10 min uyğur Kanadaya köçürüləcək - Parlament səs verdi

Kanada parlamenti Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min nəfər uyğurun Kanadada yerləşdirilməsi təklifinə səs verib.

Novator.az-ın məlumatına görə, qərar fevralın 1-də yekdilliklə qəbul olunub.

Təklifin müəllifi Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberidir.

43 yaşlı Samir Zuberi pakistanlı mühacir oğludur. O, 2019-cu ildən Kanada parlamentinin deputatıdır.

Deputat təklifi irəli sürərkən Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanıb. Həmin bəyanatda Çindəki kommunist rejiminin uyğurlara və digər etnik-dini azlıqlara qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Departamentinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.

Kanada parlamenti Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min nəfər uyğurun Kanadada yerləşdirilməsi təklifinə səs verəndən sonra Samir Zuberi mətbuat konfransı keçirib. O bildirib ki, 1 fevral qərarı Kanadanın uyğurlara qarşı yol verilən hüquq pozuntuları ilə barışmayacağına dair açıq mesajdır: “Uyğurların başına gətirilənlər qəbuledilməzdir”.

Samir Zuberi bəyan edib ki, Çindən qaçmış uyğurların ən azı 1600 nəfəri sığındığı ölkələrdə ya tutulub, ya da zorla Çinə deportasiya olunub. Deputat bu addımların Çin hakimiyyətinin təzyiqi altında atıldığını söyləyib.

Uyğur əsilli Kanada vətəndaşı, uyğurların hüquqlarını müdafiə layihəsinin icraçı direktoru Mehmet Tohti 1 fevral qərarının təkcə Kanadada və Çində deyil, bütün dünyada rezonans doğuracağına əminliyini ifadə edib.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Kanada parlamenti, həmçinin Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya, İrlandiya parlamentləri və ABŞ hökuməti Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi tanıyıb.

635x100

Şərhlər

korrektor 2023-02-02 17:56:48

Kanada Parlamenti də, Samir Zuberi də Çox Sağolsunlar!

Son yazılar