HƏBSXANALARDAKI DƏHŞƏTLİ KORRUPSİYANIN FOTOSU - Rüşvət TARİFLƏRİ

“1/3- in qiyməti ayı 200-250 manat, 1/2-in qiyməti ayı 300-400 manatdır. Qatı cinayətkarlar belə pulunu verib vaxtından əvvəl bu imkanlardan istifadə edə bilər”

“Məhbuslara havanı da pulla satırlar”

Noyabrın 6-da təqdimatı keçirilən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatı ilə bağlı saytımızda məlumat vermişdik. Hesabatda əksini tapan

Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə, hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir: həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

Hesabatın hazırlanmasında məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

“Dustaq təcridxanaya düşdüyü ilk gündən rüşvətlə üzləşir”

Hesabatda həbs yerlərində hökm sürən korrupsiya ilə bağlı geniş qeydlər var. Sənəddə həbsxanalarda yığılan rüşvətin təyinatı və həcmi də hesabatda əksini tapır. Belə ki, hesabatın “Həbs yerlərində korrupsiya faktları” bölməsində bu haqda geniş məlumat verilir. Qeyd olunur ki, Azərbaycan reallığında həbs olunan şəxs ilk gündən başlayaraq Müvəqqəti Saxlama Təcridxanasından İstintaq Təcridxanasına, Cəza Çəkmə Müəssisəsinə (CÇM) və azadlığa çıxdığı günə qədər korrupsiya burulğanında boğulur: “Dustağa göndərilən yeməkdən tutmuş, onunla görüşə qədər, hər şeyin öz qiyməti var. Düstağın imkanına uyğun olaraq, bu qiymətlər dəyişir: artır və azalır. Dustaq Təcridxanaya düşdüyü ilk gündən rüşvətlə üzləşir. Karantində qalmaq istəmirsə, hökmən pul verməlidir. Hətta Təcridxanalarda kameraların vəziyyətinə və şəraitinə uyğun olaraq, öncədən təyin olunmuş qiymətləri var”.

Cəza Çəkmə Müəssisələrinin rəhbərləri kimdən, nə qədər alır?

Hesabatda aparılan araşdırmalara və dustaqların verdiyi məlumatlara əsaslanaraq bildirilir ki, CÇM-lərin ərazisində fəaliyyət göstərən bütün xidmət sahələri, ticarı köşklər, dükan və s. üçün müəssisənin rəhbərliyinə haqq verilir: “Məsələn, CÇM- nin rəisinə hər ay hamamçı 900 manat, yeməkxanaçı 900 manat, telefonçu 2000 manat, ərzaq anbarının rəhbəri isə daha çox həcmdə rüşvət ödəyir. Hətta bəzi müəssisələrdə məhbusların yemək, paltar saxladığı və yemək bişirdiyi yerə ayda haqq verirlər. Bir çox həbs yerlərində köhnəlmiş sistemlə işləyən hamamlar 600- 700 nəfərlik müəssisədə həftənin 2 gününü pulsuz, qalan 5 gününü isə pullu fəaliyyət göstərir.

Məhbusun ailə üzvləri ilə görüş növbəsi çatanda onlardan 10, 20, 50 manat, hətta bəzən daha yüksək miqdarda rüşvət alırlar. Həftəlik görüş üçün isə giriş qapısından tutmuş, bütün nəzarətçilərə qədər, haqq verməlisən. Əks halda dustağı qara günlər gözləyir. Hətta bəzi həbs yerlərində məhbusla görüşmək üçün onun qanuni vəkillərindən də "şirinlik" adı ilə pul alırlar (!?). CÇM-lərində baş verən korrupsiya hallarına, özbaşınalıqlara, qanunsuzluqlara etiraz edən dustaqlar ya “kars”-a salınır, ya da fiziki zorakalığa və işgəncəyə məruz qalırlar. Onlara qarşı başqa cəza növləri də tətbiq edilə bilər”.

Daha sonra hesabatda 12 saylı CÇM-də hökm sürən korrupsiya faktları barədə həmin müəssisədə cəza çəkən bir qrup şəxsin dövlət başçısı və digər vəzifəli şəxslərə ünvanladıqları müraciət haqda məlumat verilir. Müraciətdə qeyd olunur ki, “Məhkumların həftədə 2 dəfə 15-dəqiqə olmaqla, doğmaları ilə telefon əlaqəsi yaratması nəzərdə tutulur. Ancaq Müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əsasən, həftənin bütün günləri, günün bütün saatlarında 1 cağırışa 5-manat ödəməklə, istənilən vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi tək telefondan hər ay 25 min manatdan cox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat, nömrə hamamda çimmək 5 manat, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. CÇM-də 3 kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1 caynik cay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, carpayının 1-ci yarısında yer almaq ücün 150 manat, məcburi əməyə karantində cəlb edilməmək ücün 200 manat ödəməlisən. Əks halda - işləməsən ağır işgəncələrə məruz qalıb “kars”-a salınıb, haqqında tənbeh tədbiri tətbiq ediləcək.

“12 saylı CÇM-də məhkumları tez-tez təxribata cəkib, onlardan pul alırlar”

12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov eyni gündə - 29 dekabr 2013-cu tarixdə bu vəzifəyə təyin ediliblər. Həmın vaxta qədər müəssisədə kompyuter tədrisi ücün xüsusi otaq ayrılıb. 13 ədəd kompyuterdə məhkumlara pulsuz dərs keçilirdi. Bu cütluyun təyinatından sonra dərslər ləğv edildi və kompyuterdə saatı 5 manat olmaqla, oyunlar oynamağa çevirdilər. Səhər saat 10-dan axşam saat 21-dək 13 ədəd kompyuterdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir.

Məhkumları tez-tez təxribata çəkib, onlardan pul alırlar. Rəhbər cutlüyün verdiyi ağır dözülməz işgəncələrin nəticəsində müəssisədə çoxlu sayda yaralı- xəsarətli məhkumlar var. “Kars”-da qan su yerinə axır. Hər ay saç qırxımı kecirilir. Saç saxlamaq ücün 1 aya 10 manat pul ödəməlisən ki, buna görə ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın hiss edə bilər. Başında saçı olan və qırxılmış məhkumları görmək kifayətdir. Maqazində hər şey 3-4 qat baha qiymətə satılır. Məhkumlara verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən çox pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaqlar maqazində və əldə satdırılır. Çürümüş kartof- soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqlardan hazırlanan yeməyi daimi yeyib sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki, müayinədən keçirilən zaman 700-ə yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edildi. Yataqxanalarda sıxlıq, anti-sanitariya, havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da, 3 ədəd tualet, 3 su krantı var ki, bu da uzun-uzadı növbələr yaradır, buna görə mübahisələr, dava-dalaşlar olur. Bundan ancaq müəssisə rəhbərliyi yararlanıb dava-mübahisə edən məhkumlardan pul alır ki, əks təqdirdə karsa salıb, işgəncə verəcəklər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya 300 manat verib uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir. Cari ilin sonunadək 400 nəfər məhkumun cəzasının sonudur. Bu da o deməkdir ki, onlar cəzalarının dörddə üc hissəsindən çoxunu cəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə bilmədikləri ücün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər. Çünki məhkəməyə işləri CÇM rəhbərliyi təqdim edir. Məhkumların görüşünə gələn qohumları ancaq ərzaq məhsulları gətirirlər ki, bu da burada verilən qidanın qəbulunun mümkünsüz olduğunun əyani sübutudur. Məhkuma qohumu tərəfindən verilən hər 100 manat pula görə müssəsisə rəhbərliyi 30 manat pul alır. Müəssisə rəisi işə çox vaxt içkili vəziyyətdə gəlib, məhkumların yoxlanılması vaxtı məhkum kütləsi qarşısında nalayiq söyüşlər söyur.

“300 nəfərin adı işə yazılıb, əmək haqları mənimsənilir”

12 saylı CÇM- də məhkumların özlərinə yemək bişirib, cay dəmləmələri üçün ayrılmış yerdə maye qazının tərkibində dəm qazı həddindən artıq çox olduğundan, bu, ağır xəstəliklərə gətirib çıxarır. Ancaq qarşısını alan yoxdur. Tez-tez qaz, işıq, su kəsilir ki, buna görə əziyyət çəkirik. Müəssisədə 300 nəfərdən çox məhkumun adı işə yazılıb. Onların əvəzinə rəhbərlik imza edib, əmək haqlarını mənimsəyir ki, bu hər aya 20.000 manat pul edir. Cəmi 60-70 nəfər işləyir. Ancaq 300 nəfərin adı işə yazılıb. Müəssisədə istehsal olunan nərdtaxtalar, təsbehlər, evciklər və s. əşyalar satışa çıxarılır, əldə edilən pulları rəhbərlik mənimsəyir. Dövlətə hec bir vergi ödənilmir. Ümumiyyətlə, 12-saylı CÇM- də hec bir dövlət qanunları işləmir. Burda korrupsiya şəbəkəsinin özəl qanunları işləyir ki, bunun qarşısı mütləq alınmalıdır”.

Hesabatda bildirilir ki, bu müraciətin mətbuatda dərcindən sonra məktuba imza atmış məhbuslar həbsxananın rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalaraq, onlardan öz şikayətlərini və imzalarını geri götürmələri tələb olunub: “Müraciəti imzalamış şəxslərdən biri, 12 saylı CÇM- də cəza çəkən məhbus Hüseynov Ceyhun Əbülhəsən oğlu adı çəkilən həbsxananın rəhbərliyi tərəfindən ciddi təzyiqlərə və zorakalıqlara məruz qalıb. Onun həyat yoldaşı Hüseynova Esmira “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına müraciət edərək, şikayətlərini davam etdirən ərinin öz tələblərində israr etdiyinə görə ağır işgəncələrə məruz qaldığını bildirib: “Onu öldürmək istəyirlər. Həyat yoldaşımın vəziyyəti çox ağırdır, həyatı təhlükədədir, xahiş edirəm kömək edin”.

Aparılan araşdırmalar və verilən məlumatlar göstərir ki, 12 saylı CÇM- də olan bərbad vəziyyət digər həbsxanalarda da hökm sürür”.

“Həbsxanalarda evlər tikib məhkumlara ayı 150- 200 manata kirayəyə verirlər”

Hesabatda daha sonra qeyd olunur ki, məhkumlar cəzanın 1/3, 1/2 hissəsini çəkdikdə onların daha yüngül cəza ilə - şərti cəza ilə azad olma hüququ var. Bu hüquqdan istifadə CÇM rəisinin rəyindən asılıdır. Siyasi məhbuslar istisna olmaqla, bu barədə müsbət rəy yazmaq və dustağa mukafat yazdırmaq konkret məbləğlə həyata keçirilir. Bu məqsədlə müəssisələrdə tez-tez iclaslar keçirilir. 1/3- in qiyməti ayı 200-250 manat, 1/2-in qiyməti ayı 300-400 manatdır. Qatı cinayətkarlar belə pulunu verib vaxtından əvvəl bu imkanlardan istifadə edə bilər.

Evlə telefonla danışmaq qanunla təsbit edilsə də, bunun üçün də nəzarətçilərə "şirinlik" verilməlidir. Bəzi CÇM-lərinin ərazisində müəssisə rəhbərliyi kirayə evlər tikib, məhkumlara ayı 150- 200 manata kirayəyə verirlər. Məhkumlar kirayədə yaşasın deyə böyük əksəriyyətin yaşadığı yerlər bərbad vəziyyətdə, baxımsız saxlanılır.

CÇM- lərdə korrupsiya nəticəsində dustağa hökumət tərəfindən ayrılan ərzağın, geyimin və dərmanların hec 10%- i çatmir. Ona görə dustaqlar bunların hamısını evdən gətizdirirlər. Müəssisələrdəki dükanlarda mallar baha qiymətə satılır, ağır xəstələr və narkomaniyadan müalicə olmaq ücün Mərkəzi Xəstəxanaya göndərilmək üçün rüşvət verməlidir.

Cəza Çəkmə Müəssisələrində vəziyyət acınacaqlıdır. Rüşvətxorluq bir kabus kimi burada dolaşmaqdadır. İnsan hüquq və azadlığı deyilən məhfumdan isə danışmaq belə qorxuludur. Az hallarda bu “Azadlıq Femidası”-ndan nisbətən siyasi məhbuslar, jurnalistlər az qala həyatı bahasına faydalana bilir. Hətta bəzi təcridxanalarda dustağın çıxıb hava almasına, kameralardakı gözlüklərin ("qarmoşka”-ların) açılmasına görə də məhbuslardan rüşvət alırlar. Yəni məhbusa havanı da pulla satırlar.

Həbsxanalarda nəyə görə, nə qədər rüşvət alınır?

Hesabatda həbs yerlərində yığılan rüşvətin təyinatı və həcmi cədvəl şəklində təqdim edilib. Beləliklə, hər bir xidmət üzrə tələb olunan rüşvətin həcmi aşağıdakı kimidir:

1. Məhbusa sovqat və ya bağlama göndərmək - 5-15 manat;

2. Məhbusla görüş - 20-100 manat;

3. Aşağı çarpayıda yatmaq - 150-200 manat;

4. “Burjuysku” kamerada yer almaq - 500 - 2000 manat;

5. CÇM- lərdə xüsusi otaqlarda qalmaq - 1 ayı 150-300 manat;

6. Saç saxlamaq - 10- 20 manat;

7. İdman zalında məşq etmək - 10-30 manat;

8. Telefonla danışmaq - 5- 15 manat;

9. ½- lə vaxtından qabaq azad olmaq - ayı 350- 400 manat;

10.1/3- lə vaxtından qabaq azadlığa çıxmaq - ayı 200- 250 manat;

11. Fərdi qaydada hamamda çimmək - 5 manat;

12. Camaşırxanada paltar yumaq - 1 paltar 50 qəpik-1 manat;

13. Tibbi Müəsissəyə (“Sançasta”) getmək - 200- 500 manat:

14. Əlavə olaraq Tibbi Müəsissədə qalmaq - ayı 150- 200 manat;

15. Uzun müddətli görüş almaq - 150- 300 manat;

16. “Karmoşka”- nı (gözlüyü) açdırmaq - 1 saatı 5 manat;

17. Kamerada vintiliyator və elektrik plitələrinin saxlanması- 1 ayı 10- 30 manat

18. Yeməkxanada yemək - 1 porsiyası 3- 7 manat;

19. Çarpayının 1- ci yarısında yer almaq -150- 200 manat;

20. Karantində məcburi əməyə cəlb edilməmək üçün- 250- 300 manat;

21. Kompyuter mərkəzində oyun oynamaq - saatı 5 manat;

Hesabatda qeyd edilir ki, qanunda bu xidmətlərin heç biri üçün dövlət rusumu nəzərdə tutulmayıb. Həmçinin, bildirilib ki, həbs yerlərində olan maqazinlərdə qiymətlər adi qiymətlərdən 1,5- 4 dəfə bahadır

Hesabatın digər məqamları ilə bağlı növbəti yazılarda məlumat verəcəyik.

Azərbaycan Respublikası Penitensiar Xidmətin və yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar