"O, qəhrəmandır, öz torpağını müdafiə edirdi..."- Prezident Mübariz İbrahimovu yada saldı

“İşğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. Erməni işğalçı qüvvələri həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik” – noyabrın 17-də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən prezident İlham Əliyev belə deyib.

“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən qonaqlarla görüşən prezident qafqazlıları təhlükəsizlik, sülh məsələləri birləşdirir: “Qafqazda bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır. Dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalların, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Biz də bu ənənələri qoruyub saxlamalı və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, milli ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır.

İslam sülh dinidir. Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, islamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi, nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir imkandır. O zaman dünya daha təhlükəsiz olar”.

AzərTAc-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib: “Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur – tolerantlıq.

Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun meyitini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmayıb (Milli Qəhrəman, gizir Mübariz İbrahimovu nəzərdə tutur. O, 2010-cu il iyunun 18-də cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olublar. Erməni tərəfi şəhidin meyitini noyabrın 6-da qaytarıb – red.).

Belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziyyəti ağırlaşdırır. Biz – Qafqazda minilliklər boyu yaşayanlar, yeni köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyuruq və qoruyacağıq. Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar