“MTN-ə qarşı yazdığı yazıları qarşısına qoyub izahat tələb edirlər” – Pərviz Həşimlinin vəkili

Vəkil Elçin Sadıqov bu gün MTN təcridxanasında saxlanılan müvəkkili, jurnalist Pərviz Həşimli ilə görüşüb. Bu barədə Facebook-da məlumat paylaşan vəkil qeyd edib ki, P.Həşimli saxlanma şəraitindən narazılıq edib:

“Bu gün MTN-də qanunsuz olaraq saxlanılan jurnalist, vicdan məhbusu Pərviz Həşimli ilə görüşdüm. Saxlanma şəraitindan narazıdır. Bildirdi ki, hələ də Ombudsman nümayəndələri onunla görüşməyib. Mətbuat verilmir. (Hətta mənim özümlə apardığım qəzetləri də, P.Həşimlinin yanına keçirməyə icazə verilmir.) Ailəsi ilə görüş və telefonla danışmaq kimi minimal hüquqları təmin edilmir. Kamera daim rütubət olur, nəfəs almaq mümkün deyil, ayaqyolu kameranın içərisindədir, kamerada daim ağır iy var, hətta yatmaq istədikdə də, ona başını yatağın istədiyi yerinə qoymağa icazə vermirlər, deyirlər ki, gərək biz sənin üzünü görək. Bildirdi ki, hətta MTN-ə qarşı yazdığı yazıları da qabağına qoyub belə yazıları niyə yazması barədə izahat tələb edirlər.

Bundan başqa Pərviz Həşimlinin dünən istintaqa nəzarət edən prokuror Alim Cəbrayılova etdiyi şikayət vəkili Bəhruz Bayramovun əlindən zorla alınıb. Bu gün Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevə 07 noyabr 2013-cü il tarixdə həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə vəsatətə baxış iclasının protokolu ilə tanış olub qeydlər vermək barədə ərizəsi əlimizdən alındı (onların danışığından belə çıxdı ki, P.Həşimlinin məhkəmə iclas protokolu ilə tanış olmaq və ona qeyd vermək hüququ da yoxdur). Həmçinin mənim əlimdən qeydlərim yenidən məcburi qaydada alındı və sürəti çıxarıldı.”

E.Sadıqov həmçinin qeyd edib ki, P.Həşimli barəsində həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə Səbail rayon Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli qərarından verilən apellyasiya şikayətinə sabah saat 14.50-də Bakı Apellyasiya Məhkəməsinin binasında hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar