"Müsavat Partiyasını rüsvayçı məğlubiyyət gözləyir" - Tofiq Yaqublu da narazıları müdafiə etdi

"Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər"

Siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu bu günlərdə atası ilə telefonla danışıb. Nigar Yaqublunun musavat.com-a verdiyi məlumata görə, atası telefon danışığı zamanı qısa olsa da Müsavat Partiyasındakı, eləcə də müxalifət düşərgəsindəki vəziyyətlə bağlı öz fikirlərini bildirib. O deyib ki, qurultaydan sonra baş verənlər haqda çox məhdud informasiyası var. T.Yaqublu qızına bunları da deyib: “Həbsxanadakı iqtidar qəzetlərindəki qərəzli, böhtan dolu yazıları deşifrə edərək həqiqəti öyrənməyə çalışıram. Partiya daxilindəki vəziyyətdən çox narahatam. Malik olduğum məhdud informasiyaya əsaslanaraq, demək istəyirəm ki, tərəflər bütün addımlarında birinci növbədə partiya mənafeyini nəzərə almalıdırlar. Qurultaydakı seçkilərin nəticələri ciddi narazılıq doğursa da onları qəbul edib razılaşmaq lazımdır. Ancaq partiya rəhbərliyi durumun kritik olduğunu nəzərə alaraq, çox düşünülmüş addımlar atmalıdır. Bu bir reallıqdır ki, partiyada narazı tərəfin nisbəti təxminən yarı-yarıyadır. Ancaq nizamnamədə fraksiya haqqında heç nə yazılmadığını dəstəvuz edərək qarşı tərəfi pozuculuqda ittiham etmək səhv mövqedir. Narazı olanların fraksiya şəklində rəsmiləşdirilməsini o qədər də vacib saymıram.

Məgər nizamnamədə Mərkəzi İcra Aparatı haqqında bir şey yazılmışdı? Amma bu qurum faktiki olaraq partiyanı idarə edirdi. Belə çıxır ki, nizamnamədə nəzərdə tutulmayan bir qurum yaradıb partiyanı idarə etmək olar, amma eyni fikirli adamların bir mövqedən çıxış etməsini sadəcə olaraq konstatasiya edən bir frazanı işlətmək olmaz. Axı xeyli partiya üzvünün bir mövqedə olması faktı ortadadır. Onsuz da onlar birgə fəaliyyət göstərirlər, toplaşaraq atacaqları addımları müəyyənləşdirir və uzlaşdırırlar. Tutaq ki, fraksiya yaradılması qadağan edildi, məgər həmin adamlar fikirlərini dəyişəcəklər? Qəbul etmək lazımdır ki, burada söhbət Mərkəzi İcra Aparatı kimi nizamnamədə nəzərdə tutulmayan nəsnənin yaradılmasından yox, artıq mövcud olan nəsnənin adlandırılmasından gedir. Bəlkə də fraksiyanı rəsmiləşdirib Müsavat Partiyasının növbəti ilkə imza atmasını təmin etmək olar. Mən bu fikri reallığı nəzərə alıb deyirəm. Ən yaxşısı o olardı ki, partiya daxilində tərəflərə bölünmə olmayaydı. Amma təəssüf ki, bu var. Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər. Çıxış yolu kimi demokratik ölkələrin parlamentlərində koalisyon hökumətlərin yaradılması zərurətini və qaydasını göstərə bilərəm. Partiya rəhbərliyi əks tərəfi dialoqa çağırmalı və partiyadaxili konsensusu saxlayacaq şəkildə ”portfelləri" bölüşdürməyi təklif etməlidir. Parlament seçkilərinə bir ildən də az vaxt qalır. Əgər partiyadaxili sülh əldə edilməsə, Müsavat Partiyasını seçkilərdə rüsvayçı məğlubiyyət gözləyir. İsa Qəmbərin belə bir vəziyyətdə susqun qalması doğru seçim deyil. O, nüfuzundan istifadə edərək, tərəfləri danışığa və barışığa dəvət etməlidir".

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar