“Bir ölkənin ki qaymağı oğru və xain zümrə oldu, o məmləkətin gələcəyi yoxdur”

Zərdüşt Əlizadə: “İndiyə qədər Azərbaycan sərvətlərini “nuş” edənlər razı olarmı ki, hakimiyyəti liderlərinin əksəriyyəti satqın olan müxalifətə versin?”

“Rusiya həmişəki kimi namərdliyini etdi”

Müsahibimiz politoloq Zərdüşt Əlizadədir. Onunla Ermənistanın Gömrük İttifaqına qoşulması, Azərbaycanın da anoloji addımı atıb-atmayacağı, Qərb və Rusiyanın regiondakı maraqlar toqquşması, habelə ölkəmizdə keçiriləcək oktyabr seçkiləri, seçkiöncəsi durum və seçkidən sonrakı gözləntilər ətrafında söhbətləşdik.

- Zərdüşt bəy, Brüssel Ermənistanın Gömrük İttifaqına qoşulmağa razılıq verməsini gözlənilməz olay kimi qarşılayıb kəskin reaksiya verdi. Necə düşünürsünüz, İrəvanın qərarından sonra Kreml Bakıya eyni addımı atmaq üçün təzyiqləri artıra bilərmi?

- Əvvəla, Ermənistan Rusiyadan əmr gəldiyi üçün Gömrük İttifaqına qoşuldu. İrəvan Moskvanın əmrini heç vaxt poza bilməz. Bir dəfə belə bir ehtimal yaranmışdı ki, Rusiyaya tabe olmayan siyasi cütlük yaransın, parlamentdə Dəmirçiyanla Vazgen Sarqisyanı güllələdilər və məsələ bitdi. Bununla hamıya hər şey gün kimi aydın oldu. Həmin olaydan sonra Ermənistanda bir siyasətçi Rusiyaya qarşı kəskin çıxış edə bilməzdi, hətta Payurk Ayrikyan bu cəhddə bulundu, amma gülləni sinəsinə “yumşaq” şəkildə çaxdılar. Yəni Ermənistan Rusiyanın terroru altındadır, bu ölkədə bütün siyasi qüvvələr şimal ölkədən asılıdır, Kremldən əmr gələndə də sözsüz yerinə yetirirlər.O ki qaldı Ermənistanda son illərdə Avrointeqrasiya söhbətləri, bu, “ac toyuq yuxusunda darı görər” məsəlinə uyğundur. Rusiyanın təpiyi və işğalı altında olan bir ölkə heç zaman Avrointeqrasiya istiqamətini götürə bilməz. Hətta bu xətti götürsə də, ölkədə heç nə dəyişməz. Çünki Ermənistan öz Qarabağ siyasətinə görə yarımmühasirə vəziyyətindədir, əhalisi azalıb, iqtisadiyyatı çöküb, bir sözlə Qarabağ probleminin girovuna çevriliblər.

Moskvanın Bakıya təzyiqinə gəldikdə, kimsə Azərbaycanda vəziyyətin fərqli olduğunu düşünürsə, ciddi şəkildə yanılır. Azərbaycan da eyni Qarabağ problemiylə Kreml divarından asılıb. Ölkəmizdə ən ciddi hakimiyyət məsələlərini Moskva həll edir, xalq hərəkatı, Milli Şura, İctimai Palata boş söhbətlərdir.

- Brüsselin etirazına Ermənistandan hansı reaksiyanı gözləyirsiniz?

- Brüsselin etiraz etmək, Sərkisyanın da Gömrük İttifaqına girmək haqqı var. Məgər, Brüssel Ermənistana pul verib ki, etiraz etsin? İrəvan neçə illərdir yalvarır ki, onlara 1 milyard yarım pul ayırsınlar, Brüssel isə vermir. Hələ söz verdilər ki, seçkiləri yaxşı keçirsəniz, sponsorlar klubunu toplayıb 500 milyon yığarıq. İndi Rusiya 500 milyonu verir, guya, dəmiryolunun inkişafına. Bu, Ermənistan üçün məşum rəqəmdir, 1988-ci ildə də Qarabağ ermənilərinə 500 milyon rubl ayırmışdı, təxminən 500 milyon dollara bərabərdir. Yəni ermənilərin qiyməti 500 milyondur.

- Ayrılan vəsaitə nəzarət olurmu, yoxsa mənimsəmələr olur?

- Vəsaitin bir hissəsi Moskvada oğurlanır, heç Ermənistana çatmır, bu, Rusiyanın dəmir intizamıdır. Yəni hansısa dövlətə pul ayrılanda “şapka”sı əvvəlcədən götürülür. Sonra qalan hissəsi Ermənistana gəlir və paylaşma başlayır. Bir hissəsi prezidentə, qalanı isə nazirlərə.

- Hətta Qorbaçov dövründə də belə olub?

- Bəli, SSRİ-də korrupsiya Stalinin ölümündən sonra başlandı, Xruşov dövründə rüşvət yayıldı, Brejnev hakimiyyətində öz zirvəsinə çatdı. Amma o zaman indiki miqyasda deyildi. Yəni Azərbaycanda katiblər varlı adamlar idilər, yüz minlər qazanırdılar, ancaq bugünkü nazirlərimizin milyardları olsa da, utanmırlar.

- Ermənistanın Gömrük Sazişinə qoşulması yerli əhali tərəfindən birmənalı qarşılanmadı, hətta İrəvanda mitinqlər keçirildi. Proses kütləvi hal ala bilərmi?

- Boş söhbətdir, çünki Ermənistandakı bütün siyasi proseslər Rusiyanın nəzarəti altında həyata keçirilir. Unutmayın ki, Rusiyanın Ermənistana nəzarət etmək üçün aşağıdakı mexanizmləri var: Birincisi, bu ölkənin sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən müdafiə olunur; İkinci, Ermənistanda Rusiyanın 4-5 min nəfərlik hərbi bazası var; Üçüncüsü, bu hərbi bazalar Ermənistan ordusunun baş qərargahını, təhlükəsizlik qüvvələrini, daxili qoşunlarını, generallarını tam nəzarətdə saxlayır. Ümumiyyətlə, Ermənistan rəhbərliyində əyləşmiş şəxslər bu və digər şəkildə Rusiyanın agenturasıdır. Bu cür mütəşəkkil dövlət aparatı pərakəndə, hər tərəfdən vurulmuş erməni müxalifətini dəfələrlə əzə bilər və bunu sübut ediblər. 1988-ci ilin 1 aprelində və 2008-ci ilin 1 martında belə ediblər. Erməni xalqı gözəl bilir ki, onların mütərəqqi qüvvələri dövlətin cinayətkar cəza dəstələri qarşısında zəifdir.

- Amerikalı analitik Tomas de Vaal “Amerikanın səsi”nə bildirib ki, Ermənistanın gələcəyi Avropa İttifaqıyla bağlıdır. Əgər Ermənistan Gömrük Sazişinə imza atıbsa, Avropa İttifaqıyla əlaqələri necə olacaq?

- Tomas de Vaal həmişə hadisələrin zahiri cəhətinə baxır, daxilinə o qədər də baş vura bilmir. Ermənistan Gömrük İttifaqına daxil oldu, amma bundan heç kim zəifləməyəcək, ondan sonra fərz edək ki, Avropa İttifaqıyla assosiasiya sazişi imzalayır. Nə dəyişəcək? Kağızlar imzalandı, əllər sıxıldı, badələr qaldırıldı, qəzetlər yazdı, jurnalistlər qonorarlarını aldılar, təhlilçilər boş-boş danışdı, acı həqiqət odur ki, Ermənistanın heç bir potensialı yoxdur.

- Çox təzadlı durum yaranıb, həm Gömrük Sazişinə qoşulurlar, həm də Avropa İttifaqıyla assosiasiya sazişi imzalayırlar. Bu necə izah oluna bilər?

- Avropa istəyir ki, Ermənistanda qalan 1 milyon 700 min erməni Qərbə gəlib vergi ödəyicisinin “belinə” əyləşməsin. İkincisi, müharibənin olmasını istəmirlər.

- Bəs istəklərinə nail olacaqlarmı?

- Hələlik olurlar. 20 ildir bütün prosesləri izləyəndə Qərbin nüfuzunun və imkanlarının artdığını, Rusiyanın isə əksinə, düşdüyünü görürük.

- Məgər, son illər Rusiyanın regionda nüfuzu artmırmı?

- Necə artır, mən görmürəm. Mən onu görürəm ki, Qərb strateji obyektləri nəzarətə götürüb və cəmiyyətlərdə Avropaya inteqrasiya istəyənlərin səyi artır. Hər üç Cənubi Qafqaz respublikasında vəziyyət belədir.

- Ancaq Siz iki həftə əvvəl mənə demişdiniz ki, Azərbaycan cəmiyyətində son illər Qərbə antipatiya güclənib...

- Antipatiya ona görə artıb ki, Qərbin bütün siyasətinə baxanda görürsən ki, əxlaqdan uzaq və ikili standartlara əsaslanan siyasətdir. Xüsusilə Qarabağ problemində biz bu münasibəti görürük. Lap elə Suriya olaylarında, islam dünyasına, diktatorlara münasibətdə ikili standartlar hökm sürür. Bilirsiniz, Qərbə antipatiya artanda bu, Rusiyaya simpatiyanın artması demək deyil. Xalqımızın iqtidardan zəhləsi gedir, amma bu, insanların müxalifəti sevməsi anlamına gəlməməlidir, düşərgəyə də inam yoxdur. Bəli, Qərb gerçək siyasətilə demokratik dəyərlərə kölgə salır, indi də proses davam edir və qarşısını almaq mümkün deyil. Çünki eqoist və transmilli şirkətlərin qulluğunda dayanan Qərb ölkələrinin liderləri həmişə belə edəcəklər. Təəssüf ki, bunun çarəsi yoxdur!

- Əgər Moskva Bakıya da Gömrük Sazişinə qoşulmaq üçün təzyiq etsə, Qərbin mövqeyi necə olacaq?

- Bütün Qərb dövlətləri əvvəlcə özlərini düşünürlər. Onlar düşünürlər ki, Ermənistan Gömrük Sazişinə qoşuldu, onlara zərbə oldumu, yox. Çünki Avropa İttifaqına yaxınlaşsaydı, gəlib Qərbdən pul dilənəcəkdi. Azərbaycan isə Assosiativ Sazişi heç imzalamaq da istəmir. Lap yaxşı, istəmir-istəməsin, onsuz da Azərbaycandan neft-qaz gəlir, ərazisindən də istədikləri kimi istifadə edirlər. Hələ neft pullarını Avropa malları üçün xərcləyirlər də, qoy, davam etsinlər, yəni onlara Azərbaycan və Ermənistandan heç nə lazım deyil.

- O zaman Sərkisyanın Avropa İttifaqıyla Assosiativ Sazişi imzalayıb əməkdaşlığı davam etdirəcəkləri haqqında fikrini necə izah edərdiniz?

- Onlar şeytanla da əməkdaşlıq edərlər. Ermənistanın durumu o qədər ağırdır ki, yeri gəlsə, Latın Amerikası və Afrikayla da əməkdaşlıq sazişi imzalayarlar. Təki, bir qəpik pul versinlər. Problem ondadır ki, onlar ölkənin, millətin daxilindəki qüvvələrə söykənərək Qarabağ macərasında inkişaf potensialını xərcləyiblər.

- Qayıdaq Azərbaycana, Milli Şuranın namizədi dəyişdi. Rüstəm İbrahimbəyovu professor Cəmil Həsənlinin əvəz etməsi nəyi dəyişəcək?

- Sualınız ritorikdir. Bu yaxınlarda iqtisadçı Qubad İbadoğlunun təhqiqatları göstərdi ki, əgər neftin qiyməti 80 dollar olsa, yaxın 10 ildə Azərbaycana 120 milyard gələcək, 90 dollar olsa 135 milyard, 100 dollardan çox olsa 150 milyard, yəni masanın üstündə “yağlı tikə” var. İndiyə qədər Azərbaycan sərvətlərini “nuş” edənlər razı olarmı ki, hakimiyyəti liderlərinin əksəriyyəti satqın olan müxalifətə versin? Əlbəttə verməzlər.

- Demək istəyirsiniz ki, Rüstəm İbrahimbəyovun layihəsi alınmadı?

- Çünki Rusiya həmişəki kimi namərdliyini etdi və indiyə qədər də vətəndaşlıqdan məhrum etməyiblər, görünür, seçkidən sonra edəcəklər.

- Yəni Rusiya İbrahimbəyovu aldatdımı?

- Bəli, aldatdı. Həmişə demişəm, Rusiya namərdistandır, bu ölkə kimi satmayıb?! Dünya kommunist hərəkatında olanları, sosialist ölkələrini, aldatdı, xalqını da aldadır. Hamını aldada-aldada gedir, bunlar oğru, xain bir zümrədir.

- Bu aldatmağın bir sonu olacaqmı?

- Rusiya dağılır da, elmi dağılır, alimlər, ziyalılar ölkədən qaçır, yerdə qalan hakim zümrə ölkəni dağıdır. Bir ölkənin ki qaymağı oğru və xain zümrə oldu, o məmləkətin gələcəyi yoxdur.

Bizimyol.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar