“Türkiyə bu yolda inamla addımlayacaq...” – Komitə sədri

Dünən Türkiyədə Mersinin Taşucu Limanında “Abdülhamid Han" dördüncü qazma gəmisinin suya salınması mərasimi keçirilib. 

Mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 12 min 200 metrədək qazma işini həyata keçirə bilən gəmi təbii qaz axtarışı ilə məşğul olacaq. "Bu, ilk addımdır. Millətimizin duası ilə “Abdülhamid Han" gəmimiz uğurlar qazanacaq. Sizdən də xeyirli xəbərlər gözləyirik. Gəmi başqa quyulara da gedəcək. İşlər neft tapanadək davam edəcək. Gəmilər Aralıq dənizində, öz ərazimizdədir. Bunun üçün kimdənsə icazə almayacağıq. Onlar dənizdə “Abdülhamid Han" gəmisi ilə qarşılaşsalar milli mücadiləni xatırlayacaqlar. Bizim vəzifəmiz haqqımızı tapdatmamaq, kimsənin haqqını tapdamamaqdır. Öz göbəyimizi özümüz kəsəcəyik", - Türkiyə lideri vurğulayıb.

Qardaş ölkənin enerji sektorundakı uğurunu təqdir edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Türkiyənin bu yolda inamla addımlayacağına inandığını bildirib. O, eyni zamanda Azərbaycanın bu sahədə böyük uğurlarından söz açıb. Millət vəkili qeyd edib ki, Azərbaycan nəhəng enerji layihələrini icra edir ki, bu da qarşıya qoyulan əsas vəzifələrdən biridir: "Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirilir. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın enerji ehtiyatlarına olan tələbat kəskin şəkildə artır, Azərbaycan isə şaxələndirilmiş 3 neft, 4 qaz boru kəməri vasitəsi ilə dünya ölkələrinin tələbatının ödənilməsində ciddi amilə çevrilərək üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir".

Komitə sədri daha sonra Azərbaycanda qaz hasilatı və ixracının durmadan artmasına diqqət çəkib: "Bu günə qədər enerji sahəsində əldə edilən nailiyyətlər göstərir ki, biz doğru yoldayıq, doğru olanı edirik, bu sahədə Azərbaycan reallığı dünya tərəfindən qəbul olunur. Bu da öz növbəsində Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni hədəflərə, yeni strateji nailiyyətlərə və zirvələrə doğru addımlayır".

S.Qurbanovun sözlərinə görə, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib: "Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın həcmi 24 milyard kubmetr, həmçinin Avropaya – 12 milyard kubmetrdən artıq səviyyədə proqnozlaşdırılır. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı 27,3 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövründən 13,3% çoxdur. Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, qaz hasilatı strukturunda 4,6 milyard kubmetr qaz SOCAR şirkətinin, 7,9 milyard kubmetr qaz – “Azəri-Çıraq-Günəşli” blokunun, 14,8 milyard kubmetr qaz – “Şahdəniz” yatağının payına düşüb. Bildrilir ki, yanvar-iyul aylarında Azərbaycandan qaz ixracı 12,9 milyard kubmetr (artım 24%) təşkil edib.

Hesabat dövründə Türkiyəyə 4,8 milyard kubmetr, Avropaya – 6,5 milyard kubmetr, Gürcüstana – 1,6 milyard kubmetr qaz tədarük olunub. Qazın müasır dünya üçün önəmi hər kəsə bəllidir".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar