Ali Məhkəmənin Plenumu; mühüm qərarlar olacaq (YENİLƏNDİ)

Plenumda Ramil Usubov, Zakir Qaralov, Fikrət Məmmədov, Fuad Ələsgərov da iştirak edir

Azərbaycan Ali Məhkəməsinin Plenumu başlayıb.

APA-nın xəbərinə görə, iclasda daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edir.

İclası açıq elan edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumda konkret cinayət işlərinə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqda cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məsələlərinə baxılacağını deyib.

Bildirilib ki, həmçinin İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində yol hərəkəti ilə bağlı qaydalara dəyişiklik edilməsi haqqında Milli Məclisə təklif verilməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Plenumda sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara da baxılacağı gözlənilir.

15:30

 

Ali Məhkəmənin Plenumu günün ikinci yarısında işini davam etdirir.

İclasda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, İctimai Palatanın üzvü İbrahim İbrahimli haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı məsləyə baxılması təxirə salınıb.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə S.Cəlaloğlu və P. Hüseynin vəkili Fuad Ağayev bildirib. Vəkil deyib ki, buna səbəb kimi iclasda məsələ ilə bağlı məruzə edəcək hakimin xəstə olması göstərilib.

Plenumda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarının müzakirə olunub-olunmayacağı isə açıqlanmayıb.

Qeyd edək ki, günün ikinci yarısında Plenum mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar