İSMƏT ABBASOVUN VİRUS KORRUPSIYASI İŞƏ DÜŞÜB

Hökumətin ayırdığı 2,3 milyon manat ancaq “ilkin yardım”a xərclənəcək, inəkləri isə fermerlər öz pulu ilə müalicə edəcək

Azərbaycanda mal-qara arasında yayılmış xəstəliyin ilkin müalicəsi üçün ayrılan vəsait hesabına alınmış dərman preparatları yaxın günlərdə ölkəyə gətiriləcək. Bu sözləri movqe.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli deyib ki, artıq dərman istehsalçıları ilə müqavilələr bağlanılıb. Bu xəstəliyin müalicəsi üçün 15 dərman preparatı alınacaq. Mətbuat katibi bildirib ki, ölkəmizə gətiriləcək dərman preparatları yayılan xəstəliyin müalicəsi üçün ilkin yardım kimi istifadə ediləcək: “Dərman preparatları gətirildikdən sonra dərhal rayon Baytarlıq İdarələrinə paylanılacaq. Amma bu dərmanlar fermerlərə ilkin yardım kimi paylanılacaq. Xəstəliyin müalicəsini aparmaq üçün daha sonra tələb olunan dərman preparatlarını fermerlər özləri öz vəsaitləri hesabına almalı olacaqlar. Çünki vəsait xəstəliyin müalicəsinə ilkin yardım göstərmək üçün, eləcə də, Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların dezinfeksiyası və dezinseksiya maddələrinin alınması üçün də sərf ediləcək”.

Y.Xanvəli artıq iribuynuzlu mal-qara arasında yayılmış yeni virusun bir qədər səngidiyini, hazırda bu xəstəliyə yoluxan mal-qaranın sayının 2 min 300-ə endiyini söyləyib.

Y.Xanvəli yeni yayılmış virusun heyvandan insana keçməsi ilə bağlı narahatçılıqlara da aydınlıq gətirib: “Xəstəliyin heyvandan insana keçməsi indiyədək müşahidə olunmayıb. Bilirsiniz ki, 2011-ci ildə bu xəstəlik Avropada geniş yayılıb. Amma xəstəlikdən bir insan ölümü hadisəsi qeydə alınmayıb. Xəstə heyvanların ətlərinin satışa çıxarılması xəbərləri də yalandır. Xəstəlik qeydə alındığı tarixdən indiyədək 108 baş heyvan ölüb ki, həmin heyvanlar da, rayon baytarlarının iştirakı ilə yandırılaraq basdırılıb. Sadəcə olaraq heyvanlar xəstə olan dövrdə onların ətini yemək, südündən istifadə etmək düzgün sayılmır. Amma xəstəlik nə heyvandan, nə də ki, ətindən, südündən insana keçir”.

Nazirlər Kabineti kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktik tədbirləri gücləndirmək məqsədi ilə 2 milyon 350 min manat vəsait ayırıb. Azərbaycanda mal-qara arasında yayılmış virus dünya virus ailəsinə məxsus olan xəstəlikdir. Xəstəlik üç virusun qarışığı olan şomonda, akabene, aina adlı viruslardır.

Y.Xanvəlinin açıqlamaları yenə ziddiyyətlidir. Çünki bir qədər öncə o mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik artıq 35 rayonu əhatə edir, 150 minə yaxın iribuynuzlu heyvan bu virusa yoluxub. Bir neçə günə nə baş verdi ki, bu rəqəm 6,5 dəfə azalaraq (?) 2300-ə endi? Özü də o haldakı xəstəliklə mübarizə aparmaq üçün zəruri dərmanlar hələ ölkəyə gətirilmədiyini Y.Xanvəlinin özü də etiraf edir. Təbii sual ortaya çıxır - Baytarlıq Xidməti hansı dərmanlardan istifadə edib ki, xəstəlik faizi 6,5 dəfə azalıb?

İkinci ziddiyyətli məqam budur ki, virusa yoluxan heyvanların sayı 2300-ə enibsə, bəs 2,3 milyon manat hara xərclənəcək. Bu hesabla 1 inəyin sağalması üçün 1000 manat xərclənəcək. Azərbaycan hökumət büdcəyə vergi ödəyən vətəndaşlarına müalicə üçün bu qədər vəsait xərcləməyə əli gəlmir. İndi inəklər nə qədər qiymətli oldu ki, hökumətin səxavət kisəsinin ağzı açıldı?

Baytarlıq xidmətinin işçisi bildirir ki, “xəstəlik qeydə alındığı tarixdən indiyədək 108 baş heyvan ölüb ki, həmin heyvanlar da, rayon baytarlarının iştirakı ilə yandırılaraq basdırılıb”. Hansı rayonda basdırılıb? Hanı bu xəstəlikdən əziyyət çəkən fermerlərin və rayonların real adları? Hələ ki, İsmət Abbasovun rəhbərlik etdiyi nazirlik virtual məlumatlara üstünlük verir. Bu da yeni virusun virtual virus olması barədə arqumentləri bir az da gücləndirir.

Nəhayət, İ.Abbasovun işçisi bildirir ki, “Dərman preparatları fermerlərə ilkin yardım kimi paylanılacaq. Xəstəliyin müalicəsini aparmaq üçün daha sonra tələb olunan dərman preparatlarını fermerlər özləri öz vəsaitləri hesabına olacaq”. Bir qədər əvvəl isə Baytarlıq Xidməti bildirirdi ki, xəstə heyvanlara ilkin yardım göstərilir, tam müalicə xərclərini qarşılamaq üçünsə hökumətə müraciət edilib. Ancaq hökumət xəstəliklə mübarizə üçün vəsait ayırdıqdan sonra deyirlər ki, vəsait ancaq ilkin yardıma xərclənəcək. Bu əslində nazirliyin korrupsiya maşının işə düşməsi deməkdir. Fermerlər müalicəni öz pulu ilə aparacaqlarsa, hökumətdən niyə pul istənilirdi? Pul ayrılıbsa KTN niyə xəsislik edir? Yoxsa inəklərin hesabına özlərini müalicə etmək istəyirlər.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar