"Buna siyasi bir hökm kimi baxıram" - Əli Həsənova cavab

"Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin rəhbərləri PA şöbə müdiri Əli Həsənovun bu günkü açıqlamasına cavab veriblər. Ə.Həsənov bu qəzetlər ətrafında yaranmış vəziyyətə görə onların özlərini günahlandırıb.

PA rəsmisi deyib: "Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir".

Azadliq.info saytı Ə.Həsənovun bu açıqlamasına qarşı tərəfin münasibətini öyrənib.

«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev hesab edir ki, Əli Həsənovun bu çıxışı hakimiyyətin azad mətbuata azadlıq verməmək strategiyasının açıq şəkildə ortaya qoyulması deməkdir. Hamı bilir ki, ölkədə ən populyar nəşrlər azad mətbuat orqanlarıdır. Hakimiyyətlə bağlı olan, hakimiyyətin nəzarətində olan mətbuat orqanları obyektiv informasiya yaymadıqlarına görə azad mətbuatla mübarizəni çoxdan və çox böyük hesabla uduzublar. Təkcə «Azadlıq» qəzetinin saytında yerləşdirilən materialların oxunma sayı hakimiyyətlə bağlı mətbuat orqanlarındakı materialların oxunma sayından olduqca böyükdür. Azad mətbuatın ölkədə ictimai rəyin formalaşmasına müstəsna təsiri artıq çoxdan hakimiyyəti ən çox narahat edən məsələlərdən birinə çevrilib. Seçkidən sonra başlanmış təzyiqlər, o cümlədən metro stansiyalarında bir neçə qəzetin satışına qadağa qoyulması və son günlər «Azadlıq» qəzetinin fəaliyyətinin dayandırılması hakimiyyətin azad mətbuatı sıradan çıxarmaq niyyətinin açıq aşkar ortaya qoyulmasıdır.

R.Hacıyevin sözlərinə görə, Əli Həsənovun açıqlamasından görünür ki, hakimiyyət sərt tənqidçi mövqedən çəkilmək istəməyən mətbuat orqanlarını sıradan çıxarmaq qərarına gəlib. Çox açıq şəkildə bildirilir ki, azad mətbuatı təmsil edən mətbuat orqanlarının vəziyyəti düzəltmək üçün atdığı addımlar onları xilas etməyəcək. Bu isə o deməkdir ki, hakimiyyət müstəqil mətbuatı təmsil edən qurumlara onları sıradan çıxarana qədər təzyiqlərini davam etdirəcək. Bununla da Əli Həsənov demək istəyir ki, bundan sonra yalnız hakimiyyətə loyal münasibət göstərən qəzetlərin yaşamaq şansı var.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bu açıqlamanın mühüm bir fakt olduğunu qeyd etdi. Çünki indiyə qədər problemlərin hardan qaynaqlanması haqqında rəsmi cavab almaq mümkün deyildi. Əli Həsənovun bu açıqlaması isə rəsmi bir cavabdır: «Bu həm də Azərbaycanın paytaxtı Bakı şəhərində qəzetlərin yayımı ilə bağlı problemin, həmçinin ortaya çıxan digər problemlərin hardan qaynaqlamasının, sifarişin hardan gəldiyinin etirafıdır. Bu, bizim üçün informasiya baxımından olduqca qiymətlidir. Bizim üçün həm də o aydınlaşıb ki, Azərbaycanın siyasi hakimiyyəti bu qəzetlərin problemlər içərisində çabalamasında və nəticə etibarı ilə çıxış yolu aramaq üçün hansısa çarə axtarmaqda da maraqlıdır. Çarəni də Əli Həsənov göstərib. Açıq mətnlə deyib ki, əgər xəbərə bizim standartlarımızla yanaşmasanız, yayım siyasətinizi dəyişməsəniz, sizin mövcudluğunuz mümkün olmayacaq. Bu bir hökmdür. Buna siyasi bir hökm kimi baxıram. Bu o deməkdir ki, həmin qəzetlərin öz xəbər yaymı siyasətinə, hadisələrə baxış rakursu dəyişməyincə, qəzetlərə problem davamlı olacaq».

R.Arifoğlu PA rəsmisinin açıqlamasının demokratiyanın əlifbasına zidd bir yanaşma kimi qiymətləndirdi: «BU, söz və mətbuat azadlığına qarşı həyata keçirilən siyasətin etirafıdır. Bir qəzet redaktoru, tənqidçi medianın təmsilçisi kimi bu cür mövqeyə etiraz edirəm. Hesab edirəm ki, hakimiyyət bu mövqeyini dəyişməlidir. Əks halda bu hakimiyyətin başında durduğu ölkədə demokratik, müstəqil, tənqidçi media adına heç bir quruluş qalmayacaq. Bu bizə nə qədər zərbədirsə, Azərbaycana da bir o qədər böyük zərbədir. Strateji baxımdan Azərbaycan iqtidarına da kifayət qədər ciddi zərbədir. Azərbaycan hakimiyyətini faydası olmayan bu mövqedən çəkinməyə çağırıram».

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar