Rəşad Ramaznlıya 9 il həbs cəzası verildi- Onun son çıxışı

"Biz elə bir dövlətdə yaşayırıq ki, burda zalım və zorba olmaqla fəxr edilir"

Narkotik ittihamı ilə şərlənərək həbs edilən iki azyaşlı uşaq atası, blogger Rəşad Ramazanlıya noyabrın 13-də hökm oxunub. Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə Ramazanlıya 9 il həbs cəzası verib. Rəşad Ramaznlı məhkəmədə çıxış edib. Onun çıxışını təqdim edirik:

"Nəzərinizə çatdırım ki, 09.05.2013-ci il tarixdə BMCMİ-nin üzdəniraq əməkdaşları və kölələri tərəfindən böhtan və iftira atılaraq həbs edilmişəm. Mən 15 ilə yaxındır ki, elmi və bədii yaradıcılıqla məşğul oluram. Yaradıcılığımın məzmunu və mahiyyəti zalımlara və zülmə qarşı çıxmaq, məzlum və miskinlərə dəstək göstərməkdən ibarətdir. Biz elə bir dövlətdə yaşayırıq ki, burda zalım və zorba olmaqla fəxr edilir, namussuzluq və əxlaqsızlıq adi bir şeyə çevrilib. Şərəfli və ləyaqətli olmağın heç bir dəyəri qalmayıb. Elə cəmiyyət var ki, başları boş olur, elə cəmiyyət var ki, başları başdır. Bizim cəmiyyətdə həm başlar boşdur, həm də başları boşlar başdır.

Məhz başdakıların içi boş və dəyərsiz olmaları, hələ üstəlik dəyər və mənaya deyil dəyərsizliyə, mənəviyyatsızlığa, ləyaqətsizliyə, bir sözlə boşluğa dəstək vermələri ucbatından sözün əsl mənasında yazıçı və alim olan bir ovuc nüsxələr söyülür, təhdid edilir, şərlənir, iftira və böhtana məruz qalır, hətta qətlə yetirilir. Gizlədilməsi qeyri-mümkündür ki, yaşadığımız dövlətdə həqiqi cinayətkar olanlar çox nadir hallarda həbs edilir. Bizdəki məhbus və dustaqların böyük əksəriyyətinin məzlum olduğunu, haqsız yerə həbs edildiyini, şərləndiyini, bütün bunların da onların zalım hakimiyyətə qarşı çıxmalarına görə olduğunu kim dana bilər? Mən də məhz buna görə həbs edilmişəm, əslində oğurlanmışam və əsir düşmüşəm! Şübhə etmirəm ki, siz bir hakim kimi olmasa belə, bir insan kimi mənim şərləndiyimə şübhə etmir, hadisənin həqiqətini bilirsiniz. Unutmaq olmaz ki, işi, vəzifəni, titulları, mövqeyi, hətta həyatını itirmək qorxusu da əsl hakimin həqiqəti söyləməsinə mane ola bilməz! Mən gənc bir azərbaycanlı alim, filosof və yazıçı kimi sizi tarixdə qala biləcək cəsarət və qəhrəmanlığa çağırıram! Mən bir məzlum və məsum kimi də sizdən azadlığı tələb edirəm! Ümidvaram ki, həqiqət yalana, ədalət zülmə qalib gələcək!".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar