HAVA SƏRHƏDDİMİZİ POZAN ERMƏNİSTAN VERTOLYOTU VURULDU- 3 erməni hərbçisi həlak olub

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub. Məlumata görə, cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Ermənistan tərəfi də faktı təsdiqləyib. Erməni mətbuatının yazdığına görə, “Mİ-24” vertolyotu təlim-məşq uçuşu həyata keçirən zaman Azərbaycan silahlı qüvvələri tərəfindən vurulub. 

Azərbaycanın Müdafiə Nazirliyindən faktıtəsdiqləyiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

"Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb", - deyə MN-in məlumatında bildirilir.

Silahlı qüvvələrinin helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. İ.Muradov qiymətli hədiyyə ilə də mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb.

"AzPolitika.info" Ermənistan mənbələrinə istinadən bildirir ki, Azərbaycan ordusu tərəfindən vurulmuş vertolyotda 3 erməni hərbiçisi həlak olub. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan vurulan vertolyota mayor Sergey Saakyanın komandirlik etdiyini bildirib. Digər heyət üzvlərinin adları hələ açıqlanmır. Qondarma “DQR müdafiə nazirliyi” hər üç heyət üzvünün həlak olduğunu, onların cəsədlərinin taleyi barədə daha sonra məlumat veriləcəyini bildirib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar