"Ədalət" Əli Əhmədovun deputatlıqdan imtinasına münasibət bildirib - TƏLƏB

"Bu da onu göstərir ki, parlament seçkilərində bir çox deputatlar Prezident Aparatında tərtib edilən siyahı əsasında “seçilib”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Milli Məclisdə icra hakimiyyətində işləyən bir çox deputatın fəaliyyət göstərdiyi bir vaxtda Əli Əhmədovun deputat mandatından imtina etməsi barədə məsələni şərh edib.

O deyib ki, biz burada qanuna ikili yanaşmanı müşahidə edirik. "Necə olur ki, Baş nazirin müavini təyin edilən Əli Əhmədov deputat mandatından imtina edir, lakin icra orqanlarında yüksək vəzifə tutan 20-yə yaxın deputat var ki, belə addım atmır. Bu da onu göstərir ki, parlament seçkilərində bir çox deputatlar Prezident Aparatında tərtib edilən siyahı əsasında “seçilib”. Onlar müstəqil iradəyə malik deyil və sərbəst addım ata, qərar qəbul edə bilmirlər."

M.Rəhimli xatırladıb ki, icra orqanlarında işləyən deputatların mandatdan məhrum edilməsi ilə bağlı Ədalət Partiyası Mərkəzi Seçki Komissiyasının qarşısında bir neçə ay əvvəl məsələ qaldırıb. "Hətta ikinci dəfə müraciətimizə baxmayaraq, MSK bu məsələni müzakirə edərək, həmin deputatların səlahiyyətlərinə son verməyib. Bu da təsdiq edir ki, MSK müstəqil qurum deyil və “yuxarıların” təlimatları əsasında işləyir.

MSK yaxın günlərdə bizim müraciətimizə cavab verməsə Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına əməl olunmalıdır. Bu deputatlar ya mandatdan məhrum edilməlidir, ya da tutduqları vəzifədən istefa verməlidirlər.

Təəccüblüsü odur ki, parlament seçkilərinin saxtalaşdırıldığını bəyan edərək yaradılan İctimai Palata bizim müraciətimizə dəstək vermədi. Bu mövqe isə İctimai Palatanın mübarizəsinin səmimiliyinə şübhə yaradır. Başa düşmək olmur ki, onlar nə istəyirlər."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar