Rusiya “Şimal axını” ilə qaz nəqlini dayandırır – Almaniya atom enerjisinə qayıda bilər

Avropa İttifaqı (Aİ) iyun ayının nəticələrinə görə tarixdə ilk dəfə olaraq ABŞ-dan Rusiyadan boru kəmərləri ilə aldığı qazdan daha çox maye qaz alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol verib. Birol Avropa İttifaqını istehlakı azaltmağa və qarşıdan gələn çətin qış aylarına hazır olmağa çağırıb.

Rusiyanın Ukraynaya əsassız və səbəsiz hücumundan sonra Avropa İttifaqı Moskva üzərinə ağır iqtisadi sanksiyalar qoyub və tədricən Rusiya qazından imtinaya doğru hərəkət edir. Aİ bununla əlaqədar alternativ təchizat mənbələrinin axtarışındadır.

Birol problemin mümkün həll yollarından biri kimi atom enerjisindən daha intensiv istifadəyə qayıdışı tövsiyə edir. O vurğulayır ki, bu məsələnin həlli Aİ ölkələri hökumətlərinin qərarlarından asılı olacaq.

Məsələn, Almaniya 2012-ci ildə Yaponiyanın Fukusima atom-elektrik stansiyasında baş vermiş qəzadan sonra atom enerjisindən tamamilə imtinaya qərar verib.

Nəticədə Almaniyadakı 19 işlək AES-dən indi yalnız 3-ü istifadədir. Rusiyanın Ukraynaya hücumundan əvvəl bu üç stansiyasının da 2022-ci ildək dayandırılması planlaşdırılırdı.

Lakin hazırda Almaniyanın Enerji Nazirliyi atom stansiyalarından istifadəyə qayıdışı götür-qoy edir.

Rusiyanın “Qazprom” şirkəti iyun ayında Avropaya Şimal Axını boru kəməri ilə nəql edilən qazın həcmini 40 faiz azaldıb. Şirkət bunu sanksiyalara görə lazımi avadanlığın çatışmaması ilə izah edir. Lakin Almaniya kansleri Olaf Şolts və iqtisadiyyat naziri Robert Habek “Qazprom” şirkətinin hərəkərini “siyasi motivli qaz şantajı” adlandırıblar. Onların fikrincə Moskva bu üsulla Ukraynaya tam dəstək verən Avropa İttifaqından qisas alır.

Bu arada ABŞ Avropaya maye qazın nəqlini əhəmiyyətli həcmlərdə artırır. “Bloomberg” agentliyinin məlumatına görə ABŞ bu ilin yanvar-aprel aylarında Avropaya bütün ötən illə müqayisədə daha çox qaz ixrac edib.

“Şimal Axını” qaz kəmərinin operatoru iyulun 1-də bildirib ki, kəmər profilaktik işlərlə bağlı iyulun 11-dən 21-dək bağlı olacaq və bu müddətdə qazın axını dayandırılacaq. Belə hallar hər il baş verir, lakin indi Aİ narahatdır ki, siyasi vəziyyətlə bağlı qazın verilişi bərpa olunmaya bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar