“RUSİYA ARTIQ ABŞ-ın ƏSAS DÜŞMƏNİ DEYİL” – “Başlıca rəqib Çindir”

“Tehran neftin istənilən qiymətə, hətta bir barelinin 20 dollara satılmasına da hazır olacaq”

Amerika məsələləri üzrə tanınmış alman eksperti Yozef Braml bildirib ki, Konqresin ara seçimlərindən sonra Vaşinqtonun Rusiya ilə bağlı olan siyasətində böyük və ciddi dəyişikliklər gözləmir. Braml hesab edir ki, əgər prezident Barak Obama Vaşinqtonun Tehran əleyhinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasının məqsədə uyğun olmasına Konqresi inandıra bilərsə, onda Rusiya ilə münasibətlər daha neqativ şəkil alacaq. Bramlın verdiyi proqnoza görə, ABŞ-la İranın yaxınlaşması halında neftin qiyməti kəskin sürətdə aşağı enəcək. Bu mövzu ilə əlaqədar Yozef Bramlın “Alman dalğası” (”Deutsche Welle”) radiosuna müsahibəsini təqdim edirik.

- ABŞ-da Rusiya ilə əlaqədar məsələlərdə daha sərt kurs yürütməyə israr edən, güclü təsir imkanına malik nüfuzlu siyasətçilər var. Sizcə seçkilərdən sonra onların mövqeyi qüvvətlənəcəkmi?

- Bəli, yəqin ki, Senatdakı bir neçə siyasətçi prezidentliyə namizəd olmağa hazırlaşır. Əlbəttə ki, onlar mütləq Rusiyanın ünvanına kəskin bəyanatlar səsləndirəcəklər. Amma mən iki ildən sonra nəyin baş verəcəyini deyə bilmərəm.

- Siz hesab edirsiniz ki, ən azından gələcək iki ildə Vaşınqtonun Rusiya ilə bağlı siyasətində prinsipial dəyişikliklər baş verməyəcək?

- Amerikanların və rusların ümümi maraqlarına cavab verən sferalar da mövcuddur. Məsələn, NATO qoşunlarının Əfqanıstandan çıxarılması və regiondakı vəziyyətin stabilləşməsini buna nümunə kimi göstərmək olar. Ancaq İran məsələsində Rusiya və ABŞ-ın tamamilə başqa maraqları var.

- Siz burada nəyi nəzərdə tutursunuz?

- Yüksək neft qiymətləri Rusiyanın maraqlarına cavab verir. Əgər neftin qiyməti indiki səviyyədə qalarsa və ya aşağı düşməkdə davam edərsə, onda Rusiyadakı rejim laxlayacaq. Bu həm də ABŞ və İranın yaxınlaşması nəticəsində də baş verə bilər. İranın enerji naziri anlamaq üçün belə bir eyham vurub ki, əgər onun ölkəsinə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılarsa, Tehran neftin istənilən qiymətə, hətta bir barelinin 20 dollara satılmasına da hazır olacaq. Belə bir perespektiv Rusiya elitası, Kreml və “Qazprom” üçün həyacan siqnalıdır. Ona görə də İran probleminin həlli məsələsində hər hansı razılaşmaya gəlinməsi və bu ölkənin də Səudiyyə Ərəbistanı kimi neftin ikinci “svinq-istehsalçısına” (neft istehsalını kəskin artırıb-azaldan ölkə) çevrilməsi Rusiyanın marağında ola bilməz.

- Biz Konqresə keçirilən seçkilər və onun ABŞ ilə Rusiya münasibətlərinə hansı təsiri göstərməsi mövzusundan uzaqlaşdıq...

- Yox, iş ondadır ki, İrana qarşı olan sanksiya məsələsi Konqres seçkilərinin nəticələrindən xeyli asılıdır. Buna partiya prizmasından da baxmaq lazımdır. Konqresin iştirakı olmadan da Obama həmin sanksiyaları müvəqqəti olaraq ləğv etmək səlahiyyətinə malikdir. Belə bir variant isə çətin ki, İranı qane edər. Amma nüvə proqramını dayandırması müqabilində Tehrana yaxşı təklif verməkdən ötrü ABŞ prezidentı həmin sanksiyaların tamamilə aradan qaldırılması haqqındakı qanunu Konqresdən keçirməlidir. Lakin Konqresdə İsrailin təhlükəsizliyinə xüsusi önəm verən demokrat və respublikaçılardan ibarət çox güclü koalisiya fəaliyyət göstərir. Elə bu səbəbdən də Obamanın İran əleyhinə olan sanksiyaların ləğv edilməsini Konqresdən keçirməyə müvəffəq olması hədsiz dərəcədə müşküldür.

- Bəs Rusiya? O Amerikan prezidentinin xarici siyasət proritetlərinə daxil deyilmi?

- Vaşinqtonun nöqteyi-nəzərinə görə, onun başlıca rəqibi Rusiya yox, öz artan hərbi gücü ilə Çindir. Mən bilmirəm, ola bilər ki, bu sözlər Moskvadakı bir çox adamların bəlkə də qüruruna toxunur, ancaq Rusiya artıq ABŞ-ın əsas düşməni deyil. Amerikanlar strateji düşünürlər və onlar ilk növbədə Çinin böyüyən hərbi potensialına diqqət yetrirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar