RUSİYA-ÇİN İTTİFAQI DÜNYA HÖKMRANLIĞINA DOĞRU! - "Asiya, asiyalılar üçün!"

ABŞ-ın ”Foreign Affairs” jurnalı getdikcə yaxşılaşan Rusiya-Çin münasibətlərinin bundan sonrakı dünya düzəninə təsirinin təhlil olunduğu maraqlı məqalə dərc edib. AzPolitika.info "Asiya, asiyalılar üçün!" adlı təhlili məqalənin tərcüməsini təqdim edir:

Bu yaxınlarda Çin ilə Rusiya Ukrayna və Honkonq hadisələrində bir-birilərinə dəstək göstərməklə, indiki dünya nizamına qarşı çıxaraq, ona meydan oxumağa başlayıblar. Qərbdəki siyasi şərhçilər hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin başlıca səbəbini, əsas etibarıyla düzgün anlamırlar. Moskva ilə Pekin arasında öz regionlarındakı gələcək qaydalara necə və hansı yandan baxmaq istiqamətində fikir ayrılığı da mövcuddur. Ancaq onlar Şərqdəki geosiyası qaydaların Qərbdəki geosiyası qaydalara müxailfətdə olması məsələsində eyni düşüncədədirlər və bu da hər iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə yol açır. Qərb siyasi dairələrinin bir çox nümayəndələri soyuq müharibə zamanındakı Sovet-Çin gərginliyinə çox ciddi əhəmiyyət verirlər. Çin və Rusiya əlaqələrinin genişlənməsini müşahidə edən siyasi analitiklər belə hesab edirlər ki, bu münasibət, sanki, iki tərəf arasında razılaşdırılmış nigaha bənzəyir. Ona görə də, belə fikirləşənlər var ki, gələcəkdə Qərblə yaxşı münasibətlərin qurulması da daxil olmaqla, öz ölkəsinin milli maraqlarının önə çəkiləcəyi siyasət mütləq üstünlük təşkil edəcək.

Ancaq bir çox Qərb nümayəndələri 1990-cı illərdən başlayaraq, Rusiya və Çin rəhbərlərinin soyuq müharibə dövründə iki ölkə arasında baş vermiş gərginliyin yaşanmasından xeyl məyusluq hissi keçirdiklərini tam mənası ilə yaxşı anlamırlar. Bu gün hər iki ölkə rəhbərliyi keçmişdəki səhvlərin bir daha təkrar olunmamasında qərarlıdırlar. İndi Çin elə bir vəziyyətdədir ki, ikitərəfli münasibətlərdə aparıcı rol ona məxsus ola bilər, lakin hələlik o özünü təmkinlə aparır. Moskva və Pekin onların ölkəsindəkı şovinist millətçilərin milli bayraq altında baş qaldırmalarını istəmirlər. Elə bu məqsədlə də hər iki ölkə düşünülmüş şəkildə əsas diqqəti xarici siyasətə yönəldirlər. Artıq Çin Xalq Respublikasının rəhbəri Si Çzinpin “Çin arzusu” adlanan məsələ haqqında danışmağa başlayıb. Həmin “Çin arzusu”-nun başlıca məqsədi Asiyanın region ölkələri tərəfindən yaradılan yeni geosiyası quruluşda Çinin aparıcı rol oynamasına işarədir. Rusiya prezidenti Vladimir Putinin məqsədi isə Avrasiya İttifaqı çərçivəsində keçmiş sovet respublikaları arasında münasibətlərin Moskva tərəfindən müəyyənləşdirilməsini həyata keçirməkdir. Hər iki ölkə öz regionlarında bərabər hüquqlu vəziyyətin saxlanılmasına cəhd göstərərək, ABŞ-ı soyuq müharibənin aqressiv mentalitetini saxlamaqda günahlandırırlar.

Ümumiyyətlə isə, Çin və Rusiya arasındakı əməkdaşlığın möhkəm olacağının ən azından altı səbəbi var.

Birinci - Putin və Si Çzinpin öz idarəetmə metodlarına bəraət qazandırmaqdan ötrü oxşar ideologiyalardan istifadə edirlər.

İkinci - Çin və Rusiya Qərbdən fərqli tarixlərə malik olduqlarını qeyd etməklə yanaşı, ABŞ-la soyuq müharibə dövründəki qarşıdurmanı da önə çəkirlər. Əgər əvvəllər bəzi çinli tarixçilər Koreya müharibəsinin Şimali Koreyanın təcavüzü üzündən baş verdiyini etiraf edirdilərsə, ancaq son tarix dərsliklərində bütün günahın hamısı tamamilə ABŞ-ın üzərinə qoyulur. Analoji tərzdə hər iki ölkənin analitikləri və siyasi rəhbərləri Qərbin soyuq müharibə dövründən indiyədək heç zaman öz imperialist dünya görüşündən əl çəkmədiyini daha tez-tez vurğulayırlar.

Üçüncü - Rusiya və Çin iddia edir ki, 2008-ci ildəki dünya maliyyə böhranı Qərb siyasi və iqtisadi modelinin iflasın kənarına gəldiyini göstərib və bu model onların (burada Çin nəzərdə tutulur) modelindən geri qalır. Rusiya və Çin liderləri onların hakimiyyətinə vətəndaş cəmiyyətinin təhlükə törədəcəyini arzulamırlar və elə bu səbəbdən də öz ölkələrində müxalif fikirlərə qarşı daha aqressiv mövqe tutmağa üstünlük verirlər.

Dördüncü - Putin və Si Çzinpin xarici təhlükəyə qarşı Rusiya-Çin münasibətlərinin yaxşı olmasını çox mühüm sayırlar. Bu isə ondan irəli gəlir ki, hər iki ölkə kommunizmə çox böyük qiymət verirlər. Kommunizm Çinin ideologiyasıdır, Rusiya isə bunu öz tarixinin pozitiv bir mirası hesab edir.

Beşinci - Rusiya və Çin beynəlxalq mübahisələrdə eyni tərəfdə yer almaqdan ötrü xeyli səy göstərirlər. Hər iki ölkə onlara aid olan məsələlərə toxunduqda, ABŞ və onun müttəfiqləri tərəfindən gələn təhlükədən danışırlar. Onların apardıqları bu kampaniya o dərəcədə effektli alınıb ki, Ukrayna böhranı və Honkonqdakı nümayişlər barəsində yazan Çin və Rusiya müəllifləri arasındakı fərqi seçmək hərdən xeyli çətin də olur.

Altıncı - Hər iki ölkədə milli özünüdərki irəliyə çəkmək üçün rəsmi təbliğat kampaniyasını gücləndirirlər. Putin və Si Çzinpin həyata keçirdikləri xarici və daxili repressiyalara bəraət qazandırmaqdan ötrü sərt senzura da daxil bütün mümkün resursları işə salmaqla, öz ölkələrini kəskin siyasi şüarlar, yaxşı təşkil edilmiş arqumentlər və gurultulu ideyalar altında birləşdirmək istəyirlər.

Putinin Ukraynadakı hərəkətlərinin Çin tərəfindən müdafiə edilməsi və Si Çzinpinin Şərqi Asiyaya baxışlarının Rusiya tərəfindən təqdir olunması sadə bir təsadüf sayılmamalıdır. Çox güman ki, baş verənlər soyuq müharibədən sonra yeni geosiyasi qaydaların fərqli cizgiləridir. Hələlik Çin və Rusiyanın indiki siyasi elitası öz hakimiyyətlərini saxlaya biləcəklər və hər iki ölkənin milli özünüdərk istiqamətində və eləcədə onlar arasındakı münasibətdə hansısa gərginliyin yaşanacağı isə gözlənilmir. Bu iki böyük ölkə arasındakı münasibətlərdə narazılıq və bölünmə yaranmasına Yaponiyanın baş naziri Sinze Abe kimi ümid bəsləyənlər məyus olacaqlar. Başqa sözlə demək olar ki, Şimali Koreya, İran və digər problemli məsələlərdə Rusiya və Çinin Qərblə rəqabəti daha da güclənəcək.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar