“Mənə borcu olan minlərlə adam var” - Rəsul Quliyev

“Mənim Əliyev hakimiyyətini legitim və ya qeyri-legitim hesab etməyimin kimə isti və ya soyuğu ola bilər, bilmirəm”

Eks-spiker, ACP-nin sabiq lideri Rəsul Quliyev “Yeni Müsavat”a müsahibə verib. O, son vaxtlar Milli Şuraya qarşı səsləndirdiyi ittihamlara, bundan sonrakı siyasi fəaliyyəti, habelə iqtidara yaxınlaşmağa çalışması iddiaları ilə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Rəsul bəy, ACP-dən getmisiniz, Milli Şura ilə konfliktli durumdasınız. Siyasi mübarizəni bundan sonra hansı formatda, kimlərlə aparmağı planlaşdırırsınız?

- ACP-dən getməyim normal siyasi addımdır. Mən ABŞ-dan partiyanı real idarəetmə şansına malik deyiləm. 2012-ci ildə partiyanın formalaşması üçün əsas işləri gördüm. İndi də artıq formalaşmış bir quruma tam sərbəstlik verdim. Öz həyat təcrübəmdən bilirəm, məsuliyyət və səlahiyyət bilavasitə yox, birbaşa üzərinə düşəndə müəyyən uğurlu addımlar ata bilərsən. Ona görə də ACP-nin uğurlu olacağına inanıram. O ki qaldı Milli Şuraya, mənim bu təşkilatla heç bir konfliktim yoxdur. Sadə insan məntiqi ilə hər bir məğlubiyyətdən sonra səbəblər araşdırmalıdır. MŞ məğlubiyyətin səbəbini ancaq hökumətin saxtalaşdırmasında görür, elə ancaq “Cəmil Həsənli prezidentdir” kimi yanlış ifadəni təkrarlayır. Adamdan soruşarlar, məgər siz bilmirdiniz seçkilər saxtalaşdırılacaq? Hansından soruşsan deyəcək bilirdim. Adamdan soruşarlar, hansı protokollara, sənədlərə söykənib “Cəmil Həsənli uddu” deyirsiniz? Məgər rayonlarda keçirilə bilməyən, Bakıda təşkil olunmuş ən çoxu 5 min adamın iştirak etdiyi mitinqlərdən ibrət dərsi götürüb uduzmanın səbəblərini daha dərindən analiz etmək lazım deyilmi? Məsələ ondadır ki, MŞ-nin üzvlərinin ən azı 80 faizi mənim dediklərimin mütləq düzgün olduğunu bilir, ancaq səslərini çıxarmırlar. Elə mövqeyimizi ürəyimizdə saxlamağımız Azərbaycanın evini yıxıb. MŞ bir iki çığır-bağır salan, şübhəli keçmişi və bu günü olanların əlinə keçib. Ona görə heç bir konfliktdən söhbət getmir. Əgər növbəti sessiyasında mənim qaldırdığım məsələlər müzakirəyə çıxarılmasa, məni o ölü təşkilatın üzvü hesab etməyə bilərsiniz. Bu da “konfliktin” sonu.

- Sizin ACP-dən ayrılmağınıza maliyyə məsələlərinin səbəb olduğu iddia edilir. Bunların əsası varmı?

- Bunu kimin iddia etdiyini deyə bilmərəm, ancaq heç bir əsası olmayan iddiadır. Mənim həyatım elə qurulub ki, heç kimə heç vaxt nə mənəvi, nə də maddi borcum olmayıb. Ancaq mənə bu iki göstərici üzrə borcu olanların sayı minlərlədir. Və ən əsası mən bunu heç bir qəhrəmanlıq saymıram, fikirləşirəm ki, imkanı olan hər insan bu işləri görməlidir. Borcunu qaytarmaq əvəzinə mənim əleyhimə passiv və ya aktiv çıxanlara qarşı da kin saxlamıram. Çünki həyat bu tipli adamlarla zəngindir, təəccüblənməli bir şey yoxdur.

- Son açıqlamalarınızda Milli Şuranı, Azərbaycan müxalifətini sərt tənqid edirsiniz. Haqlı və ya haqsız olmağınız məsələnin başqa tərəfidir. Bəs indiki durumdan çıxış yolunu nədə görürsünüz?

- Düzü, bu səviyyədə dərin uğursuzluqdan sonra mənim tənqidlərimi sərt hesab etməniz qəribə görünür. Əslində mənim tənqidlərim yerindədir, başqalarının eyforik çıxışları böyük sual doğurur. İndiki durumda ilk növbədə MŞ-ya daxil olan liderlərin hamısı bir nəfər kimi istefa verməlidirlər. Biz Əliyevlərin 20 illik rejimini qeyri-normal hesab edirik. Bu il Əliyevin prezident seçkisində iştirak etməməsini tələb edirdik. Bu tələblər eyni ilə bizə də aid olmalıdır. 20 ildir “Azərbaycan xalqı böyük məhrumiyyətlərlə öz azadlığına artıq yaxınlaşıb” deyə-deyə nə qədər bu milləti aldatmaq olar? Əliyevlər deyirlər, bu gün Azərbaycanda onları əvəz edə biləcək adam yoxdur. Eyni şeyləri ana müxalifət adlandırılan partiyaların liderləri də deyirlər.

Bu birinci addımdan sonra yeni liderlər real siyasət üzərində qurulmuş yeni qurumlar yaratmalıdırlar. Konkret aybaay, rüblərlə planlarını qurmalı, həyata keçirməli və xalqa məlumat verməlidirlər. Ancaq belə şəkildə xalqın inamını qismən bərpa etmək olar. Özlərini təcrübəli sayan indiki liderlərin təcrübəsi yaddan çıxsa yaxşıdır, çünki o təcrübənin nəticəsi göz qabağındadır.

- Sizin Obamanın İlham Əliyevi təbrik etməyinizi şərh etdiniz, bu həm də belə fikirlər yaratdı ki, siz hakimiyyətin legitimliyinin tanınmasına işarə etmisiniz. Bu barədə qənaətiniz nədir?

- Orada mənim hakimiyyətin legitimliyi ilə əlaqədar işarə vurmağımı tapmaq qeyri-mümkündür. Hətta yozulmağa meylli olan Azərbaycan dilində belə. Mənim Əliyev hakimiyyətini legitim və ya qeyri-legitim hesab etməyimin kimə isti və ya soyuğu ola bilər, bilmirəm. Ümumiyyətlə, Azərbaycanın daxilində Əliyevin hakimiyyətini legitim saymayanlar hansı işləri görə bilərlər, açıqlasınlar, camaat da başa düşsün. Məsələn, onlar “Əliyevin fərmanlarını qəbul etmirəm çünki o legitim deyildir”, yaxud da məsələn, “Ramil Usubov mənim üçün daxili işlər naziri deyil, ona görə də polisə qulaq asmayacağam” deyə bilərlər? Xeyr. Onda hansı qeyri-legitimlikdən söhbət gedir?

- Sizin son vaxtlar müxalifəti sərt tənqid edən açıqlamalar verməyinizə əsaslanaraq bəzi ekspertlər deyir ki, bunların sonunda siz ölkəyə dönməyiniz, əməkdaşlıq üçün İlham Əliyevə müraciət edəcəksiniz. Bunlar nə dərəcədə ciddi proqnozlardır?

- Düzü, bu yanaşmaya görə Azərbaycanda ekspertlərin olmasına böyük şübhəm var. Bunlar həmin ekspertlərdir ki, “Paşayevlər-Əliyevlər müharibəsi bu rejimi yıxacaq”, “ermənistanlılarla naxçıvanlıların qarşıdurması rejimi laxladıb”, “Mehriban xanım Əliyevanı prezidentliyə namizəd hazırlayırlar və sair şayiələri yayırdılar. Mənim dəyişməyən mövqeyim və ideyalarım vardır. İstənilən komanda ilə əməkdaşlıq ancaq bu ideyaların çərçivəsində ola bilər. Bir çoxları mənim vəzifə xatirinə fikirlərimdən əl çəkməyimin qeyri-mümkün olduğunu hələ də anlaya bilmirlər. Əlbəttə, vəzifə xatirinə hər şeyi qurban verməyə hazır olanların bunu başa düşməsi mümkünsüzdür. Azərbaycana gəlmək üçün mən öz şəxsiyyətimi niyə elə sınaqlardan keçirməliyəm, onu da başa düşmək çətindir. Deyəsən, azərbaycanlılar hələ də "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" bayatısının təsirindən xilas ola bilmirlər. Fikirləşmirlər ki, bu bayatı ortaya çıxanda hələ heç qatar da yox idi. Şuşalı Gəncədə yaşayanda özünü qərib hesab edirdi.

- Sizcə, hakimiyyət ölkədə demokratikləşməyə doğru addımlar atacaqmı, islahatlar aparacaqmı, yoxsa sistem daha da sərtləşdiriləcək?

- Prezidentin çıxışları rüşvətlə əlaqədar müəyyən işlərin görüləcəyindən xəbər verir. Fikrimcə, hökumət rejimə loyal müxalifəti gücləndirmək istiqamətində də müəyyən işlər görəcək. Kardinal islahatlar olmayacaq. Düşünmürəm ki, sərtləşmə artacaq, əksinə zəifləyəcək. Həmin bu fonda bəzi şəxslərə qarşı sərtləşmə arta bilər.

- Necə düşünürsünüz, ümumilikdə qarşıdakı 5 ildə Azərbaycanı nələr gözləyir?

- İndiki müxalifət yaxın beş ildə özü getməsə, camaat tərəfindən unudulacaq. Xüsusilə “Yeni Müsavat” və “Azadlıq” qəzetləri zəifləsə faktiki olaraq AXCP və Müsavat Partiyaları gündəmdən çıxacaq. Əslində məntiqi baxımdan bu qəzetlərin ləğv olunması hökumətə də lazım deyildir. Abunəçilərin sayını artırmaq çox vacibdir, ancaq həll edici deyil. Hökumət bu qəzetlərin yaşaması üçün şərait yaratmalıdır. Yaxşı olar ki, bu qəzetlərin redaktorları ilə görüşüb, hər hansı partiya mənsubluğundan, kimə simpatiyasından asılı olmayaraq, sözün əsl mənasında müstəqil məsələn, “Washington Post”, “Chikaqo tribun”, “Shpigel” kimi qəzetlərini formalaşdırmaq və maliyə köməyi ayrılmasını müzakirə etsin. Hakimiyyət qəzetlərin yayılmasına maneçilikləri aradan götürsün, öz ünvanına olan tənqidlərdən də qıcıqlanmasın...

Ümumilikdə Azərbaycanın daxilində baş verə biləcək hadisələr bir başa enerji resursların miqdarı və qiymətindən asılıdır. Bu rəqəmlər neqativ istiqamətdə dəyişsə, xaosdan tutmuş özbaşınalığa qədər hər şey baş verə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar