Azərbaycan Neft Fondunun günlük itkisi 110 milyon dolları keçib

“Rusiyanın maliyyə durumu yetərincə mürəkkəbdir. Rusiya Mərkəzi Bankı rublun bazar tənzimlənməsinə buraxılmasını 2 ay sonraya planlaşdırırdı. Məcburiyyət qarşısında bu tarix irəli çəkildi”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Ekspertin fikrincə, dünya bazarından neft qiymətlərinin sürtələ ucuzlaşması rublun yaxın zamanlarda möhkəmlənməsinə imkan verməyəcək: “Son rəqəmlərə görə, Rusiya rublunun məzənnəsini saxlamaq üçün hər gün Mərkəzi Bankın xərcləmələri 350 milyon dollara çatıb. Bu, boş yerə havaya güllə atmaqdır. Bu tədbirlər Rusiyanın rezervlərinin də tükənməsinə gətirib çıxaracaq. İndi Rusiyanın 428 milyard dollar ehtiyatı var. Əvvəlki dönəmlərlə müqayisədə azalmaq tendensiyasi ortadadı. Düzdü, Rusiyanın qızıl ehtiyatı da var, ancaq istənilən halda, hər gün rublun kursunun saxlanmasına iri məbləğdə vəsait xərclənməsi iqtisadi baxımdan doğru addım sayıla bilməz. Neftin qiyməti artıq 80 dollardan aşağıdır. Rusiyanın “Ural” markalı nefti də sürətlə ucuzlaşır. Analitiklər 80 dolları neft satışında psixoloji hədd sayırlar. Neftin qiyməti 80 dollardan aşağı düşdükdə bu artıq digər bazarlara da ciddi şəkildə təsir edir”.

Qubad İbadoğlunun fikrincə, neftin qiymətinin ucuzlaşma tendensiyası 2015-ci ilin birinci yarısında da davam edəcək: “Mütəxəssislər neftin satış qiymətinin 60 dollara qədər enməsini proqnozlaşdırırlar. Təbii, Rusiya rublu bu enmədən ciddi ziyan görəcək. Ən ciddi təsir Rusiya rublu ilə olan əmanətlərdə müşahidə olunacaq. Bu əmanətlər sürətlə dəyərsizləşməkdədir. Rusiya banklarına qoyulan əmanətlərin böyük hissəsi rublladır. Bu, vətəndaşlara birbaşa təsir edən məsələdir, çünki əmanətçilərin çoxu vətəndaşlardır. Rusiya banklarında rublla əmanəti olan insanlar içərisində azərbaycanlılar da az deyil. Düzdü, bank əmanətçilərin milli tərkibini açıqlamır, ancaq hər halda, Rusiyada pul qazanan xeyli sayda azərbaycanlının banklarda vəsaiti olduğu bəllidir. Rusiyada bank bazarında dövlət şirkətlərinin, eləcə də qeyri-kredit institutlarının böyük bir monopoliyası var. Rusiyada bu proses dövlətlə birbaşa bağlı olduğuna görə bank bazarı da bu prosesdən mənfi təsir alacaq. Çünki onların çoxu səhmdar kapitalı zərində formalaşıb, səhmlər isə sürətlə ucuzlaşır. Yəni Rusiyanın həm əmanət, həm səhm, həm də kredit bazarında durum getdikcə pisləşir. Üçüncüsü, Rusiya milli valyutasının ucuzlaşması inflyasiyanı sürətləndirəcək. Rubl dəyərdən düşürsə, rasional gözləmə nəzəriyyəsinə görə, vətəndaşlar öz ehtiyatlarını pulla deyil, müəyyən əmlakla, məhsulla saxlayır. Bu isə o deməkdir ki, əmlak bazarında tələbat artdığı üçün, bazara yeni vəsaitlər çıxdığı üçün bahalaşma olacaq. Eyni proses ərzaq bazarında da gözlənilir”.

Artıq Rusiya bazarlarında Qubad İbadoğlunun dediyi tendensiyalar müşahidə olunmaqdadır. Rusiyadakı xəbər qaynaqları yazır ki, son iki həftədə ərzaqların qiymətində davamlı artım müşahidə olunur. Bahalaşma Avropadan alınan məhsullarda daha çoxdur, səbəb isə həmin məhsulların dollar və avro ilə alınmasındadır. Xəbər agentlikləri onu da bildirir ki, artıq azgəlirli ailələr yaxın aylar üçün ərzaq tədarükünə başlayıb. Ən çox tələb olunan mallar sırasında şəkər və un məmulatları (makaron, vermişel...) ilə yanaşı spirtli içkilər də var.

Vətəndaşlar bahalaşmanın uzun müddət davam etməsinin xüsusən Yeni İl bayramı ərəfəsində spirtli içki bazarında qiymət sıçrayışına səbəb olacağı düşüncəsi ilə ehtiyaclarından bir neçə dəfə artıq spirtli içki alır. Qubad İbadoğlu deyir ki, bu tendensiya Rusiya vətəndaşlarının öz gəlirlərini inflyasiyadan qoruma tədbiri də sayıla bilər: “Ruslar bilir ki, hər hansı ərzaq qiymətdən düşsə belə, spirtli içki qiymətə minəcək. Belə demək mümkünsə, indi insanlar pulu arağa çevirirlər. Yəni ehtiyac olan qədər işlədəcək, qalanını isə yenidən pula çevirəcəklər. İndi spirtli içki bazarı Rusiya vətəndaşı üçün yığımını qorumaq vasitəsidir”.

Qubad İbadoğlunun fikrincə, qonşu Rusiyada iqtisadi durumun ağırlaşması Azərbaycana da təsirsiz ötüşməyəcək. Gəlirləri Rusiyadan olan insanlar bunu daha tez hiss edəcəklər. Ancaq ekspert prosesi bütünlüklə mənfi tendensiya kimi qiymətləndirməyi də düzgün saymır. Onun sözlərinə görə, ərzaq bazarında bahalıq qaçılmaz olsa da tikinti bazarında ucuzlaşma mümkündür: “Rusiyada yaşayan, Azərbaycandakı ailələrinin faktiki gəlir qaynağı olan insanların xərcləri artıb. Xərclərin artması o deməkdir ki, onlar Azərbaycandakı ailələrinə daha az vəsait göndərməyə məcbur olacaqlar. Banklarda yığımlar olan insanların durumu daha da ağır ola bilər. Çünki soydaşlarımızın bir hissəsi sabit bir məbləği depozit olaraq banka yatırıb onun faizlərini Azərbaycana göndərirdi.

İndi həmin vəsait sürətlə dəyərsizləşir. Bu gün Azərbaycana Rusiya bazarından xeyli məhsul gəlir. Rusiyanın özündə də alternativlər azalır. Rusiya Avropadan daha az məhsul ala bilir, bu, daxili istehsala tələbatı artırır və bahalıq yaradır. Orada qiymət bahalaşırsa, təbii qiymət artımı Azərbaycanda da olacaq. Ancaq müsbət tendensiyalar da ola bilər. Adətən bu cür maliyyə gərginlikləri olan dönəmlərdə insanlar öz gəlirlərinin önəmli bir hissəsini ərzağa yönəldir. Belə durumda qeyri-ərzaq sektorunda ucuzlaşma müşahidə olunur. Bu, daha çox tikinti sektoruna aid ola bilər. Rusiyanın milli valyutasının dəyərdən düşməsi qeyri-ərzaq məhsullarının ixracına stimul yaradır. Böyük ehtimalla Rusiyadan Azərbaycana gətirilən tikinti materiallarının qiymətində ucuzlaşma baş verəcək”.

Qubad İbadoğlunun fikrincə, rublun ucuzlaşmasının Azərbaycana təsir edəcəyi daha bir sahə Dövlət Neft Fondunun Rusiyada saxlanan aktivləridir: “Rusiya VTB-də (Xarici Ticarət Bankı) Azərbaycan Neft Fondunun 500 milyon rublluq səhmi var. Səhmlərin dəyərsizləşməsi prosesi Azərbaycanın Rusiyadakı investisiyalarının gəlirliyini azaldır. Yəni faktiki olaraq hər gün Azərbaycan Dövlət Neft Fondu da Rusiya milli valyutasının dəyərsizləşməsindən vəsait itirir. Proses Qazaxıstan, Qırğızıstan, Tacikistan dövlətlərinin iqtisadiyyatına da təsir göstərəcək. Çünki bu ölkələrin milli valyutası rubla bağlıdır. Bu gün faktiki olaraq Rusiya rublunun dəyərdən düşməsi şəbəkəsi genişlənir. Bu durumun psixoloji təsirləri Ermənistanda da yaşanacaq, dram dəyərsizləşəcək. Əslində Azərbaycan manatı ABŞ dollarına bağlı olduğu, üstəlik valyuta gəlirləri olduğu üçün mənfi tendensiyaları adlarını çəkdiyimiz ölkələrdən daha az hiss edəcək. Ancaq dünya bazarında neftin qiyməti ucuzlaşması sözsüz ki, Azərbaycanın da gəlirlərini azaldacaq. Neftin qiymətinin 110 dollardan 84 dollara düşməsi Azərbaycanın gündə 110 milyon dollar itirməsi demək idi. İtkilər gündən-günə daha da böyüyür”.

Qubad İbadoğlunun fikrincə, iqtisadiyyatı neft üzərində qurulan Azərbaycan üçün gəlirlərin azalması hökuməti ilk sırada bir sıra investisiya xərclərini azaltmağa məcbur edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar