RAMİL USUBOVDAN POLİS RƏİSLƏRİNƏ “EHSAN XƏBƏRDARLIĞI" - "Polis molla, axund deyil ki..."

Məlum olduğu kimi, bu ilin avqust ayının sonlarından etibarən, Azərbaycanda hüzr mərasimlərinin ciddi nəzarət altında keçirilməsinə, ehsan verilməsinin qarşısının alınmasına təşəbbüs olundu. Bununla bağlı qərarın hansı səviyyədə və niyə verildiyi açıqlanmasa da, mətbuatda ehsan qadağasının, daha doğrusu, bu sahədə islahat təşəbbüsü müəllifinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla olduğuna dair məlumatlar yayıldı. Məhz K.Abdullanın yas məclislərinin təvazökar, israfçılıqdan kənar keçirilməsi, eləcə də bahalı qəbir daşlarının qadağan olunması təklifləri ilə çıxış etdiyi bildirilir. Vəzifəyə təyinatından sonra həm dini-mənəvi sahələrdə islahatlar aparmağa, həm də bu sahədə əsas söz sahiblərindən biri olduğunu göstərmətyə çalışan K.Abdullanın bu təkliflərinin müsbət qəbul olunduğu və tətbiqinə icazə verildiyi də yayılan məlumatlar sırasında idi.

Bu sahədə onun əsas dəstəkçilərindən biri isə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oldu. Təsadüfi deyil ki, qadağalar barədə mətbuatda məlumatlar getdikdən sonra, komitə sədri Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir”.

Bu və digər açıqlamalardan sonra bir çox rayonlarda yas mərasimlərində ehsan süfrələrinin açılması qadağan edilməyə başladı. Bunun səbəbi kimi, “yuxarıdan” yerli icra hakimiyyətlərinə yas mərasimlərində yalnız çay, xurma və halva verilməsinin təmin edilməsi barədə tapşırığın verilməsi göstərilirdi. Bir sıra rayonlarada bu tapşırıq, necə deyərlər, “artıqlaması” ilə yerinə yetirilir, caydan əlavə süfrəyə başqa heç nə qoyulmağa imkan verilmirdi. Bəzi icra başçıları bu işə yalnız mollaları, yerli icra və bələdiyyə strukturlarında çalışanları deyil, hətta polisləri də çəlb etmişdilər.

Məhz polis vasitəsilə qadağaya əməl etməyənlər cəzalandırılır, cərimələnir, hətta yeməkləri belə müsadirə olunurdu. Məsələn, Şəmkir rayonunda, Bakının Zabrat qəsəbəsində, Sabunçu rayonu ərazisində keçirilən hüzr məclislərinə polis əməkdaşlarının müdaxilə edərək, ehsan verilməsinin qarşısını aldığı, yeməkləri müsadirə etdiyinə dair məlumatlar yayılmışdı.

Bu və dıgər faktlar, eyni zamanda dövlətin israfçılığın daha açıq şəkildə özünü büruzə verdiyi şadlıq evlərindəki toy mərasimlərinə deyil, yas məclislərinə müdaxiləsi yerlərdə narazılıqlara səbəb oldu. Bu qadağalar Qafqaz Müsəlmanları İdarəsi (QMI) tərəfindən də etirazla qarşılandı. Narazılıqların artması və Şeyxülislam Allahşükür Paşazadənin birbaşa müsaxiləsindən sonra isə, bu kampaniyanın genişlənməsinin qarşısı alındı.

Hətta M.Qurbanlı da mövqeyində yumşalma edərək ehsan məclislərinin məcburi deyil, könüllü olaraq tənzimlənməsinə tərəfdar olduğunu bildirdi.

Yaslardakı ehsan qadağaları ilə bağlı məsələyə bu yaxınlarda Daxili İşlər Nazirliyində (DİN) keçirilən tədbirdə də toxunulub. Məlumatlı mənbədən, “AzPolitika.info”ya verilən bilgiyə görə, DİN-in rəhbər şəxslərinin, rayon polis idarələrinin rəislərinin qatıldığı tədbirdə çıxış edən nazir Ramil Usubov, yas mərasimlərinə polisin müdaxiləsinin yolverilməz olduğunu bəyan edib. Rayon polis idarələrinin rəislərinə xəbərdarlıq edən cənab Usubov deyib ki, "polis molla, axund deyil, yas mərasimlərinə qatılıb, ehsanın neçə verilməsinə müdaxilə etsin". Bildirib ki, qanun pozutusuna dair
hansısa məlumat olmadığı halda, kimlərinsə şifahi göstərişi ilə polis əməkdaşlarını yas mərasimlərinə müdaxilə etməyə göndərən rəislər ciddi şəkildə çəzalandırılacaq.

Yəni, R. Usubov yerli icra hakimiyyətlərinin yas mərasimlərinə müdaxilə etmək üçün polisin gücündən istifadə etməsinin yolverilməz olduğunu bildirib.

Bu isə hüzr mərasimlərində ehsan verilməsinə qoyulan qadağanın ölkə rəhbərliyi səviyəsində dəstək qazanmadığını göstərir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar