Kərəm Həsənov külli miqdarda rüşvət almaqda ittiham olunur

"Kadastr Xidmətinin rəisi Ramiz Quliyevə rüşvət verən ortaqların oyundan çıxarılması qarşı tərəfi qəzəbləndirib"

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov karyerasını bitirə biləcək bir olayla üzləşib. Komitənin tenderini udan Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkətinin Türkiyədəki gizli ortaqları oyundan çıxarılıb. Tenderi “udmaq” üçün Kadastr Xidmətinin rəisi Ramiz Quliyevə rüşvət verən ortaqların oyundan çıxarılması qarşı tərəfi qəzəbləndirib, onlar bu məsələ və ümumiyyətlə şübhəli maliyyə əməliyyatları ilə bağlı dosyeni Azərbaycan hakimiyyətinə təqdim etməyə hazırlaşırlar. Bu barədə “Yeni Müsavat”a Türkiyədəki mənbələrdən məlumat daxil olub.

Mənbənin iddiasına görə, tenderdə iştirak edən şirkətlərin sənədlərini əldə etmək üçün Kadastr Xidmətinin rəhbərliyinə rüşvət verilib. Açıq tender elan edilsə də, iştirakçı şirkətlərin sənədləri Türkiyə şirkətinə ötürülüb. “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti də xidmət tariflərini bu təkliflərə uyğun göstərib. Daha doğrusu, iştirakçı şirkətlərin təklif etdiyi qiymətlərdən nisbətən aşağı qiymətlər təklif edilib ki, Türkiyə şirkətinin “şəffaf tender” nəticəsində qalib gəlməsi şübhə yaratmasın".

Mənbənin sözlərinə görə, Kərəm Həsənovun adından danışıqları kadastr direktoru Ramiz Quliyev aparıb. Şirkətin sahibi Altan Çətinqayanı komitənin sədr və müavinləri ilə də o tanış edib. Eyni zamanda tenderdə iştirak edən şirkətlərin təkliflərini də A.Çətinqayaya da ötürüb. R.Quliyev ona deyib ki, şirkətin qiymətlərinin iştirakçı şirkətlərin təkliflərinə uyğun hazırlanmasını sədr tələb edir. İddialara görə, Türkiyə şirkəti qalib gəlmək üçün Əmlak Komitəsinin rəhbərliyinə külli miqdarda rüşvət verib (Rəqəmlər bizə bəllidir, ancaq hələlik açıqlamırıq).

Zəruri arayış: 2012-ci ildə ilk olaraq Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi tərtib edilib. Ardınca isə Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşıb. Hökumətin 2012-ci ildə qəbul etdiyi dövlət proqramına görə, 2015-ci ilin sonuna kimi ilk dəfə olaraq Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq. Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Kadastr məlumatların emalı və təhlili müasir informasiya texnologiyalarının və proqram təminatlarının texnologiyanın tətbiqi ilə aparılır. Məlumatların strukturu, informasiyanın dayanıqlığını, tamlığını, dəqiqliyini müəyyənləşdirən göstəricilər kadastr sahəsində böyük təcrübələri olan xarici mütəxəssislər tərəfindən bəyənilmişdir və işlərin keyfiyyətinə nəzarət Dünya Bankının xətti ilə Azərbaycanda həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində aparılır. Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib. Tenderin qalibi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti olub.

Məsələ ilə bağlı kadastr xidmətinin rəhbəri Ramiz Quliyevin mövqeyini öyrəndik. R.Quliyev bu xəbərin böhtan olduğunu deyir: “Tamamilə qərəzli məlumatdır. Əgər xəbəri ötürən mənbə adını açıqlasa, biz onunla istənilən müzakirəyə, dəqiqləşdirmə aparmağa hazırıq. Ancaq bu, anonim mənbədir və bunu şərh etməyə ehtiyac da yoxdur. ”Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş" şirkəti dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq keçirilən şəffaf tenderi udub. Tenderdə Dövlət Satınalmaları Agentliyinin, Maliyyə Nazirliyinin, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər və heç bir qanun pozuntusu da olmayıb".

Məsələ ilə bağlı “Yeni Müsavat”a başqa məlumatlar da daxil olub və hazırda araşdırmalar aparılır. Məsələn, orada deyilir ki, Türkiyə şirkəti ilə Kərəm Həsənovu, onun layihədəki adamı Ramiz Quliyevi əlaqələndirən Vüqar Hacıyev adlı Bakı sakini olub. Redaksiya onun dəqiq kimliyini araşdıra bilməyib; lakin məlumatlarda o da vurğulanır ki, həmin şəxs qiyamçı polkovnik Surət Hüseynovun adamı olub və hazırda da onunla yaxındır. Hətta tamamilə mümkündür ki, S. Hüseynov bu layihədə Kərəm Həsənovla gizli ortaqdır.

Əlimizdə bu prosesin gizli ortağı dediyimiz Türkiyə vətəndaşı T.Ç.-nin təqdim etdiyi ciddi dosyelər var: Orada Ramiz Quliyevin öz ortaqları ilə elektron yazışmaları, həmin şəxslə telefon danışıqlarının çıxarışları var (telefon nömrəsinin son rəqəmləri ...0025) və birbaşa cinayət hesab olunan qanunsuz pay bölgüləri haqda dəqiq məlumatlar əks olunub. Bu məlumatlar prokurorluq orqanlarına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunacaq. Hesab edirik ki, bu bilgilər Kərəm Həsənovun və onun ortaqlarının həbsi ilə nəticələnəcək gücdədir. (mucavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar