PA rəhbərinin müavini: "Necə yəni vertolyot "neytral ərazidə'' düşüb?"

Novruz-Memmedov0"Artıq bir həftədir ki, baş vermiş və mahiyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin tam davamı olan bu təxribata həmsədrlər, nəhayət, mövqe bildirmək qərarına gəldilər. Amma təəssüflər olsun ki, onlar öz amplualarındadırlar".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi hərbi təlimlər zamanı baş vermiş insidentlə əlaqədar Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanata münasibət bildirən Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov xatırladıb ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı dünən böyük bir tədbirdə mövqe bildirib: "Onların fəaliyyətinin bu günə qədər bir nəticə verməməyinin səbəbini də açıqladım. Doğrudan da, Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa, onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Məgər onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq birlik, eləcə də təmsil etdikləri ölkələr tərəfindən tanınmış əraziləri 25 ildir ki, işğal altındadır və bu ərazilərdən 750-760 min insan məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar? Amma həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün keçirilir, hansı məqsədlə keçirilir? Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada 40 min erməni qalmayıb".

PA rəsmisi qeyd edib ki, həmsədrlər bütün məsələləri əla bilirlər: "Lakin, qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu birinci dəfə deyil. Necə yəni vertolyot "neytral ərazidə'' düşüb? Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb".

N. Məmmədov həmsədrlərin bəyanatındakı başqa bir məsələyə də diqqət çəkib: "Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər".

PA rəsmisi vurğulayıb ki, həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər: " Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa "siz özünüz razılığa gəlin'' deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər? Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün bütün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar