Səfiyar əminin inəyi

Əbil HƏSƏNOV

Səfiyar əminin evi kəndin gediş -gəliş gur olan yerində - mərkəzdə yerləşirdi. Səfiyar əmi bundan istifadə edib evinin həyətində balaca bir dükan tikmək istəyirdi. O, əlaqədar idarələrdən lazım olan sənədləri toplayıb, dükanın tikintisinə başladı. Dükanı tikib lazım olan mallarla doldurub, yavaş-yavaş alverə girişmişdi ki, sahə müvəkkili Ramiz özünü yetirib Səfiyar əmiyə xeyir-dua verib, əlavə etdi:

- Ağsaqqal, bəs məni niyə görmürsən - dedi.

Səfiyar əmi isə ona "Səni niyə görməliyəm ki? Kim lazım idisə, onları görmüşəm. Bütün sənədlərim qaydasındadır", deyə cavab verdi.

Nə isə, Ramiz çox dedi,  Səfiyar əmi az eşitdi. Bir neçə gündən sonra səhər tezdən Səfiyar əmi tövləyə gedəndə inəyinin birini yerində görmədi. Gecəylə gəlib inəyini oğurlamışdılar.

Səfiyar əmi polis şöbəsinə gedib sahə müvəkkili Ramizə inəyinin oğurlanmasını bildirdi. Ramiz isə ona "Ağsaqqal, sən gəl şikayət ərizəsi yazma. Mən sənin inəyini tapacam. İnəyinin neçəyə satılardı?", deyə məsləhət-sual verdi.

Səfiyar əmi inəyinin qiymətini dedi. Sahə müvəkkili onu arxayın elədi ki, tezliklə inəyini tapıb gətirəcək. Bir neçə gündən sonra Ramizin maşını Səfiyar əminin dükanın qabağında dayandı. O, maşından düşüb Səfiyar əmiyə salam verib, içəri keçdi:

"Səfiyar kişi, inəyini oğurlayanları tapmışam. Onlar sənin inəyini satıblar. Mən pulunu alıb gətirmişəm". Sahə müvəkkili bunları deyib, cibindən pulları çıxarıb saydı və Səfiyar əmiyə verdi: "Səfiyar kişi, bu da sənin inəyinin qiyməti, al."

Pulun üstündən isə əlli manat götürərək, - Bu da sənin dükanının şirinliyi - deyib, hırıldaya-hırıldaya pulu cibinə basıb, dükandan uzaqlaşdı.

Səfiyar əmi isə - "İndi mən elə inəyi haradan alacağam. Bilsəydim Ramizin əlli manatını verərdim" - deyərək heyfsləndi.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar