ABŞ-da korrupsiya dinləməsi: Azərbaycan da gündəmə gəldi

ABŞ-ın Helsinki Komissiyası (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) noyabrın 19-u Vaşinqtonda “ATƏT regionunda korrupsiya ilə mübarizə: yaxşı idarəçilik və təhlükəsizlik arasında əlaqə” adlı dinləmə keçirib.

Dinləmədə araşdırıcı jurnalist Xədicə İsmayılova da iştirak edərək ekspert qismində ifadə verməli idi. Ölkədən çıxışına qadağa qoyulduğuna görə dinləməyə qatıla bilməyən Xədicə İsmayılovanın müraciəti iştirakçılara paylanıb.

“Amerikanın səsi” xəbər verir ki, Helsinki Komissiyasının həmsədri Bencamin Kardin korrupsiyanın uzunmüddətli təhlükəsizlik baxımından mühüm faktora çevrildiyini vurğulayıb. Buna səbəb kimi o, korrupsiyanın sosial çevrilişlərə və sabitliyin pozulmasına zəmin yaratmasını göstərib, Ukraynada baş verən hadisələri misal gətirib.

Dinləmədə ATƏT-in iqtisadi və ekoloji əlaqələr koordinatoru Xəlil Yurdaqul Yigitgüdən, Cons Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzinin tədqiqatçısı Şaazka Beyerle və Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Anders Asland ifadə verib.

İştirakçılar korrupsiya ilə mübarizədə effektiv institutların yaradılmasının və vətəndaş cəmiyyətinin rolunun mühümlüyünü vurğulayıblar.

“Amerikanın səsi”nə açıqlamasında Yigitgüdən korrupsiyanın qarşısının alınmasının mühümlüyündən danışıb: “ATƏT ölkələrinin hamısında bu sahədə görülməli çox iş var. Bu istiqamətdə fəaliyyətlər mövcuddur. Çünki sabitlik üçün korrupsiyanın qarşısı alınmalıdır. Buna bütün ölkələr maraq göstərir. Ukrayna və Azərbaycan da daxil olmaqla korrupsiyanın aradan qaldırılması istiqamətində bəzi fəaliyyətlər var. Misal üçün, vətəndaşa elektron xidmət göstərmək sahəsində. Pasport və ya sürücülük vəsiqəsi alanların bu xidmətlərdən daha asan istifadəsi, korrupsiya ilə üzləşməməsi üçün xidmətlər mövcuddur. Azərbaycanda bu sahədə “ASAN xidmət” var. Mən bir ay əvvəl onların təşkil etdiyi elektron dövlət xidmətləri mövzulu toplantıda iştirak etmişəm”.

Senator Kardin dinləmədən sonra “Amerikanın səsi”nə deyib ki, Azərbaycan ABŞ-ın dostudur: “Bizim ortaq maraqlarımız çoxdur. Mənim üçün Azərbaycanın araşdırıcı jurnalistlərə işlərini azad şəkildə görməyə imkan verməsi həddən artır vacibdir. Komissiyamızın dəvətinə baxmayaraq jurnalist Xədicə İsmayılovanın Azərbaycandan kənara çıxmasına icazə verilməməsinə çox məyusam. Mən Azərbaycanı ölkədə islahatları həyata keçirməyə davam etmək üçün bu siyasətlərini nəzərdən keçirməyə çağırıram”.

Senator əlavə edib ki, məhbus hüquq müdafiəçisi Leyla Yunusun səhhəti onu çox narahat edir: “Biz onun azad edilməli olmasına, səhhəti ilə bağlı problemlərinin həll edilməli olmasına inanırıq. Ona fikirlərini azad şəkildə ifadə etmək imkanı verilməlidir”.

Azərbaycanda “Amerikanın səsi” və “Azadlıq” radiolarının yerli dalğalarda yayımına qadağa qoyulması ilə bağlı sualı cavablandıran senator deyib: “Biz açıq şəkildə bildirmişik ki, azad və açıq mətbuat prinsipinə inanırıq. Hamı məlumatı sərbəst şəkildə əldə bilməlidir. Texnologiyalarla hər hansı ölkənin əhalisinin məlumat əldə etməsininin qarşısını alması prinsipinə inanmırıq. Fikrimizcə, bütün demokratik ölkələrdə insanların məlumata sərbəst çıxış imkanı olmalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar