Prezidentdən Viza sərəncamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında turizmin inkişafı istiqamətində görülən mühüm işlər nəticəsində ölkəmizə gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artması vizaların verilməsi prosesinin daim təkmilləşdirilməsini zəruri edir.

Vizaların verilməsi işinin daha səmərəli təşkili məqsədi ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb:

-Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması;

-“Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi;

- “Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması;

- Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi;

- “Viza” altsisteminin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması;

- “Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi.

Bundan başqa Nazirlər Kabinetinə Sərəncamda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratmaq, vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxmaq, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görmək tapşırılıb.

Sərəncam ilə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün mütəmadi treninqlərin keçirilməsini təşkil etmək tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar