“Bu hakimin prosesi aparmağa ixtiyarı yoxdur"

Vəkil Xalid Bağırov: “Yadigar Sadıqovun məhkəməsi kobud qanun pozuntusu ilə keçir”

Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqovun məhkəmə prosesi kobud pozuntularla keçir. Bu barədə onun vəkili Xalıd Bağırov Turan-ın müxbiri ilə söhbətində bildirib. Belə ki, noyabrın 12-də Müsavat fəalının işi üzrə məhkəmə başlayıb.

Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, Qarabağ müharibəsi veteranı Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. Sonuncu bildirib ki, guya çayxanada Y.Sadıqov heç bir səbəb olmadan onu təhqir edib, sonra da döyüb. Lənkəran polisi Y.Sadıqova qarşı CM-in

221.3-ci maddəsi (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq törətmək) ilə cinayət işi qaldırıb. Noyabrın 5-də iş üzrə hazırlıq iclası keçirilib.

Noyabrın 12-də vəkil X.Bağırov məhkəmədən əvvəl Lənkəran polisinin təcridxanasında saxlanılan müttəhimin yanına buraxılmayıb.

Lənkəran Rayon Məhkəməsində bu məhkəmənin sədri Elçin Kazımov müttəhimin vəkillə yanaşı oturması barədə vəsatətə məhəl qoymayıb. Vəkil norveçli Breyvikin fotosunu göstərib. Belə ki, 80 nəfəri öldürən qatil məhkəmə prosesində öz vəkilinin yanında oturub. Lakin bu, hakimə təsir etməyib.

X.Bağırov bildirib ki, həm hazırlıq iclasında, həm də mahiyyəti üzrə dinləmələrdə müdafiə tərəfi hakim E.Kazımova etiraz edib.

“Bu hakimin prosesi aparmağa ixtiyarı yoxdur. O, vaxtilə Sadıqovun həbsinə sanksiya verib və buna görə də iş üzrə qərəzli şəxsdir. Eyni zamanda o, Sadıqovun həbsi barədə qərarda onu cinayət törətmiş şəxs kimi təqdim edib. Bu, müttəhimin təqsirsizlik prezumpsiyasının pozulmasıdır”, - vəkil davam edib.

Lakin hakimin pozuntusu bununla bitmir. O, cinayət işini qəbul edərkən özbaşına, heç bir iclas olmadan Sadıqovun həbs müddətini uzadıb. Halbuki, qanuna görə, hazırlıq iclasına qədər işə baxan hakimin həbs müddətini uzatmağa ixtiyarı yoxdur.

X.Bağırov foto və video çəkilişlərin aparılması ilə bağlı vəsatətin təmin edilmədiyini bildirib İttihamın mahiyyətinə toxunan X.Bağırov cinayət işinin saxtalaşdırıldığını qeyd edib.

Vəkilin sözlərinə görə, şikayətçi Kərimovun narkoman və bu maddə üzrə məhkumluğunun olmasına dair müdafiə tərəfinin sübutları var.

Bundan əlavə, onda başgicəllənmə və yuxusuzluq 1992-ci ildə Qarabağ cəbhəsində aldığı kontuziya nəticəsində yaranıb. Tibbi ekspertiza isə “bunun Yadigar Sadıqovun onu döyməsi nəticəsində” olduğunu bildirir.

İttiham tərəfinin Lənkəran şəhər sakinləri deyil, ətraf kəndlərin sakinləridir. “Bu adamlar heç istintaqda göstərilən çayxananı belə təsəvvür edə bilmirlər Onlar kənd administrasiyasının və ya bələdiyyənin işçiləridir”, ya da yerli polisə və ya hakimiyyətə yaxın adamlarıdır”, - vəkil qeyd edib.

Növbəti məhkəmə iclası 22 noyabr saat 14:30-a təyin edilib.

Y.Sadıqov ittihamları rədd edir və onu siyasi motivli hesab edir.

Lənkəran məhkəməsindən və polisdən şərh almaq mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar