FTB-nin casusu “Der Spiegel”ə İŞİD-ın uğurunun sirrini açıqladı

“DER SPIEGEL” dərgisi Ali Sufyandan müsahibə götürüb. Bu şəxs ABŞ-ın Federal Təhqiqat Bürosunun (Federal Bureau of Investigation) tanınmış casuslarından biridir.

Məhz onun, Ef-Bi-Ay-a verdiyi məxfi məlumatlar əsasında “əl-Qaidə”nin təşkil etdiyi 9/11 terror aktının əsas təşkilatçılarını həbs etmək mümkün olub.

Alman jurnalı bildirir ki, İŞİD digər terror təşkilatlarından fərqli olaraq sosial şəbəkələrdə ciddi təbliğat kampaniyası aparır. Bu təşkilat uğurlarına görə “Tweeter” və “Facebook” kimi sosial şəbəkələrə minnətdar olmalıdır.

Dərgi qeyd edir ki, Ali Sufyan İŞİD-ın sosial media strategiyasını analiz edib. Müəyyən nəticələrə gəlib. Həmin nəticələrlə bağlı o, deyib: ”İŞİD sosial media ilə çox yaxından ilgilənir. Onlara doğma olan bu mühitin necə işləməsi haqqında geniş bilgiləri var. “İPhone” nəslindən olan gənclərə yetişə bilməyin yolunu hamıdan yaxşı bilirlər. Müxtəlif ölkələrdə müxtəlif sosial şəbəkələrə üstünlük verirlər.

Məsələn, Körfəz ölkələrində ağırlıq “Twitter”in üzərindədir, Suriyada isə “Facebook”dan daha çox istifadə edirlər. Onlar vahid mərkəzdən idarə olunmurlar, ona görə də daha rəngarəng və maraqlı görünürlər. İŞİD ilk terror təşkilatıdır ki, sosial medianın geniş kütlələrə göstərə bildiyi təsirdən öz xeyrinə belə məharətlə yararlanır”.

“Der Spiegel” soruşur ki, İŞİD-ın təbliğat bölümündə nə qədər adamın çalışması haqqında hər hansı bilgilər varmı. Ali Sufyan deyir: ”Bizdə olan məlumatlara görə, İŞİD-ın əlində bloqerlər ordusu var. Yazıçılar və ancaq sosial media üzrə ixtisaslaşmış şəxslər İŞİD-ın xidmətindədir. Bizim araşdırmalar zamanı bəlli oldu ki, təbliğat əsasən körfəzdəki ərəb ölkələrində və Şimali Afrikada aparılır. Bu işin arxasında dayanan əsas fiqur Abu Əmr əl-Şamidir. O, əslən Suriyalı olsa da, Səudiyyə Ərəbistanında doğulub. Biz onu da bilirik ki, 12 mindən çox “Twitter” hesabı İŞİD-lə əlaqədədir. Terror təşkilatı nadir taktikadan istifadə edir. Təbliğatın vahid mərkəzdən idarə olunmaması müsbət nəticə verir. Eyni zamanda İŞİD avtonom çalışan təbliğatçılarının materiallarını daim nəzarətdə saxlayır. Bu, tamam yeni yanaşmadır. Sən müstəqilsən, həm də nəzarətdən də kənarda deyilsən”.

Ali Sufyan qeyd edib ki, bəzən insanlar heç gözləmədikləri halda onlara İŞİD-dən xəbərlər gəlir. Onlar cəlbedici görünən, məsələn, “hashtag #worldcup” kimi mesajları açdıqda oradan İŞİD-ın təbliğat materialı çıxır. İŞİD insanlar arasında populyar olan beynəlxalq tədbirlərdən də geniş şəkildə yararlanır...

“Der Spigel” futbol üzrə dünya çempionatına maraq göstərən şəxslərin İŞİD-ın təbliğatına ciddi maraq göstərməsinə şübhə ilə yanaşdığını bildirir. Ef-Bi-Ay-ın casusu buna cavab olaraq deyir ki, İŞİD göndərilmiş hər 100 mesajdan bir-ikisinə ümid edir. Bu, çox gözəl nəticədir. Düşünün, iyun ayında onların 14 min əcnəbi döyüşçüsü vardı. İndi isə onların sayı 16 min nəfərdən çoxdur. Onlar öz sıralarına Çindən, İndoneziyadan və əlbəttə ki, Avropadan könüllülər cəlb edə bilirlər. İŞİD öz çağırışlarını fərqli dillərdə yayımlayır, hətta kiçik dillərdə belə İŞİD-ın təbliğat materialları var.

“Bəs, İŞİD-ın tutaq ki, Twitter-dəki hesabların bağlamaq olmazmı” sualına cavabda da maraqlı nüanslara diqqət edilir: “Bu çox çətin məsələdir. “Twitter” onların bir hesabını bağlayan kimi, onlar başqa bir hesab açırlar. Vahid mərkəzdən idarə olunmayan və minlərlə tərəfdarı olan böyük bir qrupu nəzarətdə saxlamaq mümkünsüz görünür...Hətta İŞİD “Quitter” kimi tanınmayan sosial mediadan da istifadə edir. Diaspor təşkilatları ilə əlaqə saxlayır. Tutaq ki Polşada qeydiyyatdan keçmiş website vasitəsi ilə link, film və ya xəbərlər paylaşır”.

-İŞİD təbliğat materialların insanlara çatdırmaqda uğurla çalışır. Bu məsələnin bir tərəfi. Bəs nədən bu təbliğat gənclər arasında bu qədər tətəfdar toplayır?

- Gənclərin İŞİD-ə qoşulmasının müxtəlif səbəbləri var. Hazırda İŞİD-ə simpatiya bəsləyənlərin əksəriyyəti 9/11 terror aktını uşaq ikən izləyənlərdir. Ortada yeni bir nəsil var. Onların beynəlxalq cihada münasibəti də fərqlidir. Onların nəzərində “əl-Qaidə” köhnə kişilərin toparlandığı mərkəzdir. “Əl-Qaidə”nin yeni lideri Ayman əl Zəvahiri Usama bin Ladendən fərqli olaraq xarizmalı lider deyil. Ancaq İŞİD yeni və müasirdir. Onların uğurunun səbəbi də onlara qoşulan yeni gənc nəsildir. Baxmayaraq ki, Usama bin Laden onların da qəhrəmanıdır. Onun fotosunu bir çox İŞİD-ə bağlı şəxslərin səhifələrində görmək olar. İdeologiya eynidir, ancaq strategiya fərqlidir.

Dərginin son sualı aktuallığı ilə seçilir:- “İŞİD-i hansı vasitələrlə məğlub etmək olar”. Dünyaca ünlü casus deyir: “Bizim problem ondadır ki, 9/11 terror aktından sonra bizim ideologiya ilə savaş strategiyamız olmayıb. Bizim taktikamız o olub ki, təhlükədən kənarda qalaq, terrorçuların planının üstün açmaqla, onları aradan götürək, həbs edək və onların liderlərin öldürək, hətta bin Ladeni də. 2004-cü ildə bin Ladenin ətrafında 400 nəfər vardı. Bu gün isə İŞİD-ın minlərlə döyüşçüsü var, tərəfdarları isə saya gəlməz. Və onlar dünyanın hər yerində mövcuddur. Bədbəxtçilikdən bu belədir. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar