Sınaq qiymətləndirilməsi, yoxsa əsəblərin sınağa çəkilməsi?

Və ya, müəllimləri sınağa çəkənlər, özləri sınaqdan çıxıblarmı?

Nadir İSRAFİLOV

Son yarımildə təhsilimizlə bağlı mətbuatda ən çox yer alan və geniş ictimaiyyət arasında rezonans doğuraraq, bu günədək müzakirə olunmaqda davam edən iki məsələ, istər-istəməz, diqqət cəkir: Dərs ilinin uzadılması zərurəti, müəllimlərin sınaq imtahanları və onun nəticələrinə əsasən, əmək haqlarında ediləcək dəyişikliklərlə bağlı, bir mənalı olmayan münasibət. Bu da səbəbsiz deyil. Çünki təhsil ümumdövlət, ümummilli, ümumxalq işıdir və bu sahədə aparılan hər bir dəyişiklik, edilən hansısa bir yenilk, cəmiyyətin bütün sferalarına bu və ya digər şəkildə təsirsiz ötüşmür. Bu mənada, təhsildə gedən proseslərlə bağlı cəmiyyətin hər bir üzvünün, bu prioritet fəaliyyət sahəsinə biganə qalmaması, yaxşı halda qürur, pis halda, narahatçılıq hissi keçirməsi başadüşüləndir.

Məqsədim kiçik bir ümumiləşdirmə aparıb, bəzi məqamlara müəyyən qədər aydınliq gətirməkdir.

Birinci məsələ barədə polemika açmağa ehtiyac duymuram. Çünki bununla əlaqədar Nazirlər Kabineti artiq elə bu günlərdə qərar verib və növbəti tədris ilindən etibarən, qərarın həyata keçirlməsi nəzərdə tutulub. Halbuki, heç də uzaq olmayan keçmişin sınaqdan çıxmış təcrübəsinə əsaslanıb, dərs ililnin başlanmasını sentyabrın 1-nə çəkməklə, iki əlavə tədris həftəsi qazanmaq və müəyyən narahatçılıqlardan və anlaşılmazlıqlardan irəli gələn, uzun-uzadı disskusiyalara son qoymaq olardı. Hətta, yerli-yersiz bayramlarla bağlı istirahət günlərinin həddən ziyadə çoxluğunu bir kənara qoysaq belə. Bir də ki tədrisin uzunmüddətli olması, hələ heç də təhsilin keyfiyyətli olması demək deyil.

Buraxılış və qəbul imtahanlarını birləşdirərək, vahid imtahan modelini tətbiq etməklə isə, iyun ayının istisində, məzunları təkrar proseslərə əlavə enerji sərf etməkdən azad edər, onların yay tətilində asudə vaxtlarını daha qayğısız və səmərəli keçirməsinə yardımçı olardı. Bir halda ki, hər iki imtahanın keçirilməsini vahid orqana - TQDK-ya həvalə etmişik, nə problem ola bilər? Düzdür, razılaşmayanlar arqument gətirə bilərlər ki, xarici universitetlər qəbul edəcəkləri tələbələri özləri seçirlər. Nə olar, seçimlə əlaqədar bizim universitetlərə də muxtariyyat verilən kimi, qaydalarda dəyişiklik etməkdə çətinlik çəkmərik, çünki bu sahədə kifayət qədər “təcrübəmiz” və “alışqanlığımız” var.

Nə isə, keçənə güzəşt deyiblər (Bəlkə də, elə tez-tez istinad etdiyimiz bu el məsəlimiz bizə sonsuz problemlərdən yaxa qurtara bilməyimzə imkan vermir).

Keçək son qərarı hələ tam qətiləşməyən, eyni məsələ barədə müxtəlif fərqli və ziddiyyətli açıqlamalarla müşayiət olunan ikinci məsələyə. Məlum olduğu kimi, bu ilin mayında təhsil naziri M. Cabbarov tərəfindən “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi” barədə əmr imzalanıb. Əmrə əsasən, sınaq qiymətləndirilməsi iyun ayında keçirilməli və yalniz Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunmalı idi. Bu məqsədlə, nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, “sınaq qiymətləndirmənin nəticələri əsasında, ümimi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.” Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 mart tarixli məktubu bu əmrin verilməsi üçün əsas götürülüb.

Nazirin əmrindən dərhal sonra, imtahan ideyasının təşəbbüskarları nazir tərəfindən verilən əmrin zəruriliyini əsaslandırmaq və çox güman ki, yarana biləcək hər hansı bir narazılıqların və narahatçılıqların profilaktikası məqsədilə təsəlliverici və ruhlandırıcı açıqlamalara start verirlər:

“Məqsəd odur ki, Bakı şəhərində yerləşən bütün ümumtəhsil müəllimlərinin biliyi qiymətləndirilsin. Sınaq imtahanlarını attestasiya ilə qarışdırmaq olmaz... Attestasiyanın nəticəsi müəllimin işdə qalıb-qalmamasını həll edir. Sinaq imtahanlarının iş məsələsinə və ya əmək haqqına təsiri olmayacaq. Sadəcə, Təhsil Nazirliyi müəllim ordusunun biliyini qiymətləndirib, öyrənmək istəyir ki, zəif yerlər haradır, haranı gücləndirmək lazımdır və s. Məqsəd-müəllimlərin zəif tərəfini müəyyənləşdirmək və bunu aradan qaldırmaqdır və eyni zamanda attestasiyaya hazırlıqdır.”

“Sınaq qiymətlədirilməsı - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir” və s.

Sınaq qiymətləndirilməsi başa çatar-catmaz, “diaqnostik tədqiqat” xarakterinin “xarakterı” 180 dərəcə dəyişdirilərək, dıgər fərqli məcraya yönəldilir. “Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, müəllimlərin əmək haqqlarında dəyişiklik olacaq”, “Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı, Nazirlər Kabinetinə təklif verəcək”, “Sınaq imtahanlarından keçməyən müəllimlərın əmək haqqının artırılması məsələsi gündəmdə olmayacaq”, “Qiymətləndirmədən keçənlərin maaşlarının artırılması, digərlərini də ruhlandıracaq”, “Növbəti qiymətləndirmə mərhələsində yenidən istirak etmək istəyən və uğurlu nəticə göstərən müəllimlərə, “Müəllimlərin müəllimi”, “Baş müəllim”, “Peşakar müəllim” kimi dərəcələrin verilməsi nəzərdə tutulur” və s. bu kimi bəyanatlar və xəbər başlıqları gündəmi zəbt edir və etməkdədir.

Müəllimlərin bilik və səriştəsinin sınaq imtahanı yolu ilə qiymətləndirilməsi ideyasını həyata keçirməkdə israrlı olan bu təhsil başbilənlərinin, gəncliyindənmi, təcrübəsizliyindənmi və ya unutqalığındanmı, ortalığa atdıqları bu “yenilik”lə bağlı, onlarla bəzi fikirlərimi bölüşdürmək istərdim.

1. “Diaqnostik tədqiqat” aparmaq üçün Təhsil Nazirliyinin tabeliyində yüzlərlə işçisi olan Təhsil Problemləri İnstitutu var və Bakı təhsilinin “kənar” bir yana, daxili problemləri belə, hələ tam yoluna qoyulmayıb.

2. Hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və Ölkə başçısı tərəfindən təsdiq olunmuş İslahat Proqramında, rəhbər və pedaqoji kadrlarin attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stımullaşdırılmasına, əməkhaqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi barədə müddəalar vurğulanmış və bunun həll olunacağı müddətlər belə müəyyən edilmişdi. Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-cı il tarixli, 97 №-li qərar da vermişdi. Sabiq təhsil naziri Misir Mərdanovun 21 oktyabr 2002-ci il tarixli, 987 № -li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsı ilə əlaqədar, bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu .

3. Sual olunur: Görəsən, 15 ilə başa çatdırılmayan hazırlıq işlərinə təkrarən yenidən başlanarsa, attestasiyanın keçirilməsinə daha neçə il müddət tələb olunacaq? Ümumiyyətlə, yeni hazırlıq işləri aparılsa belə, 30 min civarında müəllimi işindən-gücündən ayırıb, sınaq qiymətləndirilməsi adı ilə imtahanlara cəlb edib, ajiotaj yaratmağa ehtiyac vardımı?

4. “Sınaq” anlayışı nə vaxtdan rəsmi qiymətləndirmə meyarı olub ki, biz onunla müəllimlərin əmək haqqını müəyyən edirik? Bunun adı sınaqdırsa, hansı fərqləndirmədən, hansı qiymətləndirmədən söhbət gedə bilər? TQDK da sınaq imtahanları keçirir. Həmin yanaşma ilə, gərək ali məktəblərə qəbulda sınaq imtahanlarının nəticələri nəzərə alınsın.

5. Mərdanovun sensasion “kəşfi” olaraq, orta ümumtəhsil məktəblərində yekun imtahanı ilə yanaşı, imtahan öncəsi keçirilən sinaq imtahanlarının nəticələri də nəzərə alınmaqla, çoxhədli düstur əsasında attestat qiymətlərinin çıxarılması ideyasının iflasa uğraması nə tez yaddan çıxdı? Axı o vaxt da, geniş ictimaiyyətin həyacan siqnalları nəzərə alınmamışdı.

6. ”Sınaq imtahanlarını attestasiya ilə qarışdırmaq olmaz. Attestasiyanın nəticəsi müəllimin işdə qalıb-qalmamasını həll edir” - xəstə düşüncənin məhsulu olan bu “qanadlı fraza”, görəsən hansı ensiklopedik nəşrdən götürülüb? Pedaqoji kadrlarin əməyinin obyektiv qiymətləndirilməsində attestasiya sisteminin yaradılmasının zəruriliyini, sınaqdan çıxmış vasitə kimi, ön plana çəkən İslahat Proqramını nə tez arxivə göndərdik?

7. Məntiqinizdən belə çıxmırmı ki, attestasiyaya hazirliq mərhələsi hesab etdiyiniz sınaq qiymətləndirilməsində uğurlu nəticə göstərən bir qisim müəllimlərin əmək haqqı qaldırılacaq, “Müəllimlərin müəllimi” kimi absurd adlarla rəğbətləndiriləcək, hazırlıqdan sonrakı attestasiya mərhələsində isə, artıq digər qisim müəllmlərın cəzalandırılması, yəni kütləvi surətdə işdən qovulması prosesinə başlanacaq?

8. Yaddan çıxmamışkən, “Müəllimlərin müəllimi” nə deməkdir? Birdən, eyni məktəbdə işləyən iki müəllimdən birinə, şagirdlərdən biri deyə bilməzmi ki, Siz müəllimlərin müəllimisiniz, bizim yox, gedin, bizə dərs deyən digər müəllimlərimizə dərs keçin? Zarafat bir yana, heç “mühəndislərin mühəndisi”, “həkimlərin həkimi”, “aqronomların aqronomu” ifadələrinə rast gələn olubmu?

9. Eyni idarədə çiyin-çiyinə çalşan metodistlərə bildiriş göndərib, buraxılış vərəqi ilə onları da zorla siravi müəllimlərə qatıb, imtahan etmək cəhdinin etiraz aksiyası ilə sonuclanması kiməsə lazim idi? Bu, hansı məntiqdən və etik normadan irəli gəlir? Dünənki cücə bu günkü cücəyə... məntiqindən? Müəllimlərə yol göstərən bu status sahiblərinin, bundan sonra hansısa bir müəllimə “ağıl verəcəyini” kim qəbul edəcək?

10. İmtahan testlərinə salınan, əyləncəli “krossvord” xarakterli suallar, müəllimin bilik və səriştəsini, peşəkarlığı ilə əlaqədar, digər keyfiyyətlərini üzə çixarmaqda və qiymətləndirməkdə nə dərəcədə etibarlıdır? Sınaq imtahanlarının təşkilatçılarının özləri, Bakı təhsilinin çoxillik və zəngin təcrübəsinə yiyələnmək sınağından çıxıblarmı?

11. Əmək haqqının artırılması ümidi ilə yaşayıb, gözü yolda olan, bölgələrdəki məktəblərin müəllimlərının günahı nədir ki, onları bu sınaq imtahanlarına cəlb etməyiblər? Onlar nə qədər gözləməlidirlər ki, növbə gəlib onlara da çatsın? Bu eyni ölkənin eyni hüquqa malik olan vətəndaşları arasında ayrıseçkilik salmaq deyilsə, bəs nədir?

12. Müəllimlərə gah lisenziya, gah sertifikat veriləcəyi, gah da könüllü attestasiya keçiriləcəyi barədə vədlər verib, sonradan, sınaq imtahanlarının hələ attestasiyaya hazirlıq mərhələsi olduğunu bəyan etməklə, karusel əməliyyatina nə vaxt son qoyulacaq? Bəlkə iradə nümayiş etdirib, bu attestasiya labirintindən birdəfəlik çıxaq?

İmkan məhdudluğunu nəzərə alıb, kiməsə başağrısı olmasın deyə, təkcə bir faktı xatırlatmaqla fikirlərimi yekunlaşdırmaq qənaətindəyəm. Bir vaxtlar, yəni çox da uzaqlaşmadığımız Sovet dönəmində uşaqlarımızın özlərinə “fəxri baba” saydıqları, böyüklərimizin proletariatın banisi hesab etdikləri bir tarixi şəxsiyyətin, atributa çevrilən bir kəlamı bütün təhsil müəssisələrinin foyelərini bəzəyərdi: “Bizdə, müəllim bu vaxta qədər heç bir cəmiyyətdə durmamış olduğu, durmadığı və dura bilməyəcəyi bir səviyyəyə qaldırılmalıdır.”

Bəlkə də, o dövrün müəllimlərinin yüksək nüfuz sahibi olması, elə bu gerçəkliyə səsləyən çağırışdan qaynaqlanirdı?! Bəlkə quruluşu, sistemi bəyənib-bəyənməməyimizdən, qəbul edib-etməməyimizdən asılı olmayaraq, deyilən fikirlərə hörmətlə yanaşaq. Müəllimın kemiş nüfuzunu qaytara bilmiriksə, heç olmasa, olan-qalan nüfuzuna zərbə vurmayaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar