Xəstəliyimizin tarixçəsi

“Biz ölərik, meydanı tərk etmərik!” İllər öncə bu ritmik çağırışın siyasi əsaslandırması ilə məşğul olaraq, plastilindən bir ideallar yığnağı düzəltdik. Sovet tankının yumşaq bir həmləsi ilə qarşılaşan kimi ölməyi ağlımızın ucundan keçirmədən meydandan uzaqlaşdıq. İlk dəfə plastilin burada əriməyə başladı.

Ardınca “Biz ölərik, Qarabağı vermərik!” deyə plastilindən ikinci bir ritmik ideallar yığnağı düzəltdik. Bu dəfə də rus-erməni tankının bir az ağır həmlələri ilə qarşılaşan andan yenə də plastilinimiz əriməyə başladı. Qarabağ savaşının yekununda hazırlıqsız bir xalq yalnız məğlubiyyət acısı yaşamadı. Döyüşü də uduzmuş, savaşı da uduzmuş bir xalq həm də uzun əsrlər sonraya eyni Kərbəla müsibəti kimi, bir Qarabağ müsibəti içində ömür sürməkdən təskinlik duymağa başladı. Necə olsa, ağlamaq vardı, sızlamaq vardı, məzlumluqdan, yazıqlıqdan həzz almaq vardı...

Vətən yolunda şəhidi də oldu, erməni obrazında Yezidi də oldu, Şaxsey-Vaxsey ağısına bənzər Qarabağ şikəstəsi də oldu. Ancaq nə yazıq ki, o zamandan Doğru İslama doğru qayıda bilmədiyimiz kimi, Qarabağa da qayıda bilmədik. Sonda da gözəl şairimiz Ramiz Rövşənin diliylə Meydana da, Qarabağa da bir adam başı qatırmışcasına “Mən sənsiz ölmədim, məni bağışla!” deyərək ritmimizi və pafosumuzu yekunlaşdırdıq.

Ritmimiz və pafosumuz itəndən sonra indi çoxumuz bu Vətənin statistik yalanlarla örtünmüş bədənini açıb xəstəlik tarixçəsi ilə maraqlanmağa qorxuruq. Bu minvalla da siyasət düşüncəmizin yanlışlığının acısını hələ uzun illər canımızda hiss edəcəyik. Bizlər - Elçibəy dünyagörüşü üzərində tarixə və siyasətə baxış imkanı qazananlar, özümüzü inandırdığımız bu plastilindən düzəltdiyimiz idealları müzakirəyə çıxarmaqdan hələ də çəkinirik. Ehkamımız budur ki, milləti reallaşması zor olan böyük hədəflərlə yükləməli, onun gücünü və imkanlarını şişirdərək, özünün böyüklüyünə inandırmalıyıq. Bəs sonra?

Biz plastilin ideyalardan evciklər qurmağa başımızı qarışdırarkən, gözümüzün qabağında tamamilə başqa bir Azərbaycan Evi quruldu. İndi bu Azərbaycan Evində kerosin iyindən dumanlanmış başımızla yeni bir arxayınçılıq və analoqsuz inkişaf dövrü yaşayırıq və əslində bu dövr savaş durumundan daha təhlükəli görünür. Gerçəkliyin adı budur ki, biz Azərbaycanın bütün problemlərinin həllini dondurmuşuq. Ona görə yox ki, mənfur beynəlxalq aləmin gözü bizləri götürmədiyindən, onların həlli mümkün deyil. Sadəcə, bir səbəbə görə ki, zaman aşımında öz sabit xarakterini və doğru dəyərlərini müəyyənləşdirməmiş bir cəmiyyətik. Üstəlik də, ən çox qorxduğumuz şey varlığımıza, keçmişimizə, gələcəyimizə aid məsələlərin sağlam və səviyyəli müzakirəsinə başlamaqdır. Uzun illər tarix, din, milli xarakter, demokratik dövlət məsələləri müzakirə menyusundan çıxarıldığından, mövzuya giriş üçün ipucunu da itirmişik sanki. Gələcək barədə qafamızda sistemli düşündüyümüz heç bir proqram yoxdur və bu gedişlə olması da gözlənilən deyil. Məni statistik mənada maraqlandırmır ki, hansısa sahədə Azərbaycan dünyada neçənci yerdədir. Maraqlandıran və düşündürən bir şey var: Azərbaycan yerdədir və onu qaldırıb hərəkətə gətirmək lazımdır!

Azərbaycan cəmiyyətində hansısa dəyərlərin doğru-yanlışlığı barədə müzakirələrə girməkdən ağır bir iş təsəvvürə gətirməyin. Fikrimcə, cəmiyyətə mövcud vəziyyətimizə yönəlik iki cür baxış olmalıdır: Birincisi, sağlamdır, müayinə və müalicəyə ehtiyac duyulmur. Ancaq orqanizmin bəzi yerlərində ağrılar var, profilaktik tədbirlərin görülməsi bu sağlamlığı qalıcı edə bilər. İkincisi, xəstədir, müalicəyə dərhal başlanılmasa, xeyli gec olacaq və bu orqanizm tənəzzülə doğru gedəcək.

Bilərəkdən hər dəfə ikinci baxışı önə çəkirəm. Bilərəkdən hər dəfə o mövzulara toxunuram ki, birmənalı münasibətlə qarşılaşmayacağam. Ancaq haçan ki, xəstəlik tarixindən söz açmaq istəyəndə dərhal “ağıllı məsləhətlərin”, təhqir və böhtanların axınına uğrayırsan. “Bu mövzuya girmək olmaz”, “bizim dəyərləri təftiş etmək olmaz”, “filan qəhrəmana ilişmək olmaz”, “bu mövzunun vaxtı deyil” və sairə və ilaxır hazır test cavablarını içinə sindirməli olursan.

Siyasi düşüncəmə görə, inancıma görə atılan böhtanların, edilən məqsədyönlü təhriflərin qaraltısında təsəlli sayıla bilən o işığı görürəm. Buyurun, əllərində Vətən haqqında saxta sağlamlıq arayışları gəzdirən yalançı vətənpərvərlər, zəncirbazlar, kəndirbazlar! Xəstəlikdən utanılmaz, onu gizlətməkdən, müalicə etməməkdən utanılar. Azərbaycanın xəstəlik tarixini doğru anlamaq üçün ilk növbədə tariximizin və tarixçilərimizin xəstəliyini çözmək vacibdir. Xəstəlik tariximiz Kitab əvəzinə Zənciri seçməyimizdən başlayır. Xəstəlik tariximiz əsr yarım öncə rus ordusunda hərbi xidmət keçməməkdən başlayır. Xəstəlik tariximiz Qori seminariyasında təhsildən yayınmaqdan başlayır. Xəstəlik tariximiz plastilindən düzəldilən ideyalara özümüzü inandırmağımızdan başlayır. Və onlarla sadalaya biləcəyimiz detalları olan bu xəstəlik tariximizin yekunlarından biri də, məhz itirdiyimiz, qaytara bilmədiyimiz və bu ağılla, imanla qaytara bilməyəcəyimiz Qarabağdır. Ruhumuzun ekoloji təmizliyi olan Qarabağı itirdikdən sonra, vücudumuzun qanqreni olan Qarabağla necə davranacağımızı belə açıq söyləməkdən qorxuruq.

İnandırmaqdan öncə inandığını yaşamaq və söyləmək cəsarətinə sahib olmaq lazımdır. Bunu inananlar inanmayanlara mütləq söyləsin!..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar