Rəsul Quliyevin kimlərə borcu olduğu açıqlandı

Sərdar Cəlaloğlu: " Rəsul Quliyev minlərlə insanın zəhmətini, ümidini yerə vurdu"

ACP-nin sabiq lideri Rəsul Quliyev ona çoxlu sayda insanların maddi və mənəvi borcunun olduğunu bəyan edib. Rəsul Quliyev uzun illər ADP-nin sədri olub. Bu baxımdan istisna deyil ki, ADP-nin rəhbərliyi ona kimin borclu olub-olmadığı barədə bilgilərə malikdir. ADP sədri Sərdar Cəlaloğlu bu mövzuda söhbətimiz zamanı maraqlı açıqlamalar verdi.

Sərdar Cəlaloğlu öncə bildirdi ki, şəxsən özünün Rəsul Quliyevə nə maddi, nə mənəvi borcu yoxdur: “Ancaq Rəsul Quliyevin bizim qarşımızda çox böyük mənəvi borcu var. Çünki 10 ildən artıq ADP sıralarında on minlərlə adam küçələrdə mübarizə apardı, döyüldü, həbs olundu, ağır xəsarət alan adamlar oldu, minlərlə ADP-çi ölkəni tərk eləmək məcburiyyətində qaldı. Rəsul Quliyevə görə Azərbaycan parlamentinin 7-8 deputatı həyatlarını, karyeralarını riskdə qoyaraq hakimiyyət partiyasından ADP-yə keçdi. Amma sonda Rəsul Quliyev özündən asılı olan həlledici addımları atmadı. Hansı ki, o addımları bilavasitə şəxsən özü atmalı idi. Lakin həmin addımı ata bilmədi. Beləliklə, Rəsul Quliyevin Azərbaycana qayıdışı baş tutmadı. Minlərlə insanın zəhmətini, ümidini yerə vurdu. Rəsul Quliyev özü də yaxşı bilir ki, ADP-nin apardığı işlər müqabilində onun partiyaya göstərdiyi maddi kömək mində bir faiz təşkil edib. Biz partiyanın maliyyələşməsinin böyük hissəsini elə öz şəxsi kanallarımız vasitəsilə, öz daxili imkanlarımızla həyata keçirirdik. Ola bilsin ki, ADP-də hansısa insanlar olub ki, onlara Rəsul Quliyev şəxsən köməklik edib, onlara ev alıb, maşın alıb və ya onlara pul qazanmaq üçün şərait yaradıb, öz biznesinə qoşub. Bunlar kimlərəsə edilibsə, bu barədə həmin adamlar fikir bildirə bilərlər. Yaxşı olar ki, Rəsul Quliyev ümumi danışmasın, kimlərin ona maddi və mənəvi borcunun olduğunu ad çəkməklə desin”.

S.Cəlaloğlu Rəsul Quliyevin 2005-ci ildən Müsavat Partiyasının başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə borclu olduğunu açıqladı: “2005-ci il parlament seçkilərində Müsavat, AXCP, ADP ”Azadlıq" blokunda birləşərək iştirak edirdi. İsa Qəmbərlə Əli Kərimli seçkidən bir müddət əvvəl Avropa Şurasında Rəsul Quliyevlə görüşmüşdülər. Müəyyən sövdələşmələr aparmışdılar. O sövdələşmələrdən biri “Azadlıq” blokuna təşviqat avtobusunun alınıb Azərbaycana gətirilməsi idi. Eyni zamanda seçkiöncəsi mitinqlərin keçirilməsinə maliyyə ayrılması ilə bağlı Rəsul Quliyev Əli Kərimliyə söz vermişdi, Əli Kərimli vasitəsilə İsa Qəmbərə də söz vermişdi. Razılaşmaya görə, avtobusun alınması üçün üç partiyanın hərəsi bərabər sayda pul verməli idi. ADP sədri Rəsul Quliyevin avtobusa görə 8 min dollar borcu qalmışdı. O zaman İsa Qəmbərlə Əli Kərimli həmin borcu öz üzərlərinə götürmüşdülər. Rəsul Quliyevin əvəzindən hərəsi 4 min dollar ödəmişdilər. Rəsul Quliyev 8 min dollar borcu onlara qaytaracağını demişdi. Rəsul Quliyev Əli Kərimliyə şəxsən söz vermişdi ki, siz mənim əvəzimdən 8 mini verin, mən borcunuzu qaytaracağam. Lakin Rəsul müəllim o borcu qaytarmadı. Onu da deyim ki, alınan avtobusu Azərbaycan hökuməti ölkəyə buraxmadı. Əli Kərimli mənə sonradan dedi ki, Rəsul Quliyev 8 min dolları qaytaracağına söz verib, lakin hələ də qaytarmayıb. Mən Rəsul Quliyevə zəng edib dedim ki, Əli bəyə söz vermisən, niyə borclarını qaytarmırsan. O da dedi ki, pulu verəcəyəm. Məsələ elə bu cür də qaldı. Şəxsən mənim də maddi imkanım olmadı ki, o pulu qaytarım. Nəticədə Müsavatla AXCP-yə borclu düşdük. Avtobus alınması ideyası Rəsul Quliyevə məxsus idi. O, Əligili başdan çıxarmışdı ki, bir təşviqat avtobusu alınsın. İsa bəylə Əli bəy etiraz eləməmişdilər və avtobusun pulunu ödəmişdilər. Azərbaycan hökuməti isə avtobusu gömrükdən buraxmadı".

ADP sədri onu da etiraf etdi ki, o dövrlərdə müxalifətin Amerikaya və ya Avropaya bir sıra səfərlərini müəyyən mənada Rəsul Quliyev maliyyələşdirirdi: “Yəni o da bu istiqamətdə müəyyən addımlar atırdı. Təbii ki, bütün bunlar hamısı ümumi işə aid idi. Ona görə burada kiməsə borcdan danışmaq olmaz. Borclu varsa xalqdır, borclu olduğumuz da xalqdır”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar