Media azadlığına görə Azərbaycan 6 ölkə arasında 5-cidir

"Yeni Nəsil” Jurnalistlər Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində söz azadlığının monitorinqi” layihəsi üzrə rüblük hesabatı təqdim edib.

Birliyin rəhbəri Arif Əliyev Avropa İttifaqının layihəni Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist qurumlarının dəstəyilə icra etdiyini deyib.

Layihə çərçivəsində Media Azadlığı indeksləri hazırlanır, bu indekslər hər rübdə təzələnir, yerli ictimaiyyətə və beynəlxalq qurumlara təqdim edilir. Bu hesabat bu ilin iyul-sentyabr aylarını əhatə edir. Monitorinq siyasət, təcrübi, tele-radioyayım, internet və yeni media sahəsində aparılıb.

Siyasət sahəsində indeks 1 (0-dan 40 bala qədər) media azadlığının bu blok üzrə ən aşağı, indeks 7 isə (200-dan 240 bala qədər) ən yüksək səviyyəsidir. Siyasət bloku 8 meyar - Konstitusiya və qanunlarda zəmanətlərin olması, söz azadlığı və KİV-in fəaliyyətini məhdudlaşdıran qanunların mövcudluğu, senzura və özünü senzuranın varlığı, belə qanunların qəbul olunmasına rəsmilərin çağırışları əsas götürülüb. Siyasət sahəsində söz azadlığı 123 balla dəyərləndirilib. Bu isə indeks 4-ə uyğundur. Bu sahədə nəticələrin aşağı olmasına səbəb kimi diffamasiya haqqında qanunun qəbul olunmaması, media ilə bağlı qanunvericiliyə keçən il edilən mürtəce dəyişikliklər göstərilir.

Praktika bölməsi 37 meyarla dəyərləndirilib. Bu bloka jurnalist ölümlərindən tutmuş təqiblərə, fiziki xəsarətlərə, medianın fəaliyyət sərbəstliyinə, məhkəmə çəkişmələrinə, iqtisadi şəraitinə qədər meyarlar daxildir. Bu blok üzrə indeks 1 (0-dan 170 bala qədər) media azadlığının ən aşağı, indeks 7 (930 baldan 1100 bala qədər) ən yüksək səviyyəsidir. Bu sahədə ekspertlər durumu 323 balla (indeks 3) dəyərləndirib. Ekspertlər 2013-cü ilin monitorinq dövründə ölkədə həbs edilən, təqibə məruz qalan jurnalistlərin çox olduğunu qeyd edirlər.

Teleradioyayım sahəsində durum 5 meyar - telekanalların müstəqilliyi, alternativ mövqeyə ayrılan vaxtın müddəti, rəqəmsal yayıma keçid konsepsiyası, tənzimləyici orqanların rolu üzrə dəyərləndirilib. Bu sahədə indeks 1 (0-dan 20 bala qədər) media azadlığının ən aşağı, indeks 7 (130-dan 150 bala qədər) ən yüksək səviyyəsidir. Bu sahədə Azərbaycan 43 (indeks 2) bal qazanıb. Belə aşağı balın qaznılmasına səbəb kimi telekanalların müstəqil olmaması, alternativ mövqeyə yer verməməsi, tənzimləyici orqanın efirə siyasi nəzarət funksiyası yerinə yetirməsi göstərilir.

İnternet və yeni media bloku da 5 meyarla dəyərləndirilib. Burada internet azadlığını məhdudlaşdıran qanunvericilik, tənzimləyici qurumların mövcudluğu, bloger və fəal internet istifadəçilərinin təqibləri, internet xidməti sahəsində monopoliya məsələləri əsas götürülüb. Azərbaycan bu sahədə 52 bal (indeks 3) alıb.

Beləliklə, Azərbaycan 6 ölkə arasında ümumilikdə 546 balla (indeks 3) yalnız Belarusdan öndə olub.

Bu sırada Moldova 1276 bal (indeks 6), Gürcüstan 1270 balla (indeks 6) ilk 2 yeri, Ermənistan 935 balla (indeks 4), Ukrayna 792 balla (indeks 4) 3-cü və 4-cü yeri paylaşıb.

Azərbaycan üzrə durumu yaxşılaşdırmaq üçün diffamasiya haqqında qanunun qəbul olunması, media qanunlarına əlavə edilən mürtəce dəyişikliklərin ləğv edilməsi və s. təkliflər irəli sürülüb (contact.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar