“HÖKUMƏTDƏKİ BƏZİ MƏMURLAR GİZLİ İQTİSADİYYATI HİMAYƏ EDİRLƏR” - İlyas İsmayılov

"Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil, həm də dövlətin vergi siyasətinə ziddir"

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin büdcə müzakirələri aparılan bugünkü iclasında çıxış edib. Aşağıda həmin çıxışı təqdim edirik:

- Hər şeydən əvvəl müzakirəyə  çıxarılan Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin layihəsində bir neçə müsbət halı qeyd etmək istərdim. Birincisi - gələn ilin büdcəsində Dövlət Neft Fondundan transfertlərin həcmi 7,7 %  azaldılıb. İkincisi - gələn ilin dövlət büdcəsinin xərclər hissəsində sosial sferanın geniş maliyyələşməsi nəzərdə tutulur, yəni, büdcə, birmənalı olaraq sosial yönümlüdür. Və üçüncüsü 2014-cü ildən etibarən Sumqayıt, Mingəcevir və Şirvan şəhərlərinin və Abşeron  və İmişli rayonlarının dotasiyaya ehtiyacları olmayacaqdır. İnanıram ki, bu siyahı hələ genişlənəcək.

Bu gün mən ancaq artıq hamının müzakirə etdiyi və günü-gündən daha real görünən tarif artımından danışmaq istərdim. Zənnimcə, bu artımın nə dərəcədə qaçılmaz olduğu hələ müzakirə olunmalıdır.

Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektorunun aparıcısı tikintidir.

Vergilər xətti ilə toplanacağı nəzərdə tutulan 2 mlrd 139 mln manatın 70 %-i  dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna ayrılan puldan götürülür, belə dəmək mümkünsə dövlət pulu bir cibindən başqa bir cibinə qoyur və bunun da əlavə dəyər yaratmaqla heç bir əlaqəsi yoxdur. Bu heç iqtisadi proses də sayıla bilməz.

Eyni ilə, büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin büdcə layihəsində birdən-birə 85 faiz artırılması da əslində dövlətin pulu yenə də bir cibindən başqa cibinə qoymasıdır. Amma tarif artımı əhali üçün real iqtisadi və sosial yük olacaq. Bəs əhali üçün tariflərin artırılmasından necə yayınmaq olar?

Baxın, əlavə dəyər yaratdığımız, yəni böyük vergi payı olan 627 mln manat əsasən nəft-qaz sektorunda işləyən şirkətlərin hesabınadır. Sual yaranır: hardadır bizim özəl sektorumuz və onun lideri olan tikinti?

Mən hələ özəl sənaye və sosial tikintisindən danışmıram, hərçənd, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla yeni dövlət obyektləri və özəl müəssisə tikilir və istifadəyə verilir. Mən böyük miqyasda aparılan mənzil tikintisini qeyd etmək istəyirəm. Təkcə özəl şirkətlərin gücü ilə Azərbaycanda ildə  orta hesabla 1,8 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilir – bunu rəsmi statustika deyir. Bəs baxaq, reallıqda bu rəqəm necə olmalıdır? Bizim kimi neft ölkələri sayılan MDB ölkələri Rusiya və Qazaxıstanda il ərzidə adambaşına müvafiq olaraq 0,9 -1,3 kv.metr yaşayış sahəsi istifadəyə verilir. Bizdə bu göstərici heç 0,2 kv. metri də aşmır. Deməli, ən azından, göstərilən qədər də mənzil sahəsinin tikintisi statistikadan və vergidən yayındırılır.

Bundan başqa, tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdəndır. İnşaat şirkətləri vergi və sosial ayırmalardan qaçmaq üçün işçilərin real sayını və əmək haqqını  gizlədir. Bu, həm işçilərin qanuni hüquqlarını pozur, həm də vergi baxımından  böyük itki deməkdir. Bu da bir sirr deyil ki, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var, və bu himayədarlıq tək qanunçuluğa deyil, həm də dövlətin vergi siyasətinə ziddir. Bəs nəyə görə dövlət bu sahədə və ümumiyyətlə, kölgə iqtisadiyyatının bütün sahələrində qayda-qanun yaratmaq əvəzinə, onlardan yığa bilmədiyi vergi yükünü tarif şəklində əhalinin çiyninə yükləməlidir?

Hesab edirəm ki, kölgə iqtisadiyyatının üzə çıxarılması vasitəsilə vergi yığımını xeyli artırmaq olar. Bundan başqa,  dövlət idarəetmə strukturına yenidən baxaraq, bir çox respublika və rayon səviyyəli qurumları ləğv etmək və ya birləşdirmək, özünü doğrultmamış təşkilatların maliyyələşməsini dayandırmaq lazımdır.

Bir misal gətirim. 100% özəl sahə olan kənd təsərrüfatına "büdcə dəstəyi" adı altında Aqrolizinqlərə, regional kənd təsərrüfatı idarələrinə, "damazlıq", "toxumçuluq" adı altında kağız üzərində olan sovxozlara niyə büdcədən vəsait ayrılmalıdır?

Dövlət dəstəyinin ünvanlılığını təmin etmək əvəzinə bu qədər strukturlar yaratmaq, hər birinin başına bir məmur qoyaraq, onlara "büdcə hesabına biznes sahələri yaratmaq" nəyə lazımdır?

Sonda yenə də qeyd etmək istəyirəm - hesablamalara görə, orta Azərbaycan vətəndaşı  aylıq gəlirinin 40-60 faizini ərzağa, 20-30 faizini kommunal xərclərə yönəldir. Yerdə nə qalır? 10 faiz! Bu 10 faizi də əlindən alaq?

Hörmətli deputatlar! Hesab edirəm ki, xalqın güzəranına zərbə vurmadan, büdcə problemlərini həll etmək mümkündür. Sadəcə bu gün Azərbaycanın dövlət idarəçiliyi sistemində, onun yuxarı və orta pillələrində elə bir məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı real islahatların aparılmasında, kölgə iqtisadiyyatı ilə ciddi mübarizədə maraqlı deyil, çoxları isə ümumiyyətlə islahat nəyə  deyildiyini bilmirlər. Elə bu iki səbəbdən ölkəmiz, xalqımız öz əmək və yaradıcı potensialından tam yararlana bilmir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar