Ermənistan parlamenti "DQR"i tanımadı

Ermənistan parlamentində Azərbaycanın separatçı bölgəsi olan Qarabağın müstəqilliyini tanımağa dair səsvermə keçirmək mümkün olmayıb. Parlamentdəki fraksiyaların əksəriyyəti bu məsələyə dair səsvermədə iştirakdan imtina edib.

Noyabrın 13-də keçirilən səsverməyə 131 vəkilindən yalnız 11-i qatılıb. Onların da 1-i Qarabağın müstəqil dövlət kimi tanınmasına bitərəf qalıb.

Ermənistan parlamentində bu səsvermə gedərkən prezident Serzh Sarkisian da Qarabağa səfər edib, separatçı rejimin nəzarətində olan ərazilərdə hərbi obyektlərin açılışında iştirak edib və hərbi təlimi izləyib.

Qarabağı müstəqil dövlət kimi tanımaq təklifi Ermənistan parlamentinə müxalifətdə olan “İrs” partiyası çıxarmışdı. Amma millət vəkillərinin əksəriyyəti bildirib ki, belə tanıma münaqişənin sülh yolu ilə həllinə dair hazırda aparılan danışıqlara zərbə vurardı.

Azərbaycanın Dağlıq Qarabağ region və onun ətrafındakı bir neçə rayonu 1990-cı illərin əvvəllərində erməni silahlı qüvvələri işğal edib. Bu ərazilər beynəlxalq rəsmi sənədlərdə Azərbaycan torpaqları kimi göstərilsə də Bakı hələlik ölkənin ərazi bütövlüyünü bərpa etmək cəhdlərini reallaşdıra bilmir.

Qarabağda əhalinin əksəriyyətinin erməni mənşəli olduğunu deyən Ermənistan onların öz dövlətlərini yaratdıqlarını iddia edir. Amma hələlik Yerevanın özü də daxil olmaqla heç kəs bu separatçı rejimi tanımayıb.

Tərəflər arasında 1994-cü ildən bəri atəş rejimi hökm sürsə də tez-tez onun pozulması hər iki tərəfdən itkilərə səbəb olur.

Ötən həftə Azərbaycan və Ermənistan prezidentləri Qarabağa dair danışıqları bərpa edərək yenidən görüşmək qərarına gəliblər ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar