhədçiləri tərəfindən şəhid edildiyinə işarə edərək bildirib ki, İran bu hadisəyə görə sərhədi bağlamadı və məsələnin araşdırılmasını aidiyyəti orqanlara həvalə etdi.

“İran İslam Respublikası inanır ki, müştərək sərhədlər iki xalqın dostluq simvoludur və İran daim sərhəddə sadələşdirilmiş keçid üçün lazımi işlər görmüşdür. “deyə o bildirib.

Səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün lazımi danışıqları davam etdirirlər.

Öz növbəsində Dövlət Gömrük Komitəsindən Turana verilən məlumata görə, hər iki nəzarət-buraxılış məntəqəsi İran tərəfindən bağlanıb, Azərbaycan ərazisində isə açıqdır.

Sərhədyanı məntəqələrin bağlanması ilə əlaqədar Astara sərhəd-keçid məntəqəsində insanların sıxlığı müşahidə edilir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar