QUBERNATOR ƏDALI RUSİYA SƏFİRİ GETDİ – Azərbaycan mediasını sevməyən Boçarnikovu kim əvəz edəcək?

Ukraynaya qarşı işğalçılıq müharibəsi təkcə Rusiya cəmiyyətinin, siyasi elitasının, ordusunun yox, diplomatiyasının da hansı bərbad, acınacaqlı durumda olduğunu ortaya qoydu. Buna görə hazırda Rusiya XİN başçısı Sergey Lavrov dünyada ən hörmətsiz, qeyri-adekvat, sözünün çəkisi olmayan diplomatlardan biri sayılır. Bu “statusu” çoxdan haqq etmiş Rusiya XİN başçısı Ukrayna müharibəsinin başlamasından sonra öz layiqli yerini daha sürətlə almağa başladı...

Rusiya diplomatiyasının Azərbaycandakı baş təmsilçisi – səfir Mixail Boçarnikov ölkəmizdəki fəaliyyətini başa vurub. Bu gün Azərbaycan XİN başçısının qəbul etdiyi səfir vəzifəsilə vidalaşıb və yola salınıb.

Boçarnikov 2018-ci ilin maya ayından Rusiyanın Azərbaycandakı səfiri olub. Buna qədər Yunanıstanda və Qazaxıstanda səfir, 2003-2006-cı illərdə isə Rusiya XİN-in gürcü-abxaz münaqişəsi üzrə xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.

Azərbaycandakı fəaliyyətinə gəlincə, Boçarnikov Rusiya diplomatiyasının, həmçinin özünün mahiyyətini son bir ildə daha qabarıq şəkildə büruzə verdi. Bəzi epizodlarda özünü az qala Rusiyanın Azərbaycandakı qubernatoru, canişini kimi hiss edən səfir heç də statusuna uyğun olmayan açıqlama və davranışlara yol verdi.

Onun Azərbaycana “dost” münasibətini göstərən faktlardan biri bu ilin əvvəlində İrandakı Azərbaycan səfirliyinə terror hücumu baş verəndən sonrakı dövrə təsadüf etdi. Həmin vaxt Azərbaycan İrandakı səfirini bu ölkədən çıxardı, səfirliyin fəaliyyəti dayandırıldı.

Bundan sonra İranın bu vəhşi terror aktına etiraz əlaməti olaraq, molla rejiminin Azərbaycandakı səfiri heç bir dövlət tədbirinə, eləcə də xarici səfirliklər tərəfindən Bakıda keçirilən müstəqillik günü tədbirlərinə dəvət olunmadı. Həmin bu dönəmdə məhz Rusiya səfiri M.Boçarnikov nümayişkaranə şəkildə İran səfiri Seyid Abbas Musəvi ilə görüşərək, onunla guya “Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3” təşəbbüsünü, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, Şimal-Cənub dəhlizini” və s. bu kimi mövzuları müzakirə etdi. Əslində isə bu, sadəcə İranın heç bir beynəlxalq hüquq və normalara, qanunlara sığmayan terrorçu hərəkətlərinə və molla rejiminə açıq dəstək jesti idi. Bununla da Rusiya səfiri bir daha Azərbaycana gerçək münasibətini və öz ölkəsilə İran rejiminin eyni mahiyyətə malik olduğunu göstərdi...

Bundan bir müddət sonra - mart ayının sonunda səfir Boçarnikov bir qədər də irəli gedərək, Azərbaycan mətbuatını Ukrayna müharibəsində tutduğu mövqeyə və Rusiyanı ittiham etdiyinə görə tənqid etdi, hətta bununla bağlı dövlətimizə irad bildirdi: “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq”. 

Bu açıqlaması ilə Boçarnikov Sergey Lavrovdan, dünyanı nüvə silahı ilə hədələyən BMT-dəki səfirindən və digər rus diplomatlarından fərqlənmədiyini göstərdi. Hansı ki, yad bir ölkənin səfirinin özünün qubernator ədası ilə Azərbaycan mətbuatına qarşı “ölçü götürülməsini” tələb etməyə, hakimiyyətə mətbu orqanların cəzalandırılmasına dair göstəriş verməyə heç bir ixtiyarı yox idi, yoxdur və heç zaman da olmayacaq!

Bu dövr ərzində Ermənistandakı Rusiya səfiri ilə bizdəki səfirin davranışları və açıqlamaları arasındakı fərqlərə fikir versək, Qafqazdakı rus diplomatiyasının simasını görərik. Ermənistandakı səfir çox zaman ermənilərin maraqlarını o dərəcədə müdafiə edir ki, anlamaq olmur, danışan rus səfiridir, yoxsa daşnak partiyasının siyasi bürosunun üzvü. Boçarnikovun isə heç olmasa görüntü, nəzakət xatirinə hardasa Azərbaycan təəssübkeşliyi etdiyinə rast gəlmədik. Əksinə, “çətin gündə” İran səfirinə dayaq durmaqla və bizə hədə-qorxu gəlməklə məşğul oldu...

Boçarnikovun artıq 75 yaşı var. Onun bu yaşdan sonra harasa səfir göndəriləcəyi inandırıcı deyil və yerinə kimin təyin olunacağını da hələ ki, bilinmir. Yeni səfirin də mahiyyət etibarilə sələfindən fərqlənməyəcəyi şübhə doğurmur, çünki Rusiyanın Qafqaz siyasəti dəyişməz olaraq qalır. Ancaq istənilən halda, Rusiyanın sivil dünyanın haqlı olaraq onu “izqoy”, işğalçı, hətta terrorçu dövlət kimi gördüyü indiki dövründə belə bir ölkənin səfiri olmaq heç bir vicdanlı insana, diplomata baş ucalığı gətirmir...

Çətin ki, Boçarnikov indiyə qədər səfir olduğu və bəlkə də olacağı ölkələrin hansındasa Azərbaycandakı qonaqpərvərliyi, insanpərvərliyi görüb, yaxud görəcək və təəssüf ki, bizim qonaqpərvərliyimiz bəzən layiq olana da göstərilir, olmayana da...

Cəlal Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

dronqo 2023-06-12 20:10:25

qubernator həzrətləri nazir müavini Xalaf Xalafovun kuratoru idi.

Vuqar Memmed.oglu 2023-06-11 11:31:51

Mövcud putin hokumətinin yeritdiyi iyrənc ,yalançı siyasəti yeritməyə məhkumdur təyin olunanlar burda qeyri-adi bir şey yoxdur! Dünyada gedən müsbət inkişaf tendesiyalarini guya görməyən qəbul etməyən və özünü guya Dünyanın ..ağası..sayan birinin idarə etdiyi dövlətdən bundan artıq nə gözləyəsən ki?

Yamən Azəri 2023-06-11 09:40:14

Ay Velikiy Yazar və Şərhçi Roma, bu düşüncə və hədələri biz Qarabağ terrorçularını və arxalarını bir-bir mühakimə ilə doğma hüquqlarımızı BMT TŞ qətnaməsi bərpa iddiası əvəzinə hansısa razılaşma və sülh bəraətinə razılıqla reallığa-dilə gətirmirikmi? İşğalçı da, soyqırım terrorçusu cinayətkar və ətrafı ortaq deyilmi?

Roma 2023-06-10 10:24:39

Bütün bu yazılanlar hamısı düz...ancaq burda istər Boçarnikov və ya hər hansı bir İvanov-Petrov-Sidorovun olmasından asılı olmayaraq hamısı Kremldən aldığı tapşırığ-proqramnan hərəkət edəcəklər. Məsələn üzdəniraq "sülhməramlılar" Qarabağ ermənilərinə ərzaq, hərbi sursat və s. daşımağla məşğuldurlar...

Son yazılar