Ohanyan yenə lovğalandı: “Cəsədləri hərbi yolla götürə bilərik”

Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün Erablurda çıxış edərkən yenidən Ağdam istiqamətində vurulmuş “Mi-24” vertolyotu ətrafında təxribatçı bəyanatlar verib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyan Azərbaycanı “vertolyotu vurmağı əvvəlcədən planlaşdırmaqda” ittiham edib.

Ohanyan daha da irəli gedərək deyib: “Vertolyot təlim-məşq uçuşları zamanı vurulub. Bizim ərazimizdə. Bu, bütün normaların pozulmasıdır”.

Erməni nazir həmçinin bildirib ki, Ermənistan vertolyotun heyət üzvlərinin cəsədlərini diplomatik yolla qaytarmağa çalışır. Hərçənd ki, “digər variant” da istisna deyil.

“Ermənistan silahlı qüvvələri digər varianta da əl atmağa hazırdır. Lakin hələlik Ermənistan diplomatiyaya üstünlük verir. Bizim göstərdiyimiz səylər sayəsində ATƏT-in Minsk Qrupu problemi həll etməyə imkan verə bilən dəqiq bəyanatla çıxış edib” - deyə Ohanyan bildirib.

Xatırladaq ki, bundan əvvəl də Ohanyan və digər erməni rəsmiləri vertolyotun vurulması hadisəsinə görə Azərbaycanın ünvanına təhdid bəyanatları səsləndiriblər. Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə bu cür bəyanatlarla bağlı rəsmən bəyan etmişdi ki, əgər erməni tərəfi növbəti dəfə hərbi təxribata əl atsa, cavab olduqca sərt və dağıdıcı olacaq, çoxsaylı itkilərlə müşayiət olunacaq və düşmənin yaddaşından uzun müddət silinməyəcək.

Bu bəyanatdan sonra erməni tərəfi öz ritorikasında dəyişikliklər etməli oldu. Lakin göründüyü kimi, Ohanyan geniş publika qarşısında növbəti dəfə lovğalanıb və hətta Ermənistan ordusunun vertolyotdan cəsədləri götürmək üçün hərbi əməliyyat keçirə biləcəyini, yəni təmas xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum edə biləcəyini də deyib.

Ohanyanın bəyanatındakı digər həyasız məqam onun “Vertolyot bizim ərazimizdə vurulub” deməsidir. Məlum olduğu kimi, vertolyot işğal altındakı Azərbaycan ərazilərində, ordumuzun döyüş mövqelərinin təxminən 100 metrliyində düşüb. O zaman Ohanyan “bizim ərazimiz” deyəndə və Azərbaycanı “bütün normaları pozmaqda” ittiham edəndə hansı normalardan və ərazilərdən danışır?

Axı nəinki vertolyotun vurulduğu və düşdüyü ərazi, eləcə də hazırda ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlar bütün beynəlxalq normalara görə Azərbaycan ərazisidir. Bu ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması hələ Ohanyana “bizim ərazimiz” ifadəsini işlətməyə səlahiyyət vermir.

Gözləmək olar ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Ohanyanın sonuncu lovğa bəyanatına da tutarlı cavab verəcək. Həm də təkcə kağız üzərində yox. Çünki Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirməyə yönələn yeni cəhdlər edir və bu gün ordumuzun bir əsgəri düşmənlə atışmada şəhid olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar