RAUF ARİFOĞLU "AZADLIQ"IN RƏHBƏRLİYİNİ HƏDƏLƏDİ - "Yadındamı o məktub..."

"Yeni Müsavat"ın baş redaktoru: "Bütün bunlardan sonra kimsə mənə mənəviyyat dərsi keçməsin, çünki bundan o tərəfə də danışa bilərəm..."

Hər ikisi bağlanmaq təhlükəsilə üzləşən "Azadliq" və "Yeni Müsavat" qəzetlərinin rəhbərləri arasında qarşılıqlı ittihamlar başlayıb. Azadliq.info bu gün yazıb ki, “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsilə üz-üzə qalması ilə əlaqədar son günlərdə apardığı kampaniya sanki, bəzilərində qıcıq yaradıb. Qəzetə qarşı belə iradlar səslənir ki, öz problemini başqa nəşrlərin, o cümlədən “Yeni Müsavat”ın üzləşdiyi çətinliklərdən fərqləndirir, müdafiə işini tək təşkil edir. Bununla bağlı “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev “azadlıq.info”ya açıqlama verib. Açıqlamada deyilir:

“Azadlıq” qəzeti Azərbaycanda insan haqlarının və azadlıqların müdafiəsinə daim mühüm diqqət yetirən, bunu başlıca fəaliyyət prinsipi elan edən qəzet kimi tanınır. “Azadlıq” üçün başqalarının da problemləri doğmadır və onların hamısını imkanı daxilində işıqlandırır.

“Azadlıq”a xoş niyyətlə yanaşanlar üçün narahatlıq doğuran qəzetin son dərəcədə acınacaqlı vəziyyətini bir az daha qabarıq ictimailəşdirməsi yox, onun üzləşdiyi vəziyyətin özü olmalıdır.

Əlbəttə, İlham Əliyev hakimiyyəti onun siyasətini ən yumşaq formada belə tənqid edənlərə qarşı da dözümsüz yanaşır, ölkədə fərqli fikirləri ümumiyyətlə boğmaq istəyir. Lakin ölkədə nə bu hakimiyyəti heç ən yumşaq formada da tənqid edən qəzetlərin sayı 2-3-dən artıqdır, nə də belələrinin problemlərini “Azadlıq”ın üzləşdiyi total basqı, Səlib Yürüşü ilə müqayisə etmək mümkündür.

Azərbaycan hakimiyyəti uzun müddətdir ki, “Azadlıq” qəzetini susdurmaq üçün bütün vasitələrə əl atır. Son dövrlərdə qəzetə təzyiqlər pik həddə çatıb. “Qaslid”in qəzetə borcu artıq 60 min manata yaxınlaşıb. Oktyabrın 15-dən metrostansiya keçidlərində qəzetin satışı qadağan edilib. Oktyabrın 24-dən qəzetin hesabına həbs qoyulub. Bundan bir neçə gün sonra məhkəmə bütün yayım müəssisələrinə “Azadlıq”a hər hansı vəsait ödəməyi qadağan edib.

“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovaya 32 min manat cərimə ödənməsinə dair məhkəmə qətnaməsini yerinə yetirməməyə görə qəzet daha 3 min manat cərimələnib. Bunun ardınca Tağı Əhmədov qəzetlə razılaşmasını pozub və 30 min manat cərimənin dərhal ödənməsini tələb edib, bununla bağlı məhkəmə redaksiyaya xəbər vermədən və redaksiyanın iştirakı olmadan qərar çıxarıb. Hazırda qəzetin üzərində 65 min manata yaxın cərimə var.

“Azərbaycan” nəşriyyatı noyabrın 12-nə qədər qəzetə ona olan borcu ödəmək üçün vaxt verib. Əks halda qəzetin çapından imtina edəcəyini bildirib. Nəşriyyata qəzetin borcu isə 25 min manat təşkil edir.

Bütün bunlar onu göstərir ki, hakimiyyət “Azadlıq” qəzetini bağlatdırmaq üçün birmənalı qərar qəbul edib. Hakimiyyətin “Azadlıq”ı susdurmaq niyyətinin səbəblərini izah etməyə isə görünür, bir daha ciddi ehtiyac var.

“Azadlıq” İlham Əliyev və onun hökumətinin qanunsuz əməllərini ən sərt şəkildə tənqid etməkdən çəkinməyən yeganə qəzetdir. Xüsusən də İlham Əliyevin bilavasitə özünün tənqidinə ancaq bu qəzetdə rast gəlmək olar. “Azadlıq” qəzeti həmçinin xarici mediada İlham Əliyev və ətrafının siyasi-iqtisadi qanunsuzluqlarının ifşa edilməsini Azərbaycan oxucularına çatdırmaqla da fərqlənir. Məsələn, lap bu günlərdə Azərbaycan hakimiyyətinin seçki saxtakarlığını beynəlxalq səviyyədə ifşa edən materiallar “Azadlıq”dan başqa heç bir qəzetdə çap olunmayıb və belə nümunələr onlarladır. Əlbəttə, biz çox istərdik ki, “Azadlıq” kimi barışmaz mövqedə duran ən azı bir neçə qəzet olsun. Amma nə edək ki, biz faktiki meydanda tək qalmışıq.

Görünür, İlham Əliyev hakimiyyəti də “Azadlıq” qəzetinin məhz bu özünəməxsusluğunu nəzərə alıb, ona qarşı xüsusi aqressiya nümayiş etdirir.

Hesab edirik ki, son günlərdə “Azadlıq”a dəstəklə bağlı şahidi olduğumuz geniş beynəlxalq kampaniya da ilk növbədə hakimiyyətin bu qəzetə qarşı amansız münasibətilə bağlıdır. Lakin bu dəstək həm də “Azadlıq”ın öz prinsipinə sədaqətinə, gerçək 4-cü hakimiyyət missiyasını həyata keçirmək üçün göstərdiyi qətiyyətə görədir.

Biz inanırıq ki, Azərbaycan ictimaiyyətinin fəal dəstəyi ilə üzləşdiyimiz bu ağır böhranı da aşacağıq və ölkəmizi azadlıqların, insan haqlarının uca tutulduğu günlərə qovuşduracağıq. Bu yolda tutduğumuz mövqedən azacıq da olsa geri çəkilən deyilik və prinsiplərimizə sona qədər sadiqik. Hərçənd, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu aramızda olan zarafatı “Azadlıq” rəhbərliyinin guya depressiyaya düşdüyü təəssüratına çevirib, bizim bir kollektiv olaraq mübarizə ovqatımız yerindədir və həm özümüzü, həm də ehtiyacı olan başqalarını əvvəlki əzmlə müdafiə edəcəyik.

Bizdən müqaviməti onlarla birlikdə təşkil etməyi uman dostlara isə təşəkkürümüzü bildirməklə yanaşı, çağırış etmək istəyirik ki, bu işdə bacardıqlarını nümayiş etdirsinlər, çıxışlarında və nəşrlərində İlham Əliyev hakimiyyətini heç olmasa bu son baş verənlərə görə mühakimə etməklə bizim tək olmadığımızı göstərsinlər”.

Rahim Hacıyevin bu "tikanlı" açıqlamalarına "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu sərt və hədələyici tonda cavab verib.

“Mən Rahim Hacıyevin bu açıqlamasını heyrətlə oxudum. Və bir daha əmin oldum ki, onun keçən dəfə mənə dediyi “depressiyadayam, heç bir telefona cavab vermirəm”, fikri zarafat-zad deyilmiş. Biz nə deyirik, bu nə deyir... Biz deyirik ki, doğrudur, “Azadlıq” qəzetinin vəziyyəti bizdən daha ağırdır, pisdir, üzücüdür, yıxıcıdır və s. Bunu da hər fürsətdə yazırıq”, deyə musavat.com-a açıqlama verən R.Arifoğlu vurğulayıb ki,  “Yeni Müsavat”ın da vəziyyəti “Azadlıq” qəzetindən yaxşı deyil.

“Rahim bəyin sadaladığı bütün problemlər bizdə də var:

1.“Qasid” firması bizim də pulumuzu vermir, bu qurumda 30 min manat alacağımız var. Artıq sabahdan etibarən “Yeni Müsavat” bu mətbuat yayımı firmasına qəzet verməyəcək. Tövsiyəm budur ki, “Azadlıq” da tirajı kəssin. “Gəl bir yerdə qərar verək”, deyəndə, mən bu cür detalları nəzərdə tuturdum. Ki, effektli olsun, təsir edə bilək;

2. Oktyabrın 15-dən etibarən metro stansiyalarında bizim də qəzetə qadağa qoyulub. Həm də yalnız “Azadlıq” və “Yeni Müsavat” qəzetləri qadağan edilməyib. “Bizim yol”, “Gündəm xəbər” qəzetləri də metrolarda qadağan edilib. Bu detal da tələb edir ki, qəzetlər birgə fəaliyyət-müqavimət göstərsinlər;

3. Məhkəmə borcları “Yeni Müsavat”ın da üzərində var. 65 min manat “Azadlıq” qəzetindədir, 57 500 manat da “Yeni Müsavat”ın. Hər ay yalnız Cəlal Əliyevə 250 manat pul ödəyirik. 50 min manat K. Heydərovun şirkətinə, 5 min manat da Anar Məmmədova məhkəmə borcumuz var. Sonuncu iş “Azadlıq” qəzeti ilə ortaq olan işdir – “Ayı işi”. O məsələdə də “Azadlıq” bizi tək qoydu, getdi Anar Məmmədovdan üzr istədi və onun da ödəməli olduğu məbləğ bizim üzərimizdə qalıb. Görünür, nazir oğlu Anar Məmmədovdan üzr istəmək də bu yeganə radikal qəzetin fərqli xüsusiyyətlərindən sayılmalıdır.

4. Nəşriyyata bizim də borcumuz var - lakin “Azadlıq” qəzetindən fərqli olaraq bizim üzərimizə çox borc yığmağa imkan vermir, “Azərbaycan” nəşriyyatı. Dərhal pul tələb edir və gecikdirəndə də çapımızı dayandırmaqla hədələyir.

“Azadlıq”la bu qədər ortaq problemimiz var ikən, “Siz İlham Əliyevi yaxşı tənqid etmirsiniz”, siz yeganə deyilsiniz, bəhanəsi ilə “Yeni Müsavat”ın durumundan, problemlərindən bir sətir də yazmamaq, danışmamaq hansı prinsiplərə sığır? Sən mənim qəzetimin senzoru-zadsan, bu cür müdaxilə və əks təbliğat aparırsan? Həm də Rahim Hacıyev gözlərinin içinə qədər yalan danışır. Çünki seçki dövründə və ondan sonra Milli Şuranın, onun prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarını, onların videolarını nöqtəsinə və vergülünə toxunmadan, bir fraqmentini belə kəsmədən “Yeni Müsavat”da və musavat.com-da vermişik. Bütün mitinqlərin videosunu və stenoqramını dərc etmişik. Bir sıra hallarda ortaq materialları dərc etmişik. Oralarda bu iqtidarın, konkret onun rəhbəri İlham Əliyevin ünvanına nələr yox idi ki! Bəs, tənqid necə olur? Onlar sayılmır? Köşə yazıları, müsahibələr, reportajlar, - bunlar nədir? Əgər “Azadlıq” yeganədirsə, bizim qəzeti niyə bu günə qoyurlar? Niyə yuxarıda da sadaladığım bu problemlər hər ikimizdə eynidir? Niyə sizi də, bizi də reklama yaxın buraxmırlar? Niyə heç bir dövlət tədbirinə dəvət olunmuruq? Niyə Rauf Arifoğlu Azərbaycan efirində yoxdur? Məni niyə qara siyahıya salıblar? Loyallıq edən adama, qəzetə bunlar yapılarmı?

Lap elə tutaq ki, biz loyalıq, sən bərkgedən. Amma özünün də dediyin kimi, bəs, prinsiplər harada qaldı? Bizim problemimiz var axı; özünü 5 ağlayanda, bir də “Yeni Müsavat”ı ağla.

“Azadlıq” qəzeti ilə “Yeni Müsavat”ı fərqləndirən çizgilər olmalıdır, əlbəttə. İki qəzet eyni yayım konsepti ilə çıxa bilərmi? Həm də, bunu inkar etmək mümkün deyil - “Azadlıq” qəzeti Əli Kərimlinin maraq və iddialarının ifadəçisidir, “Yeni Müsavat” isə mənim. Fərqin böyük qismini bu iddiaların, maraqların çeşidləri yaradır. Təbii ki, mən də partiya lideri və prezidentliyə iddiaçı olsaydım, qəzetimin yayım və xəbər konsepti tamamilə fərqli olacaqdı. Lakin bir zamanlar - qəzetimizin təsisçisi Müsavat başqanı İsa Qəmbər olarkən “Yeni Müsavat” o zamankı “Azadlıq” qəzetindən daha radikal idi. Amma biz ortaq problemləri birgə həll etməyə oturanda, qətiyyən demirdim ki, qəzetinizin siyasət şöbəsinin müdiri İbrahim Məmmədov niyə belə yazdı, niyə elə yazmadı... Çünki həddim deyildi. Tam əksinə, bizə dəstək olan ən müxtəlif yayım siyasəti daşıyan qəzetlərin redaktorlarını minnətdarlıqla sıralarımıza qatırdıq. Bu taktikanın sayəsində də hər dəfə qurtulurduq.

Rahim Hacıyev qarşısındakının kim olduğunu yadından çıxararaq, yüksək pafosla, bizi aşağılayan tərzlə bizə dərs verir. Hörmətli həmkarıma xatırlatmaq istərdim ki, bu mənəm, yadında, sənə Müsavatın qərargahında bir məktub verdim ya... Həm də bundan təkcə sənin xəbərin yox idi...

Bütün bunlardan sonra kimsə mənə mənəviyyat dərsi keçməsin, çünki bundan o tərəfə də danışa bilərəm...

İndi isə mənim istədiyim bir şey var. Özünüz nə edirsiniz edin, artıq qarışmam. Amma mənim əlimə-ayağıma dolaşmayın, işim və problemlərim başımdan aşır. 61 nəfərlik kollektivin taleyi mənim qərar və fəaliyyətimdən asılıdır...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar