PUTİNİN ZALUJNI QORXUSU - Onun adını eşidəndə Kremlin sahibini “çaşdıran” nədir? + VİDEO

Vladimir Putinin Rusiyanın Ukraynadakı işğalçı müharibəsini təbliğ edən “hərbi müxbirlər”lə son görüşündə maraqlı epizodlar yaşanıb. Bu epizodlardan biri Putinə Ukrayna silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı ilə bağlı sual verilərkən qeydə alınıb.

“AzPolitika.info” xəbər verir ki, jurnalistlərdən biri gözlənilmədən Putindən “Zalujnı hardadır”, - deyə soruşub. Çaşqınlığını gizlədə bilməyən Rusiya başçısının “dili topuq vurub” və jurnalistin sualını özü-özünə təkrar edib: “Hardadı Zalujnı? Mən, mən, mən… mən bilirəm. Mənə elə gəlir ki, mən bilirəm. Onun özündən soruşun… ancaq bunun üçün xarici dilə keçmək lazım olacaq. Mənə elə gəlir ki, o, xaricdədir. Ancaq mən səhv edə bilərəm…”

Suala caavb verərkən qeyri-səmimi və süni sifət alan Putinin rənginin qızarması gözdən yayınmayıb. O, guya hər şeydən xəbərdar olduğu görüntüsü yaratmağa çalışsa da, onun bu “rolu” elə də uğurlu alınmayıb.


Zalujnının xüsusilə də indiki vacib, həlledici dönəmdə Ukraynada olduğu və əks-hücum əməliyyatına rəhbərlik etdiyi heç bir şübhə doğurmur və hazırda onun Putinin dediyi kimi, Ukraynanı tərk etməsi üçün heç bir əsası da yoxdur. Rusiya qoşunları Kiyevin həndəvərində durarkən paytaxtı tərk etməyən generalın indiki məqamda Ukraynada olmadığı iddiası absurd görünür.

Ümumiyyətlə, Rusiya başçısı bu görüşdə dolaşıq, rabitəsiz, bir-birilə ziddiyyət təşkil edən ifadələr işlədib. Onun Zalujnı barədə dedikləri də bu qəbildən olub. O da məlumdur ki, Putinə nəinki bütün dünyada, elə Rusiyanın özündə də inananların sayı durmadan azalmaqdadır və onun sözü çoxdan öz çəkisini, dəyərini itirib.


Məsələ ondadır ki, Putinin Ukrayna ilə bağlı xəyallarını, planlarını alt-üst edən başlıca fiqurlardan biri də məhz general Zalujnıdır. İşğalçı ordunun Kiyev ətrafından, Xersondan qovulmasının, Xarkov vilayətindəki mükəmməl əks-hücum əməliyyatının banisi məhz Zalujnı hesab edilir. Ukrayna ordusunun Baş komandanının gözlənilməz və çox uğurlu əməliyyatlar hazırlaması, doğru hərbi qərarlar verməsi, bir sözlə, danılmaz sərkərdəlik bacarıqları Rusiyanın Ukraynadakı uğursuzluğunun əsas səbəblərindən biridir.

Xatırladaq ki, Zalujnı müharibənin əvəlində Kiyevin müdafdiəsi planını nəinki Qərb tərəfdaşlarndan, ABŞ-dan, hətta Prezident Volodimir Zelenskidən belə gizlətmişdi və sonradan bu barədə Qərb mətbuatı kəşfiyyat orqanlarına istinadla məlumat yaymışdı.

Əlbəttə ki, Zalujnının malik olduğu keyfiyyətlərin çoxu Putinin üzdən bər-bəzəkli, lakin içi boş və korrupsiyalaşmış generallarında yoxdur. Yeri gəlmişkən, Zalujnı Ukrayna cəmiyyətində Prezident Zelenski qədər populyardır və böyük rəğbətlə qarşılanır. Onu bu və digər cəhətlərinə görə Putinin Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və digər generallarla müqayisə etmək belə mükün deyil. Elə hazırkı Ukrayna əks-hücumunun da kilid ismi məhz Zalujnıdır. Bütün bunlar Putinin Zalujnı barədə danışarkən dilinin topuq vurmasında ciddi rol oynayan amillərdir…

Xatırladaq ki, bir müddət əvvəl Rusiya KİV-ləri, Kremlin təbliğatçıları, hətta rəsmi şəxslər Zalujnının guya məhv edildiyini, yaxud ağır yaralandığını bəyan etmişdilər. Ancaq sonradan şəxsən kamera qarşısına çıxan Ukrayna ordusunun komandanı bütün bu “feyk” məlumatları alt-üst etdi. Elə Putinin Zalujnı barədə son “sensasiyalı” açıqlamasını da eyni tale gözlədiyi şübhəsizdir.

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar