70 MİLYONLUQ MÜDHİŞ FIRILDAQLA BAĞLI YENİ FAKTLAR - Şok məlumatlar

«Pulların cox hissəsi dəmiryolundakı yeyintini bağlamağa sərf olunub»

Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin (ADDY QSC) rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı iri məbləğli maliyyə fırıldaqçılığı ilə bağlı vaxtaşırı yeni məlumatlar ortaya çıxır. Zərərçəkmişlərdən biri tərəfindən «AzPolitika.info»-ya yenidən çox ilginc məlumatlar daxil olub.

Arif Əsgərovun baldızı oğlu niyə və nəyə «qurban» verilib?

Bu məlumatlar barədə xəbər verməzdən öncə xatırladaq ki, bir müddət öncə ADDY QSC-nin sədri Arif Əsgərovun yaxın qohumu, daha dəqiqi, baldızı oğlu (qeyd edək ki, mətbuatda onu səhvən Əsgərovun bacısı oğlu kimi təqdim edirdilər-müəl.) olan Rahib Hüseynovun fırıldaq yolu ilə müxtəlif şəxslərə məxsus 48 milyon manat vəsaiti mənimsəməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğu xəbəri yayıldı. O da məlum oldu ki, həbs olunana qədər ADDY QSC-nin marketinq şöbəsinin rəisi işləmiş Rahib Hüseynov bu əməliyyatı tək həyata keçirməyib. Maliyyə fırıldağında onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan («AzPolitika.info»ya təqdim olunan məlumatda onun Bakıda olduğu, sadəcə həbs edilməməsi üçün gizlədildiyi bildirilir-müəl.) qardaşı Emin Hüseynov və Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib.

Azərbaycan dəmiryolları şəbəkəsinin təchizatını inhisara alan “Liman Group” adlı iri şirkətin rəhbəri Elnar Əsgərovun adının çoxmilyonluq maliyyə fırıldağında hallanması diqqətləri bu hadisənin üzərinə çəkdi. Yeri gəlmişkən qeyd edək ki, Arif Əsgərovun oğlunun adına yaratdığı sözügedən “Liman Group” Türkiyə və Rusiya bazarlarında uzun müddətdir fəaliyyət göstərən, tikinti, ticarət və digər sektorlarda önəmli paya malik olan şirkətdir.

Sonradan «AzPolitika.info»ya təqdim olunan məlumatlarda Rahib Hüseynovun «qurbanlıq» olduğu, faktın arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığı iddia edildi: «Rahib Hüseynovun ADDY QSC-dən xeyli əvvəl çıxarıldığına dair məlumatlar yalandır. Son günlərə qədər özü də, qardaşı da orda işləyib. Emin Hüseynov qeyri-rəsmi fəaliyyət göstərirdi. Belə demək mümkünsə, pul yığmaqla məşğul idi. Onların atası İsmayıl Hüseynov isə Tovuzda Arif Əsgərovun təsərrüfatına rəhbərlik edir.»

Hətta zərərçəkmişlərdən birininin anası - mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas Zakir Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə müraciət edərək, bu iri maliyyə fırıldağının arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığını bəyan etdi. O, məktubunda Arif Əsgərovla telefonla danışdığını, onun isə «Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram” deyə bildirdiyini yazırdı.

Zərərçəkmiş sahibkarlardan biri də mətbuata açıqlamasında Hüseynov qardaşlarına etibar olunmasını, məhz işin arxasında E.Əsgərovun dayanması ilə bağlamışdı. Sitat: “Biz o uşaqlarla neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Çünki biri Arif Əsgərovun oğlu, digəri onun bacısı uşaqları (əslində isə baldızı uşaqları-red.) idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar”.

Naxçıvandan olan həmin sahibkar açıqlamasında adıçəkilən şəxslərin pulların böyük hissəsini Las Veqasda qumara qoyduqlarını da iddia edib.

O da bildirilib ki, Arif Əsgərov öz oğlunu - Elnarı qalmaqaldan kənarda saxlamaq və sahibkarların pullarından əllərini üzməsi üçün yaxın qohumu Rahib Hüseynovu qurban verməyə razılaşıb. Əsgərovun bu qərarı öz şefi - nəqliyyat naziri Ziya Məmmədovla məsləhətləşdikdən sonra verdiyi iddia olunur. Uzun müddətdir gizlənən Hüseynovun aşkara çıxmasının və həbs edilməsinin də bununla bağlı olduğu bildirilir. R. Hüseynovu Gürcüstanla sərhəddəki «Qırmızı körpü» sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun çağırması və Bandotdel” əməkdaşlarına təhvil verməsi də bununla bağlanırdı.

Sahibkarlardan pullar «zavod» üçün xammal almaq adı ilə yığılıb

Saytımıza məlumat verən mənbə isə bu maliyyə maxinasiyasından 43 nəfər sahibkarın zərər çəkdiyini, onların mənimsənilən vəsaitlərinin ümumi məbləğinin isə 48 milyon manat deyil, ən azı 70 milyon manat olduğunu söylədi. «Sadəcə bəzi sahibkarlar Əsgərovlar ailəsindən çəkindiyindən, bəziləri isə adlarının bu məsələdə hallanmasını istəmədiyindən pullarının qaytarılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Zərərçəkmişlərin içərisində Zakir Zeynalovun ailəsindən xeyli məhşur insanlar var» - deyə mənbə bidirmişdi.

O, sahibkarlardan hansı şəkildə pulun yığılmasına da aydınlıq gətirmişdi. Qeyd olunurdu ki, pulların yığılmasını həqiqətən Hüseynov qardaşları həyata keçirib. «Onlar bildirirdilər ki, zavodumuz var, ADDY QSC-yə mal veririk. Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun əlilə. Elnar Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb.

Söhbət TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq ADDY QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3 manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni, hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir.

Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300 min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 mın və sair. Sonradan məlum oldu ki, bu sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrabada da nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar. Ən azı ona görə deyirəm ki, 70 milyon manat mənim bildiyimdi. Əslində ayrı-ayrı insanlardan, iş adamlarından, vəzifəli şəxslərdən yığılan vəsait bundan dəfələrlə çoxdur. Hansı ki, bəziləri vəzifəsini itirməkdən qorxub, bəziləri isə adlarının mətbuata çıxmaması üçün sakit dayanıblar».

Mənbənin iddiasına görə, Əsgərovlar bir neçə şəxsin pulunu qaytarıblar: «Kürd əsilli iş adamlarının da böyük məbləğdə pullarını yemişdilər. Məsələnin böyüyəcəyindən qorxub onların pullarını qaytardılar. Yəqin kimin qohumlarından söhbət getdiyini başa düşdünüz.».

Mənbə bu pulların hara xərcləndiyi barədə geniş məlumat verir: «Bunlardan biri kimi Elnar Əsgərovun, Rahib və Emin Hüseynov qardaşlarının Novxanıda 8 metr enində olan bir küçədə tikdirdikləri 10-larla 4 mərtəbəli villa, otel tipli iqamətgahları qeyd edə bilərəm...».

«Pullar Arif Əsgərovun kabineti ilə qonşu otaqda və onun evinin önündə yığılırmış»

Göründüyü kimi saytmıza təqdim olunan materiallarda da, faktın arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığı iddia olunub. Elə «AzPolitika.info»ya göndərilən yeni məlumatlar də bunu təsdiqləyir.

Zərərçəkmişlərdən biri tərəfindən saytımıza verilən məlumatlarda iddia edilir ki, Elnar Əsgərov, Rahib Hüseynov və Emin Hüseynov 3 ilə yaxın idi ki, insanlardan pul yığırlarmış: «Hamıya deyirdilər ki, dəmiryol proyekti üçün pul yığılır (bu proyekt barədə yuxarıda məlumat vermişik-müəl.). Deyirdilər ki, bu proyekt Arif Əsgərovun proyektidi, nə qədər çox pul qoyulsa, o qədər yaxşı gazanc olar».

Zərərçəkmişin iddiasına görə, pullar elə Arif Əsgərovun kabineti ilə qonşu otaqda və onun evinin önündə yığılırmış: «Rahib Hüseynovun kabineti ilə Arif Əsgərovun kabineti bir mərtəbədə yerləşirdi. Pullar da ya o kabinetdə yiğılırdı, ya da Arif Əsgərovun «Vorovski» qəsəbəsində yerləşən evinin önündə. Əgər Arif Əsgərovun evininin önündə videoizləyici varsa, bunu sübut etmək elə də çətin olmaz».

«Hamısının villaları «Vorovski»də, bağları isə Novxanıda bir-birinə qonşudu»

Zərərçəkmiş sual edir: «Necə olur ki, Arif Əsgərovun onunla bir mərtəbədə yerləşən otağa gələn pullardan xəbəri olmur? Rahib Hüseynov Arif Əsgərovun iscisi idi və onun maaşı çox olsa 1500- 2000 manat olardı.

Bəs necə olur ki, Rahib Hüseynov Novxanıda qiyməti bir-neçə milyon olan bağ alır, qarajındakı maşınların sayı olmur, həyətində neçə qulluqçu saxlayır, Arif Əsgərov ondan bunları necə əldə etdiyini soruşmur?»

Zərərçəkmişin sözlərinə görə, Arif Əsgərov və digər qohumları, o cümlədən Rahib Hüseynov bir-biri ilə çox yaxın yaşayırlar: «Arif Əsgərov və onun xanımı çox qohumbazdırlar, bütün qohumları bir yerə yığıblar. Hamısının villaları «Vorovski» gəsəbəsində, bağları isə Novxanıda bir-birinə qonşu ərazilərdə yerləşir. Yəni Rahib Hüseynovun qısa müddətdə belə varlanmasını görməyə bilməzdilər. Bəs niyə onlar bir dəfə olsun soruşmurdular, ay Rahib sən bu pulu hardan alırsan? Çünki onlar hamısı, başda Arif Əsgərov özü olmaqla, oğlu, həyat yoldaşı, qohumları bu pulların hardan gəldiyini yaxsı bilirdilər. Onların hamısı bu işin içində idilər».

«Arif Əsgərovun idarəsində cox böyük yeyinti var idi»

Zərərçəkmişin iddiasına görə, yığılan pulların böyük hissəsi Azərbaycan Dövlət Dəmir Yolları QSC-dəki maliyyə yeyintisini bağlamağa sərf olunub: «Arif Əsgərovun idarəsində cox böyük yeyinti var idi. Pulların cox hissəsi bu yeyintini bağlamağa sərf olunub. Sonra da yuxarıların «ağzını pulla bağlayıb», özlərini bir kənara çəkib, qohumunu verib güdaza».

Zərərçəkmişin sözlərinə görə, Rahib Hüseynov tutulmamışdan bir qədər əvvəl hər kəsdən qaçmağa başlayıb: « O, həmişə pul aldığı insanlarla görüşəndə əlində bir kompüter olurdu və hər şeyi orda qeyd edirdi. Son günlər belə görüşlərə kompütersiz gəlirdi. Soruşanlara da deyirdi ki, kompüterimi Xatın xalam alıb (Arif Əsgərovun həyat yoldaşı). Sual olunur, onun Xatın xalasının nə marağı vardı ki, onun kompüterini alir və vermir?

Bir də Rahib Huseynovun ondan başqa da xalası var, nədən məhz Arif Əsgərovun həyat yoldaşı bu işə qarışırdı?»

Zərərçəkmiş qeyd edir ki, Rahib Hüseynovun anasi Allaha, Qurana and icərək, bu işlərin arxasında Elnar Əsgərovun durduğunu söyləyib: «Elnar Əsgərov Rahibə deyib ki, sən boynuna al, mən səni qurtaracağam, amma indi sozündən qaçır... Rahibin ata-anası imkansız insanlardı, anası kənddə müəllimə, atası da fermada adi işçidi. Bəlkə də onları pulla susdurublar.

Rahib Hüseynov tutulmazdan oncə Arif Əsgərovun ailəsi, qohumları zərərçəkənlərə deyirdilər sizin pullarınız qaytarılacaq. Rahib Hüseynovu tutdurdular, rahatlaşdılar...İndi heç kimə pul vermək istəmirlər.

Arif Əsgərov elə eləməlidir ki, ona rəhmət olmasa da, lənət oxumasınlar. Qoy o bir az düşünsün, heç kəs pulundan keçməyəcək.

Mən çox inanıram ki, Arif Əsgərov və onun oğlu hüquq-muhafizə orqanlarına cavab verməsələr də, uca tanrının qarşısında cavab verməli olacaqlar. UCA TANRIM ONLARIN CƏZASINI VERƏCƏK!!!»

Qeyd edək ki, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məsələ ilə bağlı açıqlama verməsələr də, ADDY QSC-nin mətbuat xidmətinin rəhbəri hadisənin Əsgərovlar ailəsi ilə bağlılığını qəti şəkildə inkar edib.

Qeyd olunanlarla bağlı Əsgərovlar ailəsinin də mövqeyini dər etməyə hazırıq.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar