İRANIN TÜRK BİRLİYİ QORXUSU... - Və saxta məzhəbçilik ideologiyasının süqutu

İran uzun müddətdir ki, böyük regional və strateji güc mərkəzinə çevrilmək niyyətinə düşüb. Ancaq nəzərə alınmalıdır ki, bizim də yerləşdiyimiz region strateji önəminə görə dünyanın aparıcı qüvvələrinin maraq dairəsindədir. Tehran öz iqtisadi, elmi, texnoloji və hərbi imkanlarını yaxşı hesablamadan həmin qüvvələrə meydan oxumaq qərarına gəlib. Elə bu səbəbdən də İrana qarşı birbaşa hücum əməliyytalarının başlanması labüd görünür. Bunun nəticəsidir ki, hazırda İsrail İranın əsas hərbi bazalarına və silah anbarlarına zərbələr endirir.

Azərbaycan səfirliyinə edilən hücum kontekstində İranın qarşısına qoyduğu perspektiv planlara və bu ölkə daxilindəki ictimai-siyasi vəziyyətə ümumi nəzər yetirək.

Səfirliyə hücum

Azərbaycanın İrandakı səfirliyinə hücumun video görüntülərini diqqətlə izlədikdən və eləcə də terrorçunun hansı səbəblərdən belə bir addım atmasını söyləməsindən sonra bəlli olur ki, bu əməlin arxasında duranlar var. Əlbəttə, İran rəsmiləri bu terror aktını qəti şəkildə qınayacaqlar və obyektiv araşdırma aparılacağına söz verəcəklər. Əslində isə bu yolla Azərbaycana mesaj göndərilir. 

Bunu dolayı yolla, xüsusi tamaşa qurmaqla həyata keçirirlər və özləri də yaxşı anlayırlar ki, onların uydurduqları rəvayətə inanan olmayacaq. Ancaq söhbət bu olayın hansısa ailə məişət zəminində baş verməsinə kiminsə inanmasından getmir. İlk növbədə bu hadisənin geniş rezonans doğurması istənilib. Təəssüf ki, bu mənfur niyyət baş tutdu və səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirildi. Səfirliyin əməkdaşı Vasif Tağıyev igidlik göstərməsəydi qətlə yetirilənlərin sayı daha çox ola bilərdi.

İran bu terror əməliyatı ilə hansı mesajı verir?

Bəlkə də İran dünyada səfirliklərə ən çox hücum təşkil edən ölkədir. Molla inqilabından indiyədək Tehrandakı ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Danimarka səfirilklərinə öyrədilmiş kütlənin hücumları olub. Məsələ ondadır ki, həmin hücumlar siyasi xarakter daşıyıb. Amma indi İran dolayı yolu seçib və demək istəyir ki, Azərbaycana qarşı mövqeyimi ortaya qoydum və bundan sonra hibrid mübarizə metodlarından istifadə edəcəyəm.

Əslində, İkinci Qarabağ Müharibəsindən sonra İran hakimiyyətini irrasional təlaş bürüyüb. Onlar tarixin geri dönüşündən qorxurlar. Tarixin geri dönüşü dedikdə, türklərin bu coğrafiyada yenidən dominantlıq etməsi nəzərdə tutulur. Digər tərəfdən, Tehran şiə məzhəbi adı altında xalqı bir mərkəzdə birləşdirə bilməyəcəyindən, etnik tərkibə əsasən ölkənin parçalanmsından və ən əsası da rejimin çökə biləcəyindən vahiməyə düşür.

Tarixin geri dönüşü

Yuxarıda deyildiyi kimi, İran hakimiyyətinin fobiyaları içərisində tarixin təkararlana bilməsi ehtimalı xüsusi yer tutur. Əgər İran tarixinə qısaca nəzər yetirsək, bu torpaqlarda türklərin əsas rol oynadığını görərik.

Sasanilərin süqutundan sonra (651-ci il) burada ərəblər, 10-cu əsrdən sonra isə türklər hakimiyyət başında olublar. Pəhləvi xanədanlığının banisi Rza şahın Qacarları xarici müdaxilələrin köməyi ilə devirməsindən sonra özünü 1925-ci ildə şah elan edib taxta əyləşməsinə kimi, bu ərazidə min il boyunca türklər hökmranlıq ediblər.

Rza şahın oğlu Məhəmməd Rza şah İranın tarixindəki ərəb və türk izlərini unutdurmaq üçün Əhəmənilər imperiyasının tarixdəki rolunu xüsusilə qabardırdı. O, 1971-ci ilin oktyabrında təntənəli şəkildə Əhəmənilərin 2500 illik yubileyini keçirməklə bildirmək istəyirdi ki, bu dövlətin əsasını II Kir(Kuruş) qoyub. Yəni, Məhəmməd Rza İrana tədricən yeni bir ideologiya gətirməyə çalışırdı. Əslində, onun bu ideoloğiyasının İran kimi çoxmillətli və şiə məzhəbinin üstün mövqedə dayandığı bir ölkədə özünə yer tutması ağlabatan deyildi, amma o, buna cəhd göstərirdi.

Düzdür, Orta əsrlərdə dövlətin rəhbərliyindəki şəxslərin milli kimliyi əsas rol oynamırdı və hakimiyyət irsi miras hesab edilirdi, nəticədə idarəetmə sistemi sülalə institutu üzərində qurulurdu. Lakin biz tarixin inkişaf dinamıkasını və bu günün şərtlərini qəbul etməliyik və elə ona görə də keçmişə də bu kontekstdən yanaşmalıyıq.

Ölkənin etnik subyektlərə parçalanma qorxusu

İran Türkiyə ilə Azərbaycanın quru yolu ilə bir-birinə bağlanmasının ardınca özü üçün yarana biləcək təhlükələri hesablayır və belə düşünür ki, əgər onu əhatə edən geostrateji məkanda yeni bir güc mərkəzi yaranarsa, o zaman o, tam təcrid halına düşəcək. Çünki hadisələrin gedişi “Böyük Yaxın Şərq” adlandırılan ərazidə iri miqyaslı geostrateji yerdəyişmələrin başlanacağını göstərir. Gələcəklə bağlı Tehranın rasional planı olmalıdır, əks təqdirdə İran əvvəl daxili münaqişə, sonra isə parçalanma prosesi ilə üzləşəcək.

İranın ən ağrılı yerlərindən biri də milli məsələdir. İndi biz bəzən belə fikrilərlə rastlaşırıq ki, bəs, İranda yaşayan xalqlar üçün sabitlik və ölkənin birliyi önəmlidir və bu baxımdan hər hansı parçalanma real görünmür və sairə. Bu yanaşma İran analitiklərinin hazırladığı və dövriyyəyə buraxdığı tezisdir. Bir ölkədə o zaman sabitlik, əminamanlıq və birlik olar ki, orada əhalinin hüququ və xoş güzəranı təmin edilsin. Təkcə son on ildə İranda bütün ölkəni bürüyən bir neçə iri miqyaslı nümayişlər baş qaldırıb və hər dəfə də etirazçılara divan tutulub. 

Əgər ölkə rəhbərliyi öz vətəndaşına qarşı bu cür amansız tədbirlər görürsə, onun səsini eşitmirsə, sabitlik gözləməyə dəyməz. İrandakı xalqların Tehrandan uzaqlaşıb müstəqilləşməyə can atacağı gözlənilir və bu, mümkün variantdır. İrandan qopa biləcək millətlər arasında Güney Aərbaycan türklərini, Xorasan türklərini, kürdləri, bəlucları və ərəbləri xüsusi qeyd etmək lazımdır.

Ölkə daxilindəki populyarlığını sürətlə itirən rejim, hadisələrin məcrasını əlindən burxmamaq üçün ən repressiv üsullara gedərək etirazçı kütləni susdurmağa çalışır. Baş örtüyü ilə bağlı son hadisələrdə etirazçılar şəriət qaydalarının rədd edilməsilə yanaşı milli azadlıq şüarları səsləndirirdilər.İran etnik tərkibinə görə yekcins ölkə olmadığından milli xarakter ala biləcək gələcək böyük üsyan dalğasının qarşısını almaq çətin olacaq.

Məzhəbçilik doktrinası

İran şiə məzhəbini öz inhisarına almaqla daxildəki etnik rəngarəngliyi və müstəqillik meyllərini kənara itələməyə çalışır. İran rejiminin məqsədi şiəliyi yalnız və yalnız özünə bağlamaq cəhdi heç də birmənalı qarşılanmır. Bu baxımdan İraqla ciddi rəqabət aparır. İran islam inqilabı guya kütlələri bir araya gətirmək və ədalətli cəmiyyət qurmaq məqsədilə şiə məzhəbini sözdə dövlət ideolgiyası elan edib.

İslam dininin əsas tezislərindən biri bütün müsəlmanların qardaş və həmrəy olduğu olsa da, İran məzhəbçiliklə nifaq toxumu səpir. İnqilab nəticəsində hakimiyyətə yiyələnmiş din xadimləri əhalini şiəlik ətrafında birləşdirməyə çalışır. Şübhəsiz ki, bu proses asan keçmir, şəriət qaydası ilə yaşamaq istəməyənlərə qarşı zor tətbiq olunur, total qorxu atmosferi yaradılır.

Hazırda İran rəhbərləri və onların övladları dəbdəbəli həyat sürürlər və bunu da hamı yaxşı bilir. İnqilabdan qırx il keçsə də, xalq gözlədiyi ictimai bərabərliyi, həmrəyliyi, qardaşlığı görmür. Elə bu səbəbdən də şiəliyin təbliği ilə kütlələri bir məxrəcə gətirmək getdikcə müşkülləşir. Çünki inam itib.

İranın əsasən müsəlmanların, o cümlədən şiə məzhəbinə etiqad edənlərin yaşadığı Azərbaycana qarşı yürütdüyü siyasət bir daha sübut edir ki, İran rəhbərlərinin müsəlman və şiə həmrəyliyi barədə dedikləri boş sözlərdir. İstər Qarabağ müharibəsində və isətərsə də Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə nümayişkaranə şəkildə Ermənistanın dəstəklənməsi İranın siyasi məramının əyani göstəricisidir. Ancaq İran Azərbaycana qarşı bu cür münasibət göstərməklə ideoloji xətaya yol verir və özünün başlıca təbliğat platformasına – məzhəbçilik doktrinasına kölgə salır. Beləliklə, İran özü də hiss etmədən bu günə kimi istifadə etdiyi güclü mənəvi-psixoloji təsir mexanizmindən tədricən uzaqlaşır. Bu da İranda böyük bir ideolji boşluq meydana gətirəcək.

İran nə planlaşdırır?

Deməli, belə nəticəyə gəlmək olar ki, İran reallığı nəzərə almadan, sadəcə hadisələrə inersiya ilə reaksiya göstərir. Türk dövlətlərinin vahid coğrafi məkanda bütövləşməsi prosesinin qarşısının alınmasına İranın qüdrəti çatmaz. 

Geostrateji baxımdan İran əhəmiyyətli rəqiblərlə əhatə olunub və ona görə də rejim geostrateji mübarizədə özünə müttəfiqlər axtarır, düşmən saydığı ölkələrə yönəlik önləyici tədbirlər həyata keçirməyə çalışır. 

Onun körfəz dövlətləri, İsrail, Pakistan və həmçinin, ABŞ və Avropa kimi nəhəng güclərə qarşı mübarizə aparmaq istəyi avantüradır. İranın güvəndiyi Rusiya Ukraynada bataqlığa girib və özünü tükəndirməklə məşğuldur. Çin və ya Hindistan İrandan yana Qərblə ciddi münaqişəyə girişməz. Digər tərəfdən, İranın cılız Ermənistanı yanına alıb bizə qarşı gəlməsi onların strateqlərinin nə qədər zəif olduğunu göstərir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsii” mövzusunda hazırlanmışdır.



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar