TİKİNTİYƏ BÜTÜN NƏZARƏT KƏMALƏDDİN HEYDƏROVA VERİLDİ - Yeni qaydalar nə vəd edir?

İcra hakimiyyətlərinin səlahiyyətləri Fövqəladə Hallar Nazirliyinə keçdi

Ölkə başçısı İlham Əliyev "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. Qaydalara görə, tikintiyə dövlət nəzarəti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçiriləcək.

Tikintiyə dövlət nəzarətini həyata keçirən orqana isə aşağıdakı səlahiyyətlər verilir:

- Tikinti obyektinə və tikinti ərazisinə maneəsiz daxil olmaq;

- obyektin xaricdən görünən hissəsində onun əsas göstəricilərini əks etdirən məlumat lövhəsinin və xüsusi nişanın olmasını yoxlamaq;

- tikinti ilə bağlı zəruri məlumatları, tikinti sənədlərini (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) tələb etmək;

- tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etmək, o cümlədən tikintidə aşkarlanmış pozuntuların aradan qaldırılmasını tələb etmək;

- tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq;

- tikintidə istifadə olunan inşaat materiallarının, məmulatların və konstruksiyaların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək, habelə inşaat materiallarından, hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq;

- tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq qərarın çıxarılması üçün Agentlik qarşısında məsələ qaldırmaq.

Beləliklə göründüyü kimi, bu fərmanla tikinti sahəsi demək olar ki, tam olaraq Fövqəladə Hallar Nazirliyinin nəzarətinə verilir. İcra hakimiyyətləri və bələdiyyələrin səlahiyyətləri isə məhdudlaşdırılır. Daha dəqiqi, əvvəllər icra hakimiyyətlərində olan səlahiyyətlərin bir qismi də Fövqəladə Hallar Nazirliyinə keçib. Buna əsasən yaxın vaxtlarda tikinti sektorundakı coxhakimiyyətliliyə son qoyulacağını söyləmək olar.

"AzPolitika.info"ya verilən məlumata görə, Prezidentin tikintiyə nəzarəti demək olar ki, tam olaraq Fövqəladə Hallar Nazirliyinə verməsinin səbəbi də bu sahədəki çoxhakimiyyətliliyə son qoymaqdır. Məsələ onadır ki, nəzarət orqanlarının çox olması məsuliyyətsizliyə, özbaşınalığın baş alıb getməsinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmadan harda gəldi, necə gəldi binaların, obyektlərin tikilməsinə səbəb olub. Problem ortaya çıxanda da tərəflər məsuliyyəti bir-birinin üzərinə atmaqla özlərini sığortalayırlar. Bu da paytaxtda tikinti sahəsində xaotik bir duumun yaranmasına gətirib çıxarıb ki, buna son qoyulmasının vaxtı çoxdan keçib.

Digər bir problem isə nəzarət adı altında tikinti paran sahibkarların müxtəlif dövlət orqanları tərəfindən soyulması ilə bağlıdır. Əlinə "papka alan" qaçırdı tikinti aparan sahibkarın üstünə ki, nəzarətə gəlmişəm, mənim də "haqqımı"  verməlisən. Tikintiyə nəzarətin bir əldə cəmləşməsi bu problemi tam olaraq aradan qaldırmasa da,  sahibkarların ən azı "haqq" verdiyi orqanların sayını azaldar.

Əlbəttə, Azərbaycanda tikinti sektorunun bir əldə cəmləşməsi, bu sahədə aparılan işlərin bir qurumun iradəsindən asılı hala salnmasının sahibkarlar üçün əlavə problemlər  yaradacağını istisna etmək olmaz. Fövqəladə Hallar Nazirliyi və ya nəzarəti həyata keçirən agentliyin  əməkdaşları sahibkarlara öz şərtlərini diktə edə bilərlər. 

Bu baxımdan fərmanın müsbət və ya mənfi nəticə verəcəyini qabaqcadan söyləmək çətindir. Zamanla ortaya çıxacaq.

Murad

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar