"Büdcənin 50 faizdən çoxu tikintiyə xərclənəcək"- MÜSAHİBƏ

"Hökumətin məramı nədirsə, onu çılpaq şəkildə büdcə ortalığa qoyur"

Rövşən Ağayev: "Dünyada ikinci normal ölkə tapa bilməzsiniz ki, büdcəsinin yarısından çoxu tikinti xərclərinə yönəlsin"

"Azərbaycanda özəl sektor 20 milyardlıq büdcənin hər 10 manatından ən yaxşı halda 1 manatını verir."

Son iki ayda dünya bazarında neftin qiymətinin sürətli enişinin neft ölkələrinə mənfi təsir edəcəyi şübhəsizdir. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan aşağıdır. Bu enmə davam etsə də, Azərbaycan hökumətinin büdcədə neftin qiymətini 90 dollar müəyyənləşdirməsi birmənalı qarşılanmadı. Milli Məclisə göndərilən büdcə layihəsi hələ iqtisadçılar arasında müzakirə obyekti yaratsa da, hökumətin sənəddə ciddi dəyişikliklər edəcəyi sual altındadır.

İqtisadçı Rövşən Ağayev BBC Azərbaycancaya müsahibəsində 2015-ci il büdcə layihəsinin bu və digər məqamlarının doğurduğu sualları cavablandırır. Onunla müsahibəni BBC Azərbaycanca üçün jurnalist Natiq Cavadlı aparıb.

- Rövşən bəy, Azərbaycan hökumətinin Milli Məclisə göndərdiyi 2015-ci il büdcə layihəsində neftin qiyməti 90 dollar götürülüb. Amma son məlumatlara görə, dünya bazarında neftin qiyməti 80 dollardan da aşağı düşüb. Sizcə, dünya bazarında neftin qiymətinin enməsi Azərbaycan büdcəsində qiymətin hansı həddə götürülməsi risklərini azalda bilər?

- İki mövqe var: birinci, indiki qiymət olan 90 dollar riskli səviyyədir və hökumət məsələyə daha mühafizəkar yanaşıb bir qədər aşağı qiymət götürməlidir. Bu təklifin tərəfdarları 80 dollar təklif edir. Çünki müxtəlif beynəlxalq mərkəzlərin və ekspertlərin yanaşması neftin 75-80 dollar civarında sabitləşəcəyini daha çox vurğulayır. İkinci yanaşma budur ki, Azərbaycan büdcəsi Neft Fondundan asılı olduğundan neftin qiymətindəki dəyişmələrin büdcəyə birbaşa təsiri yoxdur və 90 dollarlıq səviyyə büdcənin icrasına təhlükə yaratmır. Bəzi ekspertlər neft vergilərinin büdcədə payının az olmasını əsas gətirərək neftin qiymətinin enməsinin büdcəyə ciddi təsiri olmayacağını deyir. Doğrudur, neft vergiləri dövlət büdcəsi gəlirlərinin cəmi 11 faizini təşkil edir və büdcə əsasən Neft Fondu hesabına formalaşır. Bu baxımdan təbii ki, büdcədən çox Neft Fonduyla bağlı təhlükələr var. Hökumətin arxayınçılığı strateji yanaşmanın yoxluğundan irəli gəlir. Məmurlar arxayındır ki, ən pis ssenarilərdə belə, hətta qiymət 60-70 dollar civarında dəyişəcəyi halda, Neft Fondunun hesabına büdcənin problemlərini aradan qaldıracaqlar.

- O zaman indidən transferlərin artacağını demək olarmı?

- Faktiki 2015-ci il büdcəsində Neft Fondunun transferləri təxminən 1 milyard artır. 2014-cü ildə cəmi 9,3 milyard manat ayrıldığı halda, gələn ilə transfertin həcmi 10,3 milyard manat nəzərdə tutulur. Nəticədə Neft Fondunun büdcədə payı ötən ilki 50 faizdən 2015-ci ildə 53,5 faizə yüksələcək.

- Və siz bugünlərdə son 3-4 ildə Neft Fondunun gəlirlərindən yığımın olmadığını demisiniz. Bu, gələcək üçün hansı fəsadları doğura bilər?

- Doğrudan da Azərbaycanda Neft Fondunun əsas yığımları neftin qiymətinin yüksək olduğu və hasilatın pik həddə çatdığı 2007-2010-cü illərdə olub. Bu gün hökumət fondun ehtiyatlarının 35 milyard dollara çatdığını bildirir. 2010-cu ildə ehtiyata 6 milyard manat, 2011-ci ildə 6,6 milyard manata yönəldildiyi halda, 2012-ci ildə 1 qəpik də yığıma vəsait getməyib. Yəni gələn vəsait 100 faiz xərclənib. 2013-cü ildə 1 milyarddan bir qədər artıq vəsait yönəldilib. Bu il yenə 1 milyard manat gözlənilir. Fikir verin, son 3 ildə yığıma 2 milyard manat vəsait yönəldilib, amma ondan öncəki 2010-11-ci illərdə 12,6 milyard manat.

- O zaman sual yaranır, neftin qiyməti 70-75 dollara enərsə, Azərbaycan büdcəsi və fond hansı təhlükələrlə üzləşə bilər?

- Qiymətləndirmələr göstərir ki, hasilatın sabit qalacağı tədqirdə neftin qiyməti 70-80 dollar arasına düşərsə, neftin orta illik qiymətinin 100 dolları ötdüyü 2014-cü ilə nisbətən Neft Fonduna 3-3,5 milyard az vəsait daxil olacaq. 2015-ci ildə hökumət 90 dollarla hesablama əsasında Neft Fonduna 2,5 milyard kəsir proqnozlaşdırır. Fondun gəlirləri təxminən 10 milyard manat, xərcləri isə 12,5 milyard manat olacaq. Eyni şərtlər daxilində neftin qiyməti 90 dollara düşərsə, ən azı 2 milyard manat daxil olmalar az olacaq. Hasilat düşəcəyi halda daxilolmalar daha çox azalacaq. Bir sözlə, gələn il neftin qiyməti 80 dollar ətrafında olsa, icmal büdcənin kəsirini örtmək üçün fondun ehtiyatlarından proqnoza uyğun olaraq 2,5 milyard deyil, 4 milyarda yaxın vəsait götürə bilər.

- Belə olacağı halda hökumətin 2015-ci il üçün müəyyən xərcləri azaldacağına inanırsınızmı? Nəzərə alaq ki, gələn il parlament seçkiləri və Bakı Olimpiya Oyunları keçiriləcək...

- Büdcə qədər hökumətin məramını açıb ortalığa qoyan ikinci sənəd yoxdur.

- Nə mənada?

- Hökumətin məramı nədirsə, onu çılpaq şəkildə büdcə ortalığa qoyur. Tutaq ki, “Təhsil haqqında qanun”a baxa bilərsiniz, amma hökumətin məram və məqsədini sezə bilməzsiniz. Məsələn, çox yaxşı qanun qəbul edə bilərlər, amma çox pis təhsil sistemi qurarlar. Azərbaycandakı indiki vəziyyət belə qiymətləndirilə bilər.

Amma büdcə belədir ki, hökumətin qarşıdakı bir ildə büdcə-vergi siyasəti ilə bağlı məramı və ona uyğun praktiki fəaliyyəti yaxşı, yaxud pis olacaqsa, bu dərhal aşkar olur. Son illər olduğu kimi 2015-ci ilin büdcəsi ilə hökumət yenə deyir ki, bizim üçün tikmək prioritetdi.

Dünyada ikinci normal ölkə tapa bilməzsiniz ki, büdcəsinin yarısından çoxu tikinti xərclərinə yönəlsin. İstənilən ekspert istənilən ölkənin büdcəsini mənim qarşıma qoyub desin ki, normal sayılan ölkənin büdcəsinin 50 faizindən çoxu tikintiyə yönəldilir. Azərbaycandan başqa belə bir ölkə yoxdur. Hətta region ölkələrinin içərisində də resurs ölkəsi olan Qazaxıstanın büdcəsinin 50 faizi tikintiyə xərclənmir. Yəni sosial problemləri olan ölkədə büdcənin yarısı tikintiyə xərclənməməlidir. Söhbət nədən gedir, hökumətin müəyyən xərclərin qənaəti üçün “ayaq yeri” var.

Məsələn, bizim ötən il tikinti xərclərimiz 6,2 milyard manat idi, bu il 700 milyon manat artıb. Çünki hökumətin artırmaqdan başqa yolu da yoxdur. Səbəb də sualınızda xatırladığınız tədbirlərdir. Mümkün variantlardan birini xatırlada bilərəm, 2009-cu ildə neftin qiyməti düşəndə, büdcəmiz azaldı, hökumətin də edə bildiyi əsas şey tikinti xərclərini azaltmaq oldu. Bu gün də neftin qiymətinin kəskin düşəcəyi halda hökumətin geri çəkiləcəyi xərclər tikinti xərcləri olacaq.

Hətta bunun üçün əsaslandırma bazası hazırlayıblar. Hərdən rəsmilər deyirlər ki, Azərbaycanda taleyüklü problemlərlə bağlı olan böyük infrastruktur layihələrini başa çatdıraq, yaxın vaxtlarda infrastruktur xərcləri azala bilər. Neftin qiyməti 90-100 dollar olsa hökumət investisiya xərclərini heç zaman azaltmayacaq.

- Nə üçün?

- Çünki bu xərclər həmişə məmur maraqlarına cavab verir və büdcədə qeyri-şəffaf xərcləmələr üçün şərait yaradan əsas xərc maddəsidir.

Məsələn, təhsil xərclərinin 80 faizi əməkhaqqı xərcləridir. Burda çox ciddi şəkildə yayındırmalar və məmur maraqlarını təmin etmək mümkün deyil.

Çünki hər kəs bilir ki, büdcədə ciddi problemlər var. Bu xərclər əsasən tikinti xərclərində özünü göstərir. Amma neftin qiymətində 60-70 dollar civarında enmələr olarsa, Neft Fondundan transferlərin azalması da qaçılmaz olacaq. Bir çoxları ümid edir ki, 35 milyardlıq fondda pul var, bu, bəsdir. Çox bəsit yanaşmadır ki, Neft Fondu 4-5 il üçündürsə, bəs 4-5 ildən sonra ölkənin taleyi necə olacaq?

- O zaman belə sual yaranır ki, Bakı Avropa Olimpiya oyunlarının keçirilməsi sosial xərclərin azalması hesabına reallaşacaq?

- Mən belə deyərdim: Bakı Avropa Olimpiya Oyunları məhz sosial xərclərin azalması hesabına baş vermir, amma bizdə sosial xərclər tikinti xərclərinə görə arta bilmir.

Azərbaycan büdcəsinin 30 faizindən də az hissəsi sosial xərclərə yönəldilib. Ümumiyyətlə, hökumətə yaxın iqtisadçılar sosial yönümlü büdcə terminini xoşlayırlar, amma bu məsələdə mübahisənin yeri yoxdur. Dünyada sosial yönümlü büdcələr büdcənin 40 faizindən çoxu olan büdcələrdir.

Düzdür, heç bir beynəlxalq təşkilatın sənədində belə bir norma qoyulmayıb ki, mütləq o büdcə sosial yönümlü sayılır ki, sosial xərclər 40 faizdən çox olmalıdır.

Amma sosial yönümlü ölkələr var, Şimali Avropa ölkələrinin təcrübəsindən çıxış edəndə bu ölkələrin hər birində büdcənin ən azı 50 faizinə qədəri məhz sosial xərclərə sərf olunur. Bu baxımdan büdcəmizdə dolayısıyla vəziyyət belə alınır ki, sosial xərclərin hesabına hökumət vəsaiti daha çox tikinti xərclərinə yönəldir.

- Maraqlı bir məqam da var, 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı 2015-ci ilin də müəyyən proqnozları var idi. O zaman 2015-ci il üçün büdcə gəlirlərini 17,7 milyard manat, xərclərini isə 18 milyard manat götürmüşdülər. Amma indi gəlirləri 19,4 milyarda, xərcləri isə 21 milyard manata qədər qaldırıblar. Təəssüf ki, nə Milli Məclis, nə də hökumətin bu barədə heç bir izahatı yoxdur. Bəs sizin ehtimalınız və dəyərləndirməniz necədir?

- Gəlirləri artırmağa hökumətin xərcləri artırmaq məcbur edir. Gəlirlərin artımına baxsanız, maraqlı mənzərəylə rastlaşacaqsınız, deməli, büdcəmiz təxminən 5,7 faiz artır, 1 milyard 50 milyon manat artım gözlənilir. Bəs nəyin hesabına artır? Əgər işgüzar fəallığın, özəl sekturun hesabına gəlirlər artmış olsaydı, xərclərin artımını normal saymaq olardı. Ki, qazancımız çoxalırsa, xərcləmələrimizin artması təbiidir. Amma biri var fövqəladə zərurət olmadan borc alırıq və ya həyati əhəmiyyətli ehtiyatımızı götürüb xərcləyib xərcləmələrimizi artırırıq. Bu israfçı yanaşma olardı. Adi ailə imkanları olmaya-olmaya, ya məhdud imkanlarla borca gedərək, yaxud ehtiyatını xərcləyirsə, buna daha çox israfçılıq deyirlər. Amma tutaq ki, biz normal halda öz artan gəlirlərimizə uyğun xərcləyimizi artırırqsa, bu problemlərin həlliylə bağlı səmərəli yoldur. Bir daha deyirəm, özəl sektor hesabına 1 milyard manat artmış olsaydı, xərclərin artımını düşünmək olardı. Amma baxın, vergi gəlirləri, Vergilər Nazirliyinin xəttiylə toplanan vergilər cəmisi 10 milyon manat artacaq. Əgər bir ölkədəki Vergilər Nazirliyinin topladığı gəlir artmırsa, büdcə isə 6 faiz artırsa, bu, Neft Fondunun hesabına artır. Ümumi büdcəmizin gəlirləri 1 milyard 50 milyon artacaqdır, Neft Fondunun transferi də 1 milyard 50 milyon artacaq. Bu, büdcənin məhz Neft Fondunun hesabına artdığını göstərir. Amma Neft Fondu yaradılanda əsasən gələcək nəsillər üçün düşünülmüşdü.

- Belə çıxır ki, özəl sektordan vergi yığılmır?

- Neft Fondunu kənara qoyaq və hesab edək ki, 2015-ci ildə 20 milyard manatlıq büdcəmiz formalaşır, onun yarısından çoxu, 53 faizi fondun hesabınadır. Yerdə qaldı 9,3 milyard manat, bunun da içərisində sanksiyaları, tədiyyələri kənara qoyanda Vergilər Nazirliyinin heabına 7,1 milyardlıq vergi toplaması düşür. 7,1 milyardın manatın içərisində 2,7 milyarda qədəri neft sektorunun vergiləridir.

Qalır 4,3 milyard, ancaq siz ölkədə neft sektoruna aidiyyatı olmayan xarici, böyük dövlət şirkətlərini kənara qoyanda bizim özəl sektorun büdcədə payı ən yaxşı halda 10 faizdir. Yəni bugün Azərbaycanda özəl sektor 20 milyardlıq büdcənin hər 10 manatından ən yaxşı halda 1 manatını verir.

Deməli, qalan 9 manat özəl sektordan kənarda toplanır. İlk baxışda bu çox yaxşı görünə bilər, özəl sektorun yükünün az olması baxımından, amma bunun ən pis tərəfi odur ki, özəl sektorun potensialı 10 manata 1 manatdan yüksəkdir. Bu, artıq Azərbaycanda kifayət qədər “qara iqtisadiyyat”ın olmasına işarədir. Ciddi araşdırmalar aparılsa, məlum olacaq ki, heç o 1 manat da deyil, daha çoxdur.

Sualınızın cavabı budur ki, hökumət gəlirləri yox, xərcləri artırır. Belə olanda isə müəyyən layihələr həyata keçirilir, məsələn, Bakı-Dərnəgül yolunun abadlaşdırılması 4 ildir başlanıb, böyük pullar xərclənib. Yaxud özəl sektorun görə biləcəyi işə, metallurgiya kompleksinə vəsait ayrırır. Bu pullar isə Neft Fondundan xərclənir və xərcləmələr artdığına görə gəlirləri də artırmalı olur. Başqa bir amil, hökumət tikinti layihələrinə siyasi sabitlik baxımından sosial vəziyyətə dəstək kimi baxır. Çünki həmin tikinti layihələri müvəqqəti və mövsümü də olsa, iş yerləridir.

Üstəgəl bir maraqlı detal da var, bizim qiymətləndirmələrimiz göstərir ki, büdcədən investisiyalara ayrılan vəsaitlərin ən pis halda 20-30 faizi yenidən büdcəyə vergi şəklində qayıdır, söhbət maaşlardan tutulan vergilərdən, dövriyyə vergilərindən və podratçı şirkətlərin mənfəət vergisindən gedir.

Təsəvvür edin, hökumət 7 milyard manata qədər vəsaiti investisiya xərclərinə yönəldirsə, bunun azı 2.5 milyardı yenidən vergi şəklində büdcəyə qayıdır.

- Orta statistik azərbaycanlıda belə sual yaranıb, dünya bazarında neftin qiyməti artanda hökumət yanacağın qiymətini qaldırırsa, bəs niyə neftin qiyməti enəndə yanacağın qiymətində dəyişiklik olmur?

- Bu sualın çox sadə cavabı var, bizim yanacaq bazarımız rəqabətli bazar deyil. Azərbaycanda inhisarçı vəziyyət hökm sürür, yalnız bir şirkətdən söhbət gedir-SOCAR-dan. İdxal yanacağını kənara qoyuram, çünki o da son bir ildə başlayıb.

Dizel, qaz və benzinlə bir yerdə qiymətləndirilmə aparılsa, 95 faizə qədəri daxili bazar hesabınadır. Daxili bazarın bir təchizatçısı var- o da SOCAR-dır. Hansı ölkədəki bu vəziyyətdir, o xam neftin qiymətinə reaksiya vermir. Çünki xam nefti də SOCAR çıxardır, onun qiymətini də dövlət müüəyyənləşdirir.

Maraqlı bir detala toxunum, hətta SOCAR nəinki qiyməti endirməyə maraqldır, hökumət çalışır ki, şirkətə müxtəlif vergi güzəştlərilə yardım etsin. Büdcəni təhlil edəndə rastıma çıxdı ki, 2015-ci ildə daxili neft məhsillarının aksiz vergisinə görə daxilolmalar 250 milyona qədər azalacaq.

Bu, hökumətin hazırlaşdığını göstərir, yəni 2015-ci ildə aksiz vergiləri yenə də azaltsın və onun hesabına qiymətə təsir etmədən SOCAR-ın vergi yükünü azaltmağa çalışır.

Bilirsiniz ki, neftin qiyməti endikcə, SOCAR-ın maliyyə potensialı zəifləyir, axı şirkət başqa respublikalarında öz üzərinə böyük investisiya öhdəlikləri götürüb. Hökumət anlayır ki, neftin qiymətinin enməsi SOCAR-ı çətin duruma sala bilər. Ona görə gələn il üçün şirkətin vergi yükü 400 milyon manat azaldılıb.

- Yenidən büdcə məsələsinə qayıdaq, Milli Məclis hökumətin layihəsini olduğu kimi təsdiqləsə, 2009-cu ildəki durum yaşansa, nəzərə alaq ki, həmin tarixdə neftin qiyməti 30 dollara qədər enmişdi, hansı itkilər gözlənilir?

- Mən yuxarıda dedim, neftin qiymətinin 30 dollar düşməsi o deməkdir ki, Neft Fondu hər 10 dollar üçün 1 milyarddan artıq itirir. Neftin qiyməti 90 dollar olanda hökumət fondun büdcəsini 2,5 milyard kəsirlə proqnozlaşdırırdısa, təsəvvür edin hər 10 dollar əlavə eniş fondun büdcə kəsirini 1 milyard manat artıracaq. Əgər hökumət fondun xərclərini dəyişməsə.

Amma fondun da xərclərini dəyişmək mümkün deyil, çünki fondun xərclərinin 95 faizə qədəri dövlət büdcəsinə bağlıdır. Ona görə nə itirəcəyiksə, bu, özünü Neft Fondunda göstərəcək.

Bəzən iqtisadçılarımız bir məsələni qarışdırırlar, dövlət büdcəsində itki az olacaq, halbuki, söhbət dövlət büdcəsindən yox, icmal büdcəsindən gedir.

O icmal büdcə ki, içərisində həm Neft Fondu, həm də dövlət büdcəsi oturur. Yəni bunlar hökumətin maliyyə itkiləridir. O baxımdan hər 10 dollar enmə, hasilat dəyişməsə, 1 milyarddan bir qədər çox itki deməkdir. Bir daha deyirəm, vəziyyət qiymətin düşməsindən və hasilatın səviyyəsindən asılı olacaq. Bu iki faktor bizim neft gəlirlərimizin səviyyəsinə birbaşa təsir göstərir.

- Son vaxtlar Rusiyada rublun düşməsinin Azərbaycan iqtisadiyyatına hansısa təsirlərindən danışılır. Nəzərə alsaq ki, Rusiyada 2 milyon azərbaycanlının işlədiyi bildirilir və nə qədər insanın şimal qonşuya meyvə-tərəvəz apardığı da var. Bu baxımdan təsirlər hansı səviyyədədir?

- Ümumiyyətlə, bizdə Rusiya iqtisadiyyatına da münasibət haçalanır. Bəzi iqtisadçılarımız deyir ki, Rusiya iqtisadiyyatında baş verən rublun düşməsi Azərbaycan iqtisadiyyatına heç bir təsir göstərməyəcək.

Bir qrup isə çox az təsirdən danışır. Amma Rusiyada rublun düşməsinin təsiri həm qonşuluqla bağlıdır, ikinci də iqtisadi tellərlə bağlıdır. Hökumətin rəsmi statistikası etiraf edir ki, ötən il üçün hər ay 150 milyon dollar Rusiyadan Azərbaycana pul gəlirdi. Son 9 aylığın nəticəsinə baxdım, 10 faiz azalma göstərirdi.

Amma gəlin, orta hesabla 150 milyon götürəndə, ən azı Rusiyadan 2 milyard dollara qədər pul dəstəyi gəldi. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəmin yarısından çoxu nəğd şəklində gəlir, yəni banklardan kənar.Bunu nəzərə alanda ildə heç olmasa 2 milyard yarım pul gəlir. Xüsusən region insanlarımızın Rusiyadan çox böyük asılılığı var, həm də bu pulların böyük hissəsi özəl sektora dəstək verir, tikinti bazarına daxil olur, insanlar mənzil alır.

Beləliklə, rublun düşməsi 30 faiz gəlirlərin itirilməsi deməkdir, bir tərəfdən rubl ucuzlaşır, gəlirlər itirilir, digər tərəfdən Rusiya iqtisadiyyatının vəziyyəti ağırlaşır, insanlarımız iş yerlərini, gəlir yerlərini itirir. Bu ikitərəfli təsir deməkdir. İkincisi neft ixracını kənara qoysaq, Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir.

Xüsusən də bu il Rusiyanın hesabına fermerlərimizin vəziyyəti xeyli yaxşılaşdı. Yəni Rusiya əhalisinin alıcılıq qabiliyyəti düşürsə, itirə bilərik. Mənim başqa qorxularım var, bilirsiniz ki, şimal ölkə banklarının bir hissəsində dolların satışına ciddi məhdudiyyət qoyulub. Qorxum odur ki, qeyri-rəsmi şəkildə valyuta bazarımızdan ora axın başlaya bilər.

Düzdür, bunun açıq siqnalları yoxdur, amma mən ehtimal olunan vəziyyəti deyirəm. Ki, Rusiyada valyuta qıtlığı yaransa, qeyri-rəsmi şəkildə Azərbaycandan ora valyuta axa bilər. Bir müsbət məqam onu demək olar ki, Rusiya bizim yalnız ixracımızda yox, idxalımızda da birinci yerdədir. 2013-cü ildə 14 faiz idxal olub, yəni rublun qiymətdən düşməsi həmin ölkənin mallarını almaq sərfəli olur.

Bir tərəfdən müsbətdir ki, Rusiyadan ucuz mal alacayıq, amma istehsalçı nöqteyi-nəzərindən mənfi fəsadları da var. Bizim istehsalçılarımız qiymət rəqabətinə dözməyib çətin duruma düşə bilərlər. Bir sözlə, Rusiyayla əlaqələrimizə kompleks yanaşmalıyıq. Yaxın plan üçün, 10-15 ilə Rusiyanın iqtisadiyyatının çökməsi bizim siyasi-iqtisadi maraqlarımıza cavab verəcək.

Amma qısa dövr, 3-5 il üçün Rusiya iqtisadiyyatının çökməsi, zəifləməsi Azərbaycan insanlarının iqtisadi baxımdan xeyli dərəcədə zəifləməsinə təsir edəcək. Ancaq bir təsir də var ki, onu tez-tez vurğulayırlar, Neft Fondunun Rusiya bazarında kapitalı var, bu, kiçik vəsaitdir, VTB bankın səhmləri və əmlak alınıb, söhbət 10 milyon dollardan yuxarıdan gedir.

Əgər vəsaitin həcmi böyük olsaydı, məsələn, 2-3 milyard, böyük itkidən danışmaq mümkün idi. Bəli, 500 milyondan 50 milyonun itirilməsi də itkidir, amma böyük itkidən söhbət getmir.

- Rövşən bəy, yekuna gələk, neftin qiymətinin enməsinin büdcəyə və rublun ucuzlaşmasının iqtisadiyyatımıza təsirindən danışdınız, bütün bunları ümumi götürsək, indiki gedişat davam edəcəksə, orta statistik azərbaycanlıya hansı təsirləri olacaq, vətəndaş nələri itirəcək?

- Rublla bağlı itkiləri dedik, Rusiyadan gələn pullar varlılardan çox kasıblara gəlir, ola bilsin ki, varlılar üçün gələnlər əmlak bazarına gedir. Ən böyük itki Rusiyaya qazanc arxasınca gedən kasıb ailələrin gündəlik dolanışıyla bağlıdır. Amma büdcəylə bağlı əsas narahatçılıq odur ki, hökumətin ehtiyatsız davranışı, düzgün olmayan yanaşması elə bir mərhələ yarada bilər ki, 35 milyardlıq “təhlükəsizlik yastığı” əriyər.

İqtisadiyyatımızın təhlükəsizliyinə təminat verən də həmin 35 milyard “təhlükəsizlik yastığı”dır. Əgər Neft Fondunda həmin ehtiyat olmasa, iqtisadiyyatımız çox təhlükəli nöqtədədir, konkret olaraq, bu ehtiyatlar olmasa, valyuta bazarımız hər an çökə bilər.

- Belə məqamda hökumət hansı addımlar atmalıdır?

- Əslində, hökumət addımlarını atmalıydı. Ən doğru addım o olardı ki, sərt büdcə xərcləmələri siyasətindən əl çəkməliydi. Hərçənd ki, hökumətin tutduğu yolla büdcə xərcləri heç zaman azala bilməz.

Azərbaycan hökumətinin kitab-dəftərində azalma anlayışı yoxdur. Hökumət zamanında Neft Fonduna limit qoymalıydı, “Büdcə sistemi haqqında” qanunda bu addım atılmalıydı, təxminən 2009-cu ildə neftin qiyməti enən zamanında bu hakimiyyət üçün bir siqnal olmalıydı.

Amma Azərbaycan hökuməti bəsit və qısamüddətli düşünür, deyir ki, maksimum 5 ilə dözərik. Hökumət düşünür ki, hətta neftin qiyməti 40 dollara düşsə belə, Neft Fondunun ehtiyatları ilə 5 il dözmək olar.

Bəli, maksimum 3-5 ilə indiki büdcə səviyyəsini saxlaya bilərlər. Ancaq ölkənin idarəetməsi strateji düşüncə tələb edir. Ona görə hökumət Neft Fondunun ya faizinə, ya da məbləğinə limit qoymalıydı.

Qazaxıstan hökuməti Neft Fondundan dövlət büdcəsinə transferləri 3 illik qanunla təsdiqləyir. Yeri gəlmişkən, Qazaxıstan büdcəsi Azərbaycan büdcəsindən 2 dəfə böyükdür. Amma buna baxmayaraq onların fonddan büdcəyə transfer həcmi 20 faiz azdır. Bir daha deyirəm, Azərbaycan hökuməti elə etməliydi ki, fondun büdcədə payı heç bir halda 25 faizi ötməsin.

Yəni özəl sektoru elə formalaşdırmalıydı ki, heç olmasa büdcənin gəlirlərinin hər 10 manatından 5 manatını özəl sektordan ala bilsin. Bu da özəl sektora vergi yükləməklə yox, daha çoxlu sayda sahibkarın olması və rəqabətli mühitin yaranması şəraitində həyata keçirilməliydi.

Açıq danışaq, böhran dövrü üçün bu, bir az gecdir, amma dövlətin taleyini düşünəndə heç vaxt gec deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar